Makronun iflasa uğrayan "casus oyunu" - TƏHLIL

15:01 18.01.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, Azərbaycanın xüsusi xidmət orqanları detalları mətbuata qismən məlum olan nəticələr əldə edib, vaxtilə dünyadakı reytinqi ekranlarda reklam etdirilən Fransa kəşfiyyatının geniş agentur şəbəkəsini ifşa edib. Üstəlik, Fransanın başqa dövlətlərin təmsil olunduğu nüfuzlu beynəlxalq təşkilatlara yerləşdirdiyi kəşfiyyatçılar açıqlanma riski və beynəlxalq qalmaqalla üz-üzə qalaraq çətin vəziyyətə düşüb.

Fransanın dövlət orqanlarına yaxın, dövlətin qapalı qapılar arxasında olan məlumatlarının yayımlanması ilə məşhur olan, məqalələri abunə və ödənişli əsaslarla təqdim edilən "Intelligence Online" mətbu orqanı dünyada əsas müzakirə mövzularından birinə çevrilən Azərbaycan-Fransa arasında yaşanan son olaylara həsr olunmuş məqalə dərc edib.

“Intelligence Online”ın məlumatına görə, Fransa Səfirliyinin iki “katibi” diplomatik pərdə altında olan DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları olub. Kəşfiyyat xidmətinin rəhbəri rusdilli rabitəçi idi. DGSE-nin Azərbaycandakı postunun ləğv edilməsi, buna Fransanın tez cavab verməsi və öz növbəsində Azərbaycanın Parisdəki səfirliyindən iki “diplomat” xaric etməsi - xidmət üçün yeni uğursuzluq idi.

Bu, dekabrın əvvəlində Burkina Fasoda onun Texniki və İnnovasiya Direktorluğunun (DTI, keçmiş DT) dörd üzvünün həbsindən sonra baş verdi, Jeune Afrique (mətbuat qurumu) tərəfindən verilən məlumata əsasən bu, ölkə xaricində kəşfiyyat sisteminin “dağıdılmasına” səbəb oldu.

Göründüyü kimi, Makron Fransasının Azərbaycana qarşı apardığı siyasət bütün sahələrdə iflasa uğrayır. Bu uğursuzluq, hətta Fransanın yerli mətbuat orqanlarında da ciddi qəzəb və ikrah hissi doğurur. Bəs Fransanın casus şəbəkəsinin əsas məqsədləri nə ola bilər? Yerli ekspertlər bu barədə nə düşünür? Birlikdə nəzər salaq.

Ramil Hüseynov, siyasi şərhçi:

– Azərbaycanda Fransanın casus şəbəkəsinin ifşası çox reallıqları ortaya çıxardı. Bu, Fransanın Makron sayəsində dövlət siyasətinin tənəzzul dövrunu yaşadığını, şəxsi və qeyri advekat siyasət nəticəsində ölkəsinin gələcək qaranlıq tarixini yazmasının göstəricisidir. Casus şəbəkəsinin Avropanın bir neçə ölkəsində fəaliyyəti ilə bağlı məlumatlar var. Azərbaycan xususi xidmət orqanlarının peşəkarlığı sayəsində həmin şəbəkənin ifşası, o cümlədən fəaliyyət istiqamətlərinin və maraqlarının nədən ibarət olduğunun üzə çıxarılması mühüm hadisədir. Bütün hallarda bu, Fransa dövləti üçün biabırçı və siyasi davranışlarının iflası kimi dəyərləndirilməlidir. Vətən müharibəsinin ilk günlərindən bizimlə açıq müstəvidə mübarizəyə başlayan Makron bu gün istər xarici, istərsə də daxili siyasətində çox ciddi yanlışlıqlara yol verir. Azərbaycan dövlətinin qüdrətini, ədalətini demokratik dəyərlərə və beynəlxalq hüquqa söykənən siyasi addımlarını dəyərləndirə bilməyən Fransa terroru dəstəkləyən bir dövlətlə münasibətlər qurdu. Bu, inkşaf etmiş Avropa nəhənglərindən birinə yaraşmayan yanaşmadır. Fransa çox keçmədən bunun bədəlini ödəyəcək. Bugün bütün xarici media bu casus şəbəkəsinin ifşasından danışır. Faktlar rəsmi açıqlanandan sonra Fransanın yürütdüyü siyasətin iflası daha aydın görünəcək.

Sülhəddin Əkbər, siyasi ekspert:

– Fransanın qlobal iddiası olduğuna görə bütün dünyada, o cümlədən Cənubi Qafqazda xüsusi maraqları var. Paris bu regionlarda kəşfiyyata xüsusi əhəmiyyət verir. Xüsusi maraqları olan ölkələrdə aktiv və aqressiv kəşfiyyat fəaliyyəti aparır. Müasir dünyada siyasət və onun davamı olan müharibələr hərtərəfli xarakter daşıdığı üçün bu, getdikcə kəşfiyyatın önəmini artırır. İkinci Qarabağ savaşından sonra Fransanın regiona, xüsusilə Azərbaycana və Ermənistana yönəlik siyasəti daha da aqressivləşib, aktivləşib. Ermənistanda olduğu kimi, Azərbaycanda da çox aktiv və aqresiv kəşfiyyat siyasəti aparır. Bu kəşfiyat siyasətinin üç əsas istiqaməti var - kəşfiyyat informasiya, kəşfiyyat təxribat və kəşfiyyat əməliyyat. Hələlik Fransanın Azərbaycanda kəşfiyyat informasiya fəaliyyətinə üstünlük verdiyini görməkdəyik. Amma . Yaxud Azərbaycana qarşı kəşfiyyat müharibəsi aparmayacaq. O baxımdan Azərbaycan bütün bu sadaladıqlarımı nəzərə almalıdır. Üstəlik, Azərbaycan dünyanın həssas geopolitik bir mövqeyində, coğrafiyasında yer tutduğunu da nəzərə almalıdır. Azərbaycan Avrasiyanın üç ən mühüm, ən mürəkkəb geopolitik, geostrateji, geoekonomik, geokultral coğrafiyasından birində yerləşir. Azərbaycan nəzərə almalıdır ki, müharibə hələ bitməyib. İrəlidə hələ müharibəyə səbəb olacaq başqa müharibə səbəbləri ortaya çıxa bilər. Burda mən Zəngəzur dəhlizi ilə bağlı məsələni, 8 kəndimizin hələlik işğal altında olmasını, delimitasiya, demarkasiya prosesini, İran məsələsinin kəskin şəkildə dünya gündəminə gəlməsini nəzərdə tuturam.

Aydın Mirzəzadə, millət vəkili:

– Fransanın casus şəbəkəsinin Azərbaycana qarşı qərəzli münasibəti Emmanuel Makronun uğursuz xarici siyasətinin bir hissəsidir. Onun Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alması, Ermənistanın Azərbaycan torpaqlarını işğalına haqq qazandırması, separatçı rejimi dəstəkləməsi heç də Fransa kimi qədim tarixə və yüksək statusa malik ölkə üçün baş ucaldan bir siyasət deyil. Fransa casus şəbəkəsi vasitəsilə əldə etdiyi informasiyaları Ermənstana ötürməyə və İrəvanın Azərbaycana qarşı yeni çirkin niyyətlərində istifadə edilməli idi. Azərbaycan xüsusi xidmət orqanlarının sayıqlığı və peşəkarlığı bu niyyətlərin qarşısını qətiyyətlə aldı. Fransa bütün dünyada, digər ölkələrdə casus şəbəkəsi yaradan bir ölkə kimi yenidən gündəmə gəldi. Heç də təsadüfi deyil ki, nəinki dünya mətbuatında, hətta Fransa mətbuatının özündə də Azərbaycanın qətiyyəti etiraf edilir. Düzdür, bu özünəxas Makronsayağı verilir. Ancaq bununla belə dünya siyasətində yeni olan bir dövlətin öz suveren hüquqlarını qoruması Fransa üçün çox böyük bir zərbədir. Fransanın apardığı bu siyasət onu tək Azərbaycanla deyil, digər türk dövlətləri ilə münasibətlərdə də böyük təhlükə altında qoyur. Bu gün Türkiyə ilə onun münasibətləri pisdir. Makronun Mərkəzi Asiya ölkələrinə səfərinə baxmayaraq, yenə də hansısa müsbət nəticələr əldə etmək mümkün olmamışdır.

Azərbaycan üçün Makron Fransası ilə fransız xalqının Fransası arasında böyük fərq var. Bakıda Azərbaycan-Fransa Universiteti fəaliyyət göstərir, fransız liseyi var, Azərbaycan orta məktəblərində və ali məktəbərində fransız dili öyrənilir. Fransa bilməlidir ki, onun anti-Azərbaycan siyasəti tərəfimizdən həmişə qətiyyətlə alnacaq. Bundan itirən isə Fransanın özü olacaq.

Rəşad Bayramov, politoloq:

– Fransa hər zaman Cənubi Qafqazda maraqlarını təmin etmək üçün Azərbaycan-Ermənistan gərginliyindən istifadə etməyə çalışıb. Xüsusilə, Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi konfiqurasiyada öz yerini tutmağa çalışır, bu məqsədlə Ermənistandan alət olaraq istifadə edir. Makronun, eləcə də digər Fransa rəsmilərinin Qarabağ məsələsində qərəzli mövqe tutmaları, Bakıya qarşı uydurma ittihamlarla çıxış etmələrinin arxasında da məhz bu məqam dayanır. BMT Təhlükəsizlik Şurasında və eləcə Avropa İttifaqında Azərbaycana qarşı yönəlmiş qətnamələr qəbul etdirmək cəhdlərindəki uğursuzluq, eləcə də Azərbaycan qarşı təzyiqlərin fayda verməməsi Fransanı diplomatiya pərdəsi altında hərbi-kəşfiyyat metodlarına əl atmağa vadar edib. Fransa Azərbaycanın əldə etdiyi məlumatlardan ciddi narahatdır. Ələ keçirilən materialların məxfilik dərəcəsi hələlik bəlli deyil. Reallıq budur ki, Azərbaycan xüsusi xidmət orqanları Fransa xüsusi xidmət orqanlarının mühüm bir kəşfiyyat şəbəkəsini çökdürdü. Bu, Fransa kəşfiyyatının son illərdə uğradığı ən böyük uğursuzluq olmaqla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarının da növbəti peşəkar qələbəsidir. Təsadüfi deyil ki, Qərb mediası Makronun Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin rəisi Bernar Emyeni vəzifəsindən azad etməsini məhz Azərbaycan xüsusi xidmət orqanlarının bu uğurlu əməliyyatı ilə əlaqələndirib. Azərbaycan regionun söz sahibi ölkəsi olduğundan kənar oyunçular və xüsusilə də öz maraqlarını təmin etmək üçün bizi hədəf olaraq seçirlər. Amma Fransanın nə edəcəyindən asılı olmayaraq onların Cənubi Qafqazda təmsil olunmaq kimi istəkləri uğursuzluğa məhkumdur.

Cavanşir Paşazadə, millət vəkili:

– 44 günlük müharibədə torpaqlarımız erməni faşizmindən azad olunandan sonra Fransa açıq-aşkar Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı addımlarına davam edir. Fransanın Azərbaycan daxilində casus şəbəkəsi fəaliyyətini qurması anti-Azərbaycan siyasətinin göstəricisidir. Fransanın anti-Azərbaycan mövqeyi ölkəmizin bölgədə qazandığı nüfuza, Ali Baş Komandanın apardığı siyasətə qısqanc yanaşmadır. Fransanın məqsədi regionda möhkəmlənmək üçün Ermənistan vasitəsi ilə bölgədə gərginliyi saxlamağa, yenidən ölkəmizi müharibəyə təhrik etməyə çalışır. Fransa bu gün də özünün casus şəbəkəsi ilə daxili nizamı pozmağa çalışır. Fransa kimi dövlətlər sabitliyimizi pozmağa cəhd etsələr də, buna nail olan deyillər. Biz torpaqlarımızı azad etmişik və onu qoruyacağıq. Bundan sonra da Fransanın təxribatlarına qarşı öz addımlarımızı atacağıq. Fransa Azərbaycanın sabit daxili siyasəti, dövlət-xalq brliyi qarşısında heç nəyə nail ola bilməyəcək.

Çingiz Qənizadə, hüquq müdafiəçisi:

- Casus şəbəkəsinin ifşası Fransa siyasi hakimiyyətini bir daha düşündürməlidir. Paris Azərbaycana qarşı çirkin, qərəzli mövqelərindən əl çəkərək normal, sivil əlaqələrin qurulmasına meyl göstərməli, Azərbaycan-Fransa münasibətlərinin yaxşılaşması istiqamətində addımlar atmalıdır. Dost, müttəfiq ölkələr bir-birinə qarşı bu cür casus şəbəkələrindən istifadə etmirlər. Belə bir məqamda Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Fransanın casus şəbəkəsinin ifşa olunması mühüm əhəmiyyətə malikdir.

Əli Mustafa, siyasi ekspert:

- Fransanın Azərbaycanda olan şəbəkəsinin fəaliyyəti təqdir oluna bilməz. Çünki Fransa Ermənistanın işğalçılıq maraqlarını müdafiə edən, erməni kuklası olan bir dövlət kimi çıxış edir. Azərbaycanda Fransanın casus şəbəkəsinin olması, Ermənistanın şəbəkəsinin olması deməkdir. Bütün dövlətlərin  maraqlı olduqları digər ölkələrdə bu cür şəbəkələri var. Ancaq bu şəbəkələrin fəaliyyətinin bəlli hədləri, qirmızı xəttləri var. Bəzən o fəaliyyət həmin xətləri keçib dövlətin təhlüksəziliyini təhdid edirsə, fəaliyyəti dayandırılır. Casus şəbəkəsinin aşkar olunması onu göstərir ki, bizim bu istiqamətdə görüləcək işlərimiz çoxdur. Milli dövlətin qurulmasına maneə olan hər bir yad ünsür aradan qaldırılmalı, xüsusilə bizə dost olmayan dövlətlərin kolonları yığışdırılmalıdır. Azərbaycan ərazisində olan belə şəbəkələri aşkar edib zərərsizləşdirilməlidir ki, ölkəyə zərər dəyməsin.

 

Siyasət rubrikasından digər xəbərlər