Ermənistan tərəfi regionda Rusiyanın təşəbbüsü ilə əldə olunan atəşkəs rejiminin tələblərinə əməl etmir. Azərbaycan sərhədləri Ermənistan tank və 120 millimetrlik minaatanlarından atılan atəşlə pozulur. Kəlbəcər rayonu ərazisində iki hərbçimizin yaralanması vəziyyətin heç də sabit olmadığını göstərir.
Bəs regionda sülhün qorunması ilə bağlı təminatı üzərinə götürən dövlətlər, beynəlxalq təşkilatlar niyə susur və baş verən atəşkəs pozulması halları prosesi hara aparır?
Vəziyyəti hafta.az-a şərh edən politoloq Qabil Hüseynli bildirir ki, Ermənistanı müharibəyə təhrik edən qızışdırıcı qruplar, artıq “Qarabağ klanı” çərçivəsindən kənara çıxıb. O, hesab edir ki, ermənilərin Kəlbəcərdə və digər sərhəd rayonlarımızda atəşkəsi pozaraq hərbçilərimizin yaralanması, şəhid olması ilə müşahidə olunan hadisələr regionda sabitliyin pozulmasına, gərginləşməsinə yönəlik hərəkətlərdir ki, bunun da bir ucu xarici dövlətlərə gedib çıxır.
“Xüsusilə Fransa erməniləri regionda sabitliyin pozulmasında, sərhədlərdə atışmaların intensivləşməsində ruhlandırıcı rol oynayır. Fransa Avropa İttifaqında Ermənistana 2,6 milyard avronun ayrılması təşəbbüskarlarından biri olub. Avropa İttifaqı Şurasının sədri Mişel cənabları da Fransanı təmsil edir. Ümumiyyətlə, bu saat fransızlar Avropada ermənilərin böyük dayağına çevriliblər və bundan ruhlanaraq həm ordunun ruhunu qaldırmaq, həm də Azərbaycana müəyyən təzyiqlər göstərmək üçün belə sərhəd toqquşmalarını təşkil edirlər. Yəni ermənilər bu cür hərbi quldurluqla “biz varıq, döyüşməyə hazırıq” kimi çağırışlar edirlər. Amma onlar çox ciddi surətdə yanılırlar və bilirlər ki, yeni toqquşmalar artıq ermənilərin sıradan çıxarılmasına və hətta dövlətçiliklərinin də təhlükə altına düşməsinə gətirib çıxaracaq. Azərbaycan hələ ki, ermənilərin bu həyasızlığına dözümlü yanaşır”.
Politoloq bildirir ki, Azərbaycan regionda sülhün bərpası istiqamətində apardığı siyasətə sadiqdir, lakin ermənilərin bu cür hərbi təxribatlarının qarşısını yetərli cavab reaksiyası ilə susdurur. Onun sözlərinə görə, Azərbaycan Ordusu Kəlbəcərdə baş verən son atəşkəsin pozulması nəticəsində iki nəfər hərbçimizin yaralanmasına görə də öz layiqli cavabını verib. Politoloq hesab edir ki, əgər məsələ regionda sülhün təmin edilməsidirsə, Azərbaycan tərəfi daha çox bu ideyanın üzərində dayanır və hələ ki, Ermənistanın hərbi müdaxilələrini sadəcə cavab atəşi ilə susdurur.
“Azərbayacan tərəfi ermənilərin hərbi müdaxiləsinə sarsıdıcı zərbə vurub. Bəzi mənbələrə görə sərhəddə atəşi pozan 11 erməni hərbçidən 4-ü xaricdən gətirilən müzdlu olub. Ermənilərin özlərinin etirafına görə, 3 nəfər həlak olub. Yəni iki hərbçimizin yaralanmasının əvəzində biz onlardan amansız intiqam aldıq. Yəni separatçı ermənilərin cavabı verilir və atəşkəsin pozulduğu nöqtələr susdurulur. Eyni zamanda, Azərbaycan ciddi surətdə antiterror əməliyyatlarına hazırlaşır”.
Politoloq Ermənistan sərhədindən Azərbaycan sərhədçilərinin atəşə tutulması hadisələrində Rusiya sülhməramlılarının hansısa təsirə malik olmadığını bildirib. Onun sözlərinə görə, sülhməramlılar Azərbaycan ərazisində sülhün qorunması missiyasını həyata keçirməlidir.
“Ermənilər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələrini prosesə cəlb etmək, Azərbaycanı Rusiya ilə toqquşdurmaq üçün vəziyyəti gərginləşdirmək istəyirlər, amma bu alınmayacaq. Rusiyanın özü də hadisələrdə kimin təşəbbüskar olduğunu, kimin aranı qızışdırdığını çox yaxşı bilir”.
Q.Hüseynli bildirir ki, ermənilər sərhəddə atəşkəsi pozmaqla, həm də ATƏT-in Minsk qrupunun yenidən aktivləşdirilməsinə çalışır.
“ATƏT-in yenidən vasitəçilik etməsi ermənilərin tələbidir və Rusiya, Fransa, ABŞ bunu müdafiə edir. Azərbaycan isə açıq surətdə bəyan edir ki, ATƏT-in Minsk qrupunun proseslərə qarışmağına ehtiyac yoxdur. 28 il bu işlə məşğul olsalar da, heç bir nizamlamaya nail olmadılar. Onların işini Azərbaycan Ordusu 44 gün ərzində həyata keçirdi. İndi ATƏT-in Minsk qrupunun Qarabağda görəcəyi bir iş qalmayıb. Ona görə də Azərbaycan bu qrupun prosesə qatılmasını yenidən həmin ermənipərəst siyasi xəttin canlanması və proseslərə arzuolunmayan məsələlərin daxil edilməsinin daşıyıcıları kimi baxır”.
Politoloq hesab edir ki, erməni həyasızlığına son verilməsi üçün Azərbaycan müəyyən məqamları nəzərə alaraq öz Dəmir Yumruğunu hazır saxlamalıdır.
“Azərbaycan mövcud geosiyasi vəziyyəti nəzərə alaraq, Ermənistan ərazisinə daxil olmaq üçün hərbi əməliyyatlara başlaya bilməz. Ümid edirik ki, Ermənistan sülhün imzalanması çağırışlarına atəşlə yox, sazişlə reaksiya verəcək. Etiraf etmək lazımdır ki, Rusiya da bu istiqamətdə çalışır. Yəni sülh danışıqları prosesinin başlaması ilə prosesləri aparmaq olar. Ermənistan gah ATƏT-in fəaliyyətini, gah status məsələsini ortaya atmaqla yenidən qeyri-konstruktiv və davakar mövqe tutmağa başlayıb. Düşünürəm ki, hər bir məsələnin öz vaxtı var. Azərbaycan qarşısında dayanan bütün maneələrin uğurla həll edilməsinə nail olacaq. Hələ ki, ermənilərin arxasında böyük qüvvələr çıxış edir. Azərbaycan erməni silahlılarını öz ərazilərindən çıxarmaqla məşğul olarkən beynəlxalq təşkilatlar ölkəmizi nələrdə təqsirləndirmədilər?! Ona görə də Azərbaycan bütün Xristian dünyasına qarşı çıxış edə bilməz. Açıq xaç yürüşləri ideologiyası ilə Azərbaycana qarşı xoşagəlməz bir təbliğatın başlanğıcını qurmağa çalışırlar. Yaxşı ki, bir çox dost dövlətlər Azərbaycanın haqq səsini eşidir və dəstəkləyir”.