Fransa prezidenti Emmanuel Makron Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə, Ermənistanın baş naziri Pasinyanın yeni bir görüsünü təskil edib. Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə keçirilən görüşlərdə aparılan müzakirələr və oradan verilən mühüm mesajların fonunda Fransa rəsmisinin yenidən belə bir jest etməsi sual doğurur: Makronun bu prosesə qoşulmaq istəməsinə səbəb nədir. Fransa bununla regiona hansı “töhvələr” vermək ümidindədir?
Politoloq Fikrət Sadıqov hafta.az-a bildirib ki, Makronun bu təşəbbüsü daha çox “daldan atılan daş” olsa da, özünün mənafeyinə xidmət edir.
“Görünən odur ki, biz artıq Minsk qrupundan imtina etmişik və Azərbaycanın həmin Qrupa heç bir etimadı yoxdur. Bunu Minsk Qrupunda olan dövlətlər də çox yaxşı başa düşür, dərk edirlər”.
Politoloq bütün bu nüanslara baxmayaraq, hər halda Minsk Qrupunda olan dövlətlər regionda “sabitliyin təminatçısı statusu” ilə Azərbaycan və Ermənistan arasında keçirilən müzakirələrdə müəyyən təşəbbüslər göstərir.
“Məsələn, Minsk Qrupuna daxil olan Rusiya Azərbaycan-Ermənistan məsələsi ilə bağlı bir neçə görüş keçirib. Məlum Soçi görüşündə müəyyən qərarlar qəbul olunub. İndi bütöv vəziyyəti nəzərə alaraq Avropa İttifaqı Şarl Mişel başda olmaqla öz təşəbbüsünü irəli sürüb və Brüsseldə görüş təşkil edərək hər iki dövlətin başçılarını ora dəvət edib. Görünür, Fransa da başa düşüb ki, bu prosesdə oyundan kənar qalan bir dövlət rolunu oynayır. Makron bunu nəzərə alaraq bir sıra məsələlərdə özünü qabaqcıl siyasətçi kimi təqdim etmək, kənarda qalmamaq üçün Brüsseldə öz iştirakını qeydə almaq istəyib”.
Digər tərəfdən F.Sadıqov hesab edir ki, bu aktivlik həm də gələn il Fransada təşkil olunacaq prezident seçkiləri ilə əlaqədar ola bilər.
“Artıq Fransada o kampaniya başlandı. Bu da o kampaniyanın bir tərkib hissəsi kimi qəbul oluna bilər. Çünki Makronun erməni diasporası tərəfindən qazandığı səslər onun üçün çox qiymətlidir.
Avropa İttifaqı çərçivəsində Şərq Tərəfdaşlıq sammitinin keçirildiyini və Şarl Mişel vasitəsi ilə Ermənistan-Azərbaycan başçılarının müxtəlif formatlarda bir araya gətirilərək müzakirələr aparıldığını deyən F.Sadıqov hesab edir ki, belə bir vəziyyətdə Makronun təzədən görüş keçirib nəyi həll etmək istədiyi məlum deyil.