Kişinyov hava limanında sərnişin iki nəfəri öldürdü - “Vaqner”çi olduğu deyilir  

20:50 30.06.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Cümə günü, iyunun 30-da  axşam saatlarında Moldovanın paytaxtı Kişinyovun hava limanında sərnişinlərdən biri atəş açıb. Xüsusi təyinatlılar binaya basqın etməyə hazırlaşır.

Hafta.az Ukraynanın “NV” nəşrinə istinadla xəbər verir ki, Moldova Daxili İşlər Nazirliyi atışma nəticəsində iki nəfərin həlak olduğunu bildirib.

Yerli “Pulsmedia”-nın məlumatına görə, Kişinyov hava limanında atəş açan şəxs “rusdur və "Vagner" özəl hərbi şirkətindəndir”. Bu məlumatı rəsmi olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları şərh etməyiblər.

Baş Polis Müfəttişliyinin rabitə şöbəsinin rəisi Dayana Fetko nəşrə hava limanında atışmalarla bağlı məlumatı təsdiqləyib. "NewsMaker" onu da yazır ki, təsdiqlənməmiş məlumatlara görə, atışma nəticəsində sərhəd polisi yaralanıb.

"ZdG" nəşri xəbər verir ki, hava limanında bir nəfər havaya bir neçə dəfə atəş açıb. Bundan sonra o, hava limanının binalarından birində barrikada qurub. Aeroport binasından insanlar təxliyə edilib.

Güman edilir ki, həmin kişi  aeroport gömrüyündən Moldovaya buraxılmayıb, nəticədə atışma başlayıb.

Moldova xüsusi xidmət orqanları bildiriblər ki, onlar artıq şübhəlinin yerləşdiyi binaya basqın etməyə hazırlaşırlar.

Bu arada Ukrayna Xarici İşlər Nazirliyi hava limanında vəziyyəti izlədiklərini bildirib. Diplomatlar təfərrüatları əldə etmək,  hadisə yerində ukraynalıların mövcudluğunu öyrənmək üçün Moldova hakimiyyəti ilə əlaqə saxlayır.