Ermənistan Milli Asambleyasının sədri Alen Simonyan hakim “Vətəndaş sazişi” partiyası üzvlərinin keşiş Baqrat Srbazanın barışıq prosesini qəbul edib ona doğru addım atmasını absurd hesab edib.
Hafta.az xəbər verir ki, erməni spiker bunu parlamentdə jurnalistlərlə mətbuat konfransında söyləyib.
“Bu absurddur, mənim üçün kilsənin və ya din xadiminin siyasətlə məşğul olması olduqca qəbuledilməzdir. Bibliyada- Müqəddəs Kitabda da deyilir: “Atamın evini ticarət evinə çevirməyin”, siyasət ticarətdir. Başqa sözlə, sizcə, biz beynəlxalq tərəfdaşlarımızla danışıqlar apararkən siyasi sövdələşməyə getmirik? Kilsə isə öz işini tərk edərək ticarətlə məşğul olur. Kilsənin liturgiyanı siyasi mitinqlərə çevirməsi mənim üçün qəbuledilməzdir”, - deyə parlament sədri bildirib.
“Martın 1-də Robert Köçəryan insanları güllələyəndə insanlar katolikosun yanına getdilər, o, heç nə etmədi, heç bayıra da çıxmadı. Amma dediklərim kilsənin bütün elitasına aid deyil, onların arasında ləyaqətli insanlar da var ”, - deyə Simonyan vurğulayıb.