İcra məmurlarının ilk test imtahanında 500-dən çox namizəd iştirak edir. İl ərzində bu tipli imtahanların ən azı bir dəfə keçirilməsi planlaşdırılır.
Bu barədə AZƏRTAC-a açıqlamasında ədliyyə nazirinin müşaviri, Müsabiqə Komissiyasının sədri Seyfəlpaşa Əliyev bildirib.
O qeyd edib ki, icra məmuru vəzifəsinə qəbul qaydalarında edilən dəyişikliklərin əsas məqsədi bu peşəni daha geniş namizəd dairəsi üçün əlçatan etmək, sahə üzrə kadr potensialını gücləndirmək və vəzifələrin müxtəlif ixtisas məzunları hesabına komplektləşdirilməsini həyata keçirməkdir.
Onun sözlərinə görə, mövcud qanunvericiliyin tələblərinə əsasən, indiyədək icra məmuru vəzifəsini tutmaq üçün yalnız ali hüquq təhsili tələb olunurdu. Bu yanaşmanın müsbət tərəfləri olsa da, təcrübədə müəyyən çətinliklər yaradırdı. Belə ki, ölkədə hüquq təhsili məzunlarının sayı əmək bazarının tələbatını tam ödəmirdi. Eyni zamanda, aparılan təhlillər və beynəlxalq təcrübə göstərirdi ki, bir çox ölkələrdə icra məmuru funksiyalarını hüquqşünaslarla yanaşı, digər ixtisaslardan olan şəxslər də yerinə yetirirlər.
Seyfəlpaşa Əliyev qeyd edib ki, bu yanaşmadan irəli gələrək Azərbaycanda da həmin modelin tətbiqinə qərar verilib. Qeyri-hüquqşünas namizədlərin prosesə cəlb edilməsi zamanı bilik fərqini aradan qaldırmaq üçün xüsusi mexanizm tətbiq olunur. Test imtahanını uğurla keçən namizədlər minimal hüquqi biliklərə malik olduqlarını nümayiş etdirirlər. Daha sonra söhbət mərhələsində onların bilikləri yenidən qiymətləndirilir.
Müsabiqə Komissiyasının sədri əlavə edib ki, yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə hazırlanmış üç aylıq təlim proqramına hüquqi biliklər, rəqəmsal bacarıqlar, etik davranış qaydaları və digər mühüm istiqamətlər daxildir. Bu proqramı uğurla başa vuran namizədlər icra məmuru peşəsinə tam hazır olurlar. Onun sözlərinə görə, əsas məqsəd keyfiyyətcə yeni icra məmuru modelinin formalaşdırılmasıdır.