Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hafta.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Toyota" markalı minik avtomobili idarəetməni itirərək “Azpetrol” MMC-yə məxsus “Man” markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində avtomobildə olan sürücü və iki sərnişin ağır xəsarət alıblar. Xəsarət alanlardan 2-nin hərbi qulluqçu olduğu bildirilir.
Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
Lakin baş verən qəzada yaralanan hərbiçilərimiz vəfat edib. Kürdəmir rayon Polis şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə zamanı xəsarət alan iki hərbiçi - 1988-ci il təvəllüdlü mayor Yusif Mahir oğlu Məmmədli və 1999-cu il təvəllüdlü Fərid Samir oğlu Nəsibov Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.
Hadisə zamanı xəsarət alan 1994-cü il təvəllüdlü Hatəm Aydəmiroviç Baydaşovun isə vəziyyəti ağır olaraq qalır.