Fransanın anti-Azərbaycan ritorikası səngimir. Parisin suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasından sonra başlayan ikili standartlara əsaslanan Cənubi Qafqaz siyasəti Yeni Kaledoniyadakı azadlıq hərəkatında Azərbaycanı ittiham etməklə yeni bir mərhələyə adlayıb. İndi isə Makron Fransası bu il Bakıda keçirilməsi planlaşdırılan COP29 beynəlxalq əhəmiyyətli tədbiri hədəf alıb. Parisin bu siyasəti hansı neqativ nəticələr doğura bilər? Ümumiyyətlə aldığı ağır diplomatik və siyasi məğlubiyətlər fonunda Makron bu addımlarla hansısa nəticələr əldə edə bilərmi? Bu sualların cavabları azərbaycanlı ekspertlərin fikirləri fonunda birmənalıdır.
Qeyd edək ki, ölkəmizin Xarici İşlər Nazirliyi bir daha Fransaya xəbərdarlıq edib.
"Fransa tərəfi bu kimi məsuliyyətsiz və qəbuledilməz açıqlamalara görə nəinki üzrxahlıq diləməyib, hətta Le Point və digər bu kimi yerli Fransa mətbuatında Azərbaycana qarşı qarayaxma kampaniyasını daha da genişləndirib", - bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa tərəfinin Azərbaycanı “diktatura” adlandırması məsələsi ilə bağlı yerli medianın sualına cavabında deyib.
"Bu ölkənin “demokratiya” pərdəsinə bürünərək Azərbaycana qarşı həyata keçirdiyi kampaniya Fransanın xarici siyasətinin uğursuzluğunun ört-basdır edilməsi cəhdidir. Bununla yanaşı, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neokolonial siyasəti, irqçilik, diskriminasiya, islamofobiya, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. Buna görə də Azərbaycanı “diktatura” adlandırmazdan əvvəl, Fransanın bu fəaliyyətindən dərs çıxarması faydalı olardı. Fransa tərəfi əmin olmalıdır ki, ölkəmizə qarşı həyata keçirdiyi kampaniya, səsləndirilən nalayiq ifadələr və təxribatlar cavabsız qalmayacaq", – Ayxan Hacızadə bildirib.
Aydın Mirzəzadə, millət vəkili:
- Fransa özünün siyasi imicini gündən-günə itiməkdədir. Parisdən 20 min kilometr uzaqda yerləşən Yeni Kaledoniya əhalisinin Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxması bu ölkənin çoxdan demokratiyadan uzaqlaşdığını göstərir.
Fransa Orta əsrlər təfəkkürü ilə hərəkət edir və digər ölkələrin həyat tərzinə qarışması adi hala çevrilib. Bu, Fransanın özündə də ciddi narahatlıqlar doğurur. Fransada hökumət əleyhinə kampaniyaların ardı-arası kəslimir. Fransa Prezidenti Makronun hər iki seçki dönəmində çox cüzi səs fərqi ilə seçilməsi onu göstərir ki, onun daxili və xarici siyasət prioritetləri cəmiyyəti narahat edir. Ona səs verənlər, hətta Makronun hansı dərəcədə Fransanın maraqlarına xidmət edəcəyinə şübhə ilə yanaşırlar. Fransa admnistrasiyası tərəfindən vaxtaşırı Azərbaycanla bağlı aqressiv fikirlər səsləndirilməsi, təhqirə keçilməsi isə bu ölkənin mədəniyyətinə, tarixinə uyğun gəlməyən səviyyəsizlikdir.
Bütün bunlara baxmayaraq, Azərbaycan Fransa siyasətçilərinin səviyyəsinə enməyəcək. Bununla belə, Azərbaycan özünün milli maraqlarını, şərəfini yüksək səviyyədə qoruyacaq.
Bunun nəticəsidir ki, Azərbaycan beynəlxalq müstəvidə yüksək nüfuza malikdir. Yüzdən artıq ölkə rəhbərinin Azərbaycanda keçiriləcək COP29 konfransına dəvət alması, artıq əksəriyyətinin öz iştirakını təsdiqləməsi Azərbaycanın yüksək nüfuzunu göstərir. Fransanın aqressiv siyasətindən asılı olmayaraq, Azərbaycan öz demokratiyasını, beynəlxalq aləmə inteqrasiyasını gücləndirəcək, hüquqlarını həmişə yüksək səviyyədə qoruyacaq.
Jalə Əliyeva, Milli Məclisin deputatı:
- Özünü Avropanın demokratik ölkəsi sayan Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi, məkirli niyyətlərini davam etdirməsi təəssüf doğurur. Bu gün Fransanın Azərbaycanla bağlı hədyanlarla dolu açıqlamaları absurddur, heç bir həqiqəti əks etdirmir.
Bu, əsası olmayan heç bir həqiqəti əks etdirməyən Fransasayağı ermənipərəst fikirlər Azərbaycanın mövqeyinə, nüfuzuna heç bir xələl gətirə bilməz. Əksinə, haqqın gözü tərəzidir və bu haqq tərəzisində Azərbaycanın mövqeyi ən yüksək, ən ağır yerdə gəlməkdədir.
Azərbaycan Xarici İşlər Nazirliyinin Fransanın son sayıqlaması ilə bağlı bəyanatı Azərbaycanın dövlətçilkik prinsipllərini əks etdirir, dəmir mövqeyini ortaya qoyur. Özünü dünya dövlətləri sırasında lider hesab edən Fransa kolonializm siyasətinə alışıb.
Fransanın Afrikada həyata keçirdiyi kolonilaizm siyasətini Qafqazda müstəilliyini, suverenliyini elan etmiş Azərbayacan kimi dövlətlərdə də həyata keçirə biləcəyini düşünür. Lakin yanılırlar və Azərbaycanın apardığı böyük siyasəti həzm edə bilmirlər. Azərbaycan onların bu günə qədər aşağılayıcı şəkldə baxdığı ölkələrdən deyil. Azərbaycan bu gün dünyanın, bölgənin ehritam göstərdiyi ölkədir. Ölkə başçısı İlham Əliyevin siyasi xarizması, beynəlxalq siyasəti dərindən bilməsi, dünya siyasətçiləri ilə üz-üzə gələrkən əldə etdiyi üstünlüklər hər kəsin gözü qarşısında baş verir. Belə olan halda dırnaqarası Makron siyasətinin heç bir rolu, əhəmiyyəti yoxdur.
Elşad Mirbəşir, millət vəkili:
- Fransa Cənubi Qafqazda Azərbaycanın iradəsi ilə formalaşan yeni geosiyasi reallıqları qəbul edə bilmir. Öz uğursuzluqlarının, məğlubiyyətinin kədərinin başqalarından çıxarmağa çalışır. Bu ölkənin özü diktatura rejiminin hökm sürdüyü, insan haqlarının pozulduğu ölkədir.
Fransa hökuməti Azərbaycan ərazisindəki erməni separatçıları ilə sıx təmasda idi. Fransa hakimiyyət təmsilçiləri, Senat üzvləri Qarabağa qeyri-qanuni səfərlər edirdilər. Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra, Fransa düşmənçilik şəklini dəyişdi. Parlamentində dəfələrlə ölkəmizə qarşı aşkar, qərəzli müzakirələr təşkil olundu, qətnamələr qəbul edildi, separatçılara aşkar dəstək nümayiş etdirildi. Avropa təhlükəsizliyinə ən ciddi təhdid yaradan amillərdən biri məhz separatizm olsa da, Fransa Azərbaycan ərazisində dövlət səviyyəsində separatizmi dəstəkləyirdi və bunun davam etdirilməsinin zəruriliyini bildirirdi. Azərbaycan öz ərazisində separatizmin kökünü kəsdi. Fransaya Cənubi Qafqazda manevr imkanları saxlamadı. Fransa Cənubi Qafqazda münaqişə, separatizm amili üzərindən öz təhlükəli maraqlarını gerçəkləşdirmək istəyirdi. Bu da regionun təhlükəsizliyi üçün çox önəmli idi. Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi keçmiş münaqişə vəziyyətinin aradan qaldırılması deyil, əksinə, münaqişə vəziyyətinin qeyri-müəyyən müddətə saxlanılması istiqamətində fəaliyyət göstərirdi. Fransa münaqişəni idarə etməklə məşğul idi. Məqsəd ondan ibarət idi ki, müəyyən zaman keçdikdən sonra, Azərbaycan torpaqlarının hüquqi statusunun dəyişdirilməsi imkanı yaransın. Fransanın siyasətinin mahiyyəti Azərbaycan torpaqlarını anneksiya edib Ermənistana birləşdirməkdən ibarət idi. Azərbaycanın iradəsi, Prezidentin qətiyyəti, strateji baxışları sayəsində o, Cənubi Qafqazda destruktiv fəaliyyət imkanlarından məhrum oldu.
Azərbaycan neokolonializmə qarşı mübarizə aparır. Bundan sonra da neokolonializmə qarşı mübarizə aparan dövlətlərin yanında ölkəmiz daha qətiyyətlə yer alacaq. Azərbaycan dövlətlərin, xalqların müstəqilliyinin ən fəal qoruyucularından biridir. Bu məqsədlə Bakı Təşəbbüs Qrupu yaradılıb. Problemlə bağlı müxtəlif müzakirlər keçirilir. Neokolonializmlə mübarizə aparmaq istəyən dövlətlərin nümayəndələri Bakıya toplaşaraq, birgə fəaliyyətin koordinasiyasının əhəmiyyətini qeyd edir. Bu prosesdə Yeni Kalidoniya əhalisi Azərbaycana çox böyük ümidlər bəsləyir.
Fransa özünün imperialist siyasətinin sonunun gəldiyini hiss etməkdədir. Bu baxımdan, Azərbaycanın hüquqları məhdudlaşdırılan, öz azadlıqlarını təmin etmək istəyində olan xalqların yanında olması Fransanı ciddi narahat edir. Ona görə də ölkəmizə qarşı hücumlar davam edir, əsassız ittihamlar irəli sürülür.
İnsan hüquqlarının pozulduğu, demokratik prinsiplərə biganə yanaşıldığı ölkə elə Fransanın özüdür. Tək Parisdə etirazlar zamanı güc strukturlarının dinc etirazçılara qarşı hansı sərt addımlar atdığını, sarıjiletlilərin etirazı zamanı neçə-neçə dinc nümayişçinin qətlə yetirildiyini, həbs olunduğunu xatırlatmaq kifayətdir.
Eyni sözləri Yeni Kaledonyada baş verən etirazlarla bağlı da demək olar. Bütün bunlar Fransanın mahiyyətini aydın şəkildə göstərir. Fransa neokolonializm siyasətini aşkar göstərən ölkədir. Fransa müstəqil dövlətlərin, xalqların düşməni olduğunu hər addımda göstərir. Paris başqa bir ölkə haqqında fikir söyləyərkən, yaxşı olardı ki, birinci özünə baxsın.
Rəşad Bayramov, politoloq:
- Fransanın Azərbaycana qarşı yönələn davranışları gözlənilən idi. Fransa Cənubi Qafqazın maraqlarını təmin etmək üçün bölgədəki ölkələrdən birini – Ermənistanı dəstəkləməklə, anti-Azərbaycan mövqeyi ilə öz maraqlarını təmin etməyə çalışır. Ona görə də hər fürsətdə Azərbaycanla bağlı qərəzli münasibət sərgiləmkdə davam edir. Otuzillik münaqişə dövründə Fransanın ATƏT-in Minsk qrupunda göstərdiyi fəaliyyət hamıya məlumdur. Tək II Qarabağ savaşından sonra Fransa 3 dəfə BMT Təhlükəsizlik Şurasında, daha sonra Avropa Parlamentində və Avropanın digər institutlarında Azərbaycanla bağlı müxtəlif səviyyəli qərar və qətnamələrin qəbul olunmasında fəaliyyət göstərib. Azərbaycanın Fransanın kəşfiyyat şəbəkəsində qarşı keçirdiyi əməliyyatlardan sonra bu ölkənin qərəzli mövqe nümayişi daha geniş vüsət alıb. Növbəti əks-kampaniya isə Kaledoniyada haqlı olaraq etiraz səsini qaldıran insanların Azərbaycan bayrağı ilə meydanlara çıxması olub. Fransa cəmiyyəti, hakimiyyəti bunu heç cür həzm edə bilmir. Bunu özünün xarici, daxili siyasəti üçün təhdid görür. Ona görə də Azərbaycana qarşı bu cür təhdid kampaniyasını davam etdirir.
Fransa daxili işlər nazirinin, guya “Azərbaycanın erməniləri kütləvi şəkildə məhv etməsi” barədə bəyanatı, ardınca “Azərbaycanda antidemokratik mühitin olması” iddiaları, artıq bütün çərçivələrin aşılması deməkdir. Azərbaycan Xarici İşlər Nazirliyinin Fransaya qarşı verdiyi bəyanat kifayət qədər adekvat, qətidir. Görünür ki, Azərbaycanın Fransadan asılılığı və təzyiq imkanları sıfıra bərabər olduğu üçün Fransa hakimiyyəti Makronun simasında isterika dövrünü yaşıyır. Fransanın COP 29, Azərbayanın daxili vəziyyəti, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı nə deməsindən, hansı qərarlar qəbul etməsindən asılı olmayaraq, Bakının müstəqil siyasətinə təsir edə bilməyəcək. Ona görə də Fransanın isterikası erməni diaspor təşkilatlarından, lobbilərindən dəstək almağa hesablanıb.
Kamilə Əliyeva, Milli Məclisin deputatı:
- Fransanın Azərbaycanı antidemokratik adlandırması riyakarlığın ən bariz nümunəsidir. Başqa dövlətlərə “demokratiya dərsi” keçməyə çalışan Fransanın müstəmləkəçi, neokolonialist siyasət yürütməsi hər kəsə məlumdur.
Öz ölkəsində dinc nümayişçilərə qarşı polis zorakılığı, Yeni Koledoniyada müstəqil, azad yaşamaq istəyən kanak xalqına qarşı cinayətlər törədən Fransanın demokratiyadan danışıb Azərbaycanı ittiham etməsi ikiüzlülükdür. Makron hakimiyyəti son illər 5 dəfə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə və qərarlar qəbul etməyə çalışsa da, Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli, müdrik siyasət qarşısında acı məğlubiyyət yaşadı. Fransa mətbuatında da anti-Azərbaycan yazıların dərc edilməsi Makron hakimiyyətinin acizliyinin göstəricisidir. Fransanın Azərbaycana qarşı təxribatları cavabsız qalmayacaq. Sonda Fransa Azərbaycanla düşmənçilik siyasəti aparmağın mənasızlığını anlayacaq.