Bu gün Ermənistan Məclisində Ermənistan və Qazaxıstan hökumətləri arasında diplomatik nümayəndəliklərin tikintisi üçün torpaq sahələrinin qarşılıqlı şəkildə verilməsi haqqında sazişin təsdiqi haqda qanun layihəsini müzakirə edilib.
Hafta.az Armenpress-ə istinadən yazır ki, layihə Məclisin növbədənkənar iclasında Ermənistan Respublikası xarici işlər nazirinin müavini Mnatsakan Safaryan tərəfindən təqdim edilib. Sazişə əsasən, Ermənistan tərəfi Qazaxıstana Yerevanın Admiral İsakov prospektində yerləşən ümumi sahəsi 0,33 hektar olan torpaq sahəsini 49 il müddətinə səfirlik bina və qurğularının tikintisi üçün verəcək.
Torpaq üçün icarə haqqı ildə simvolik 1 dram olacaq. Öz növbəsində, Qazaxıstan tərəfi Ermənistana Astananın Arganat küçəsində yerləşən 0,33 hektar torpaq sahəsini də 49 il müddətinə səfirliyinin bina və qurğularının tikintisi üçün verəcək. Bu sahənin icarə haqqı da simvolik olacaq - ildə 1 təngə.
Mnatsakan Safaryan qeyd edib ki, torpağı icarəyə götürən tərəfin onu genişləndirmək, satmaq, mülkiyyət kimi vermək, yaxud üçüncü tərəfə icarəyə vermək və ya subicarəyə vermək hüququ olmayacaq. Məruzəçinin sözlərinə görə, razılaşma Ermənistanla Qazaxıstan arasında ikitərəfli siyasi dialoqun və praktik əməkdaşlığın dərinləşməsinə, eləcə də diplomatik nümayəndəliklərin səmərəliliyinin artırılmasına töhfə verəcək.