Küçələrdə açıq ərzaq satışı: Koronavirus təhlükəsi varmı?- FOTOREPORTAJ

11:42 04.03.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Koronavirusla bağlı ölkədə ən qabaqcıl təhlükəsizlik tədbirləri görülür.  Dünən Prezident koronavirusla bağlı çıxış edib. Dövlət başçısı bildirib ki, koronavirus şübhəsi ilə karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələ ki, heç bir xəstəlik əlaməti aşkarlanmayıb:

"Əgər onların sağlamlığı normal olarsa, lazımi müddətdən sonra evlərinə buraxılacaqlar. Hesab edirəm ki, bu günə qədər bu məlumat kifayətdir. Eyni zamanda göstəriş verilib ki, bu məsələ ilə bilavasitə məşğul olan bütün səhiyyə orqanlarının nümayəndələri - Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi müntəzəm olaraq vətəndaşları məlumatlandırsınlar".

Maraqlıdır ölkədə açıq ərzaq satışları koronavirusa yoluxma təhlükəsi yaradırmı?

Küçələrdə, metro çıxışlarında hər növ ərzaqlar – xüsusilə də balıq və quş əti məhsullarının satışı həyata keçirlir.

Ümumdünya Heyvan Sağlamlığı təşkilatı (OİE) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni yayılmış “2019 novel koronavirus” (2019-nCoV) virusunun heyvanmənşəli olması qənaətinə gəlmişdir. Belə ki, hazırkı epidemiyanın və əvvəlki illərdə yayılmış oxşar MERS (Middle East respiratory syndrome - orta şərq tənəffüs sindromu) və SARS (Severe acute respiratory syndrome - ağır kəskin tənəffüs sindromu) epidemiyalarının yaranmasında heyvanların, heyvanmənşəli məhsulların, o cümlədən balıq və dəniz məhsullarının rolu olduğu artıq öz təsdiqini tapmışdır.

Hafta.az olaraq şəhərin müxtəlif yerlərində belə açıq satışlarla maraqlandıq. Satıcılar hallarından məmnundurlar. Onlar iddia edirlər ki, heç də təhlükəli bir şey yoxdur:

“Bu vaxta qədər açıq yerlərdə satış etmişik. Hansısa xəstəlik törədib? Yox, elə bir şey olmayıb. Koronavirus da belə şeylərdən yayılmaz”.

Digər satıcılar da öz həmkarları ilə həmfikirdirlər. Hesab edirlər ki, heç bir təhlükədən söhbət gedə bilməz.

Alıcılar da deyir ki, elə şeylər vardır ki, marketlərdə baha qiymətə təklif olunur. Burada isə heç olmasa ucuz almaq olur:

“Xüsusilə meyvələr marketlərdə çox bahadır. Amma yol kənarlarında belə satışlarda ucuzdur. Ola bilsin xəstəlik mənbəyi olsun. Amma nə etməli... Yarmarkalarda deyirlər ucuz olur. Amma biz o yarmarkaların bazardan elə də fərqlənmədiyini görmüşük”.

Azərbaycan Qida Təhlükəsizlik Agentliyindən (AQTA) bildirdilər ki, Ümümi Səhiyyə Təşkilatı (ÜST) koronavirusun qidadan keçmə təhlükəsinin olmadığını deyib:

“Koronavirusun yoluxması ilə bağlı ÜST-ün açıqlamaları var. Bu virusun necə yoluxması artıq açıqlanıb. Ona görə də fərqi yoxdur, açıq və ya qapalı şəraitdə satılan ərzaqlardan virusun yoluxması baş versin”.

Tibb  eksperti Rasif Bağırov açıqlamasında dedi ki, bişmiş qidalarda heç bir qorxu yoxdur, bişməmişlərdə isə bu risk aşağıdır, bundan çəkinməyə dəyməz:

"Bu virus da ən çox damcı üsulu ilə yayılır. İnsanlar danışdıqda ağızdan sıçrayan su vasitəsi ilə yayılır. Qidalara qaldıqda isə, bu, risk azdır. Çünki açıq satılan qidalar bişirilir. Bişirildikdə isə viruslar ölür. Açıq satılan meyvələrdə  isə ola bilər olsun. Çünki insanlar toxunurlar və çiy halda yeyilir. Ancaq bu hal da çox az ola bilər. Çinin özündə bu qədər ölüm faktı qeydə alınıbsa, başqa dövlətə keçibsə bu ərzaqdan əlavə, əsasən insan vasitəsi ilə yayılıb. Bu gün Azərbaycanda qrip virusları artıb. Səhiyyə Nazirliyi müəyyən etməldir ki, bu hansı qrip virusudur. Çünki qrip virusları çoxdur. Yəni bu gün ölkədə insanların yoluxduğu virusun da adı xalqa açıqlanmalıdır. Onu da deyim ki, bu gün Azərbaycanda yayılan virus heç də orqanizmə koronavirusdan az zədə vermir”.