Kəlbəcərdə yol qəzasında həlak olan hərbçilərdən birinə şəhid statusu verilib

16:49 07.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin avqustun 13-də Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı həlak olan Azərbaycan ordusunun hərbi qulluqçusuna şəhid statusu verilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətindən (SHXÇDX) hafta.az-ın sorğusuna cavab olaraq bildirilib ki, SHXÇDX Yevlax rayon şöbəsinə aidiyyəti hərbi hissədən daxil olan 25.09.2021-ci il tarixli 3099 nömrəli məktubda, çavuş Cəfərov Anar Müstəqim oğlunun 13.08.2021-ci il tarixdə Kəlbəcər rayonu, Yanşaq yaşayış məntəqəsində yerləşən bölmənin döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı xidməti vəzifələrini icra edərkən yük avtomobilinin dərəyə aşması ilə nəticələnən avtomobil qəzasında “kəllə tağının sınığı, kəllə əsas sınığı, baş beynin diffuz travması”ndan hadisə yerində həlak olması bildirilib: “Qeyd olunanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı yarımbəndinin tələblərini nəzərə alaraq, mərhum Cəfərov Anar Müstəqim oğlu şəhid, onun ailəsi isə şəhid ailəsi hesab edilir”.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qəza zamanı həlak olan çavuş Cəfərov Anar Müstəqim oğlunun ailəsinə şəhid vəsiqəsi təqdim olunub: “Hazırda ailəyə digər təminatlar verilməsi həyata keçirilir”.

 

Qeyd olunub ki, qəza zamanı həyatını itirən leytenant Həsənli Eldar Müşfiq oğlu isə hazırda rəsmi şəhid statusu almayıb. Sözügedən hərbçimiz şəhidlik statusu aldıqdan sonra ailəsinə vəsiqə və digər təminatların verilməsi təmin olunacaq.

 

Xatırladaq ki, bu ilin avqust ayının 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Müdafiə Nazirliyindən bildirilib ki, hadisə nəticəsində hərbi qulluqçular - leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olub.

Oxunma sayı 28