Keçmiş Quantanamo məhbusu daxili işlər nazirinin müavini oldu

12:30 16.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Keçmiş Quantanamo məhbusu Molla Məhəmməd Nəbi Öməri Əfqanıstan İslam Əmirliyi Daxili işlər naziri Siracuddin Hakkaninin müavini təyin edilib.

Hafta.az-ın yazdığına görə, azadlığa çıxandan sonra Öməri əvvəlcə Talibanın Siyasi İdarəsində vəzifəyə başlayıb, sonra yeni yaradılmış İslam Əmirliyinin tərkibində Xost vilayətinin qubernatoru olub.

Məlumdur ki, İslam Əmirliyinin administrasiyası tez-tez inzibati və siyasi vəzifələrdə dəyişikliklər edib və bu ənənə 1996-cı ildə ilk hakimiyyətə gəldikdən bəri davam etdirilməkdədir. Bu, idarəçilərə müxtəlif sahələrdə təcrübə qazandırmaq, hər hansı menecerin uzun müddət bir bölgədə qalmasının və özünə şəxsi güc sahəsi yaratmasının qəti şəkildə qarşısının alınması məqsədi daşıyır.

Qeyd edək ki, Molla Məhəmməd Nəbi Öməri 12 ilə yaxın ABŞ-ın Quantanamo həbsxanasında 832 seriya nömrəsi ilə həbsdə yatıb.

Öməri 1968-ci ildə Əfqanıstanın Xost vilayətində doğulub. O, ABŞ-ın işğalından sonra tutulub və 28 oktyabr 2002-ci ildə Quantanamo həbsxanasında məhbus həyatına məhkum edilib.

Molla Məhəmməd Nəbi Öməri heç bir ittiham irəli sürülmədən Quantanamoda qeyri-müəyyən müddətə saxlanılan, daha sonra "Taliban" tərəfindən oğurlanan və ABŞ ordusunun zabiti Serjant Bove Bergdahl ilə dəyişdirilən Əfqanıstanın beş ən yaxşı simasından biridir.

ABŞ kəşfiyyatının məlumatına görə, Molla Məhəmməd Nəbi Öməri Talibanın digər strukturlarla əlaqəsinə cavabdehlik daşıyıb və "Əl Qaida"a ilə əlaqəli olub.

Ömərinin oğullarından biri də ABŞ ordusu ilə müharibədə öldürülüb.