Məhkəmədə şahidlik

22:00 01.11.2013
Yazını böyüt
Yazını kiçilt
Notariat qaydasında təsdiqlənmiş şahid ifadəsini məhkəməyə təqdim etmək olarmı?


Redaksiyamıza müraciət edən 24 yaşlı Kənan Mirzəyev bu yaxınlarda qonşular arasında baş verən davaya şahidlik etdiyini deyir. Onun sözlərinə görə, artıq hadisə ilə bağlı iki nəfər təqsirləndirilən şəxs qismində saxlanılıb. Noyabr ayının ortasında isə bununla bağlı məhkəmə prosesi keçiriləcək: "Məni də şahid qismində məhkəməyə dəvət ediblər. Amma müəyyən səbəblərə görə məhkəmədə iştirak etmək istəmirəm. Bilmək istəyirəm ki, mən məhkəmədə baxılan iş üzrə şahid qismində ifadə vermək əvəzinə notariat qaydasında təsdiqlənmiş şahid ifadəsini məhkəməyə təqdim edə bilərəmmi? Bu yazılı ifadə şahid ifadəsi qismində qəbul olunacaqmı?".
Maraqlıdır görəsən, mövcud qanunvericilikdə şahidin hüquq və vəzifələri necə təsbit olunub? Ümumiyyətlə, məhkəmədə baxılan iş üzrə notariat qaydasında təsdiqlənmiş şahid ifadəsi məhkəmə tərəfindən qəbul oluna bilərmi?
Məsələyə münasibət açıqlayan Vəkillər Kollegiyasının üzvü Müzəffər Baxışov bildirib ki, Azərbaycanda məhkəmə sistemi üç icraat, yəni cinayət işləri, mülki işlər, inzibati-iqtisadi işlər üzrə icraat əsasında fəaliyyət göstərir. Onun sözlərinə görə, hər üç icraatda şahidin dindirilməsi proseduru mövcuddur: "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsi şahid ifadəsini sübut növlərindən biri kimi müəyyənləşdirir. Mülki Prosessual Məcəllənin 104.1-ci maddəsinə görə, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Mülki Prosessual Məcəllənin 195-ci maddəsi şahidin dindirilməsi qaydasını müəyyənləşdirir. Həmin maddəyə görə, hər bir şahid ayrılıqda dindirilir. Sədrlik edən hakim şahidin işdə iştirak edən şəxslərlə olan münasibətlərini aydınlaşdırır və işin halları üzrə ona şəxsən məlum olan hər şeyi məhkəməyə bildirməsini təklif edir. Bundan sonra şahidə suallar verilə bilər. Şahidə birinci olaraq, tələbi ilə onu çağırtdıran şəxs və onun nümayəndəsi, sonra isə işdə iştirak edən digər şəxslər və onların nümayəndələri suallar verir. Hakim şahidin dindirildiyi hər bir vaxt ona suallar verməyə haqlıdır. Məhkəmə zəruri halda həmin və ya sonrakı iclasda şahidi ikinci dəfə dindirə, habelə şahidlərin ifadələri arasında olan ziddiyyətləri aydınlaşdırmaq üçün onları üzləşdirə bilər. Bu baxımdan da vətəndaşın məhkəməyə təqdim etmək niyyətində olduğu yazılı ifadənin sübut qismində qəbulu mümkün olmayacaqdır. Əvvəla, yazılı ifadənin təqdim olunması halında hakim və işdə iştirak edən şəxslərin ona sual verməsi imkanı məhdudlaşdırılmış olur. İkincisi, yazılı ifadə ilə iş üzrə olan digər sübutlar arasındakı ziddiyyətli məqamların aydınlaşdırılması mümkün olmur. Üçüncüsü, şəxs məhkəmədə şahid qismində dindirilməzdən əvvəl hakim onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alınır. İltizam məhkəmə iclasının protokoluna əlavə edilir. Yazılı ifadə zamanı isə belə xəbərdarlığın edilməsi mümkün deyildir. Dördüncüsü, notarius yazılı ifadədə qeyd edilmiş məlumatların həqiqiliyini deyil, həmin yazılı ifadəni imzalamış şəxsin imzasının həqiqiliyini təsdiq edir".

Yetkinlik yaşına çatmayan şəxs şahid qismində dindirilirsə…

Ekspert həmçinin deyib ki, Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə əsasən heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz: "Cinayət Prosessual Məcəlləsinin 67-ci maddəsində isə müəyyən olunmuşdur ki, cinayət işi üzrə hər hansı bir halı bilən şəxs ifadə vermək üçün şahid kimi çağırıla bilər və ona məlum hallar barəsində və müttəhimin şəxsiyyətini xarakterizə edən faktlara dair ifadə verməlidir.
Bundan başqa, həmin Məcəllənin 70-ci maddəsində nəzərdə tutulmuşdur ki, şahid və zərərçəkmiş şəxs çağırışa gəlməkdən boyunqaçırma və ya ifadə verməkdən imtina etməyə görə Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə, yalan ifadə verməyə görə isə Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə məsuliyyət daşıyır".
Vəkil eyni zamanda vurğulayıb ki, şahid cinayət şəraitini təsdiq etmək üçün informasiyaya malik istənilən şəxs ola bilər. Onun sözlərinə görə, dindirilənədək şahidi yalan ifadə verməyin, ifadə verməyə rədd cavabının və əslində bir-birini inkar edən ifadənin verilməsinin cinayət məsuliyyəti haqqında aidiyyəti şəxslər xəbərdarlıq edirlər: "Qanunvericilikdə həmçinin nəzərdə tutulub ki, əgər yetkinlik yaşına çatmamış şəxs şahid qismində ifadə verərsə, bu zaman həmin şəxs qanuni nümayəndənin, yaxud da psixoloqun iştirakı ilə dindirilir".
Şahidin hüquq və vəzifələrinə də toxunan ekspert deyib ki, ilk növbədə o, hansı faktla əlaqədar sorğuya çağırıldığını bilməlidir: "Əgər cinayət prosesinin dilini bilmir, yaxud istənilən səviyyədə bilmirsə, ifadəni ana dilində, yaxud onun üçün arzu etdiyi başqa dildə verir. Bu zaman tərcümənin bütün xərcini isə dövlət ödəyir.
Bundan başqa, şahidin onun iştirakı ilə keçirilmiş təhqiqat hərəkətləri protokolu ilə tanış olmaq, ona keçirilən qeydləri əlavə və dəyişiklikləri tələb etmək hüququ da var. Cinayət törədilməsində onu, yaxud onun yaxın qohumunu aşkar edən ifadə verməmək, təhqiqat hərəkətlərinin keçirilməsində iştirak etmək, müdafiənin xüsusi tədbirinin tətbiqini tələb etmək də şahidin hüquqlarına aiddir. Vəzifələrə gəlincə, qeyd edim ki, şahidin məhkəmə çağıranda gəlmək və qoyulan sualları cavablandırmaq, hakimin haqqında xəbərdarlıq etdiyi işlə bağlı ona məlum olan şəraiti səsləndirməmək, işin məhkəmə müzakirəsi vaxtı mövcud qaydaya əməl etmək, iclas sədrinin icazəsi olmadan məhkəmə iclası salonunu tərk etməmək əsas vəzifəsidir".

Şahid dindirilməyə də bilər

Vəkil həmçinin bildirib ki, bəzi şəxslərin şahid sifəti ilə dindiriləndə imtina etmək hüququ da var: "Məsələn, vəkilə bu işdə onun üçün şərait haqqında vəkil kimi iştirak edən vaxt məlum olduqda, vəkil, şəxsin müdafiəsini qəbul edənədək hüquqi yardım edəndə o şərait haqqında hüquqi yardım edən vaxt məlum olduqda, ruhani şəxsə bu şərait haqqında ibadət, yaxud müxtəlif tərkidünyalıq nəticəsində məlum olduqda, təqsirləndirilənin yaxın qohumu, insan haqları müdafiəçisinə, yaxud onun səlahiyyətli nümayəndəsinə bu fakt barədə ona bir insan haqları müdafiəçisi kimi etibar edildikdə, hakimə bu şərait haqqında məlumat məhkəmə müşavirəsinin sirri olduqda, jurnalist üçün peşə işgüzarlığı qəbul edilən informasiya ilə əlaqədar, insan alverçisi (trafikinq) qurbanı üçün düşünülməli müddət ərzində şahidlikdən imtina oluna bilər. Şahid dindirilmədiyi məqamlara gəlincə, tibb işçisi, əgər o həkimlik (tibbi) peşə vəzifəsini qoruyursa, notarius, ümumi xidmətçi, hərbi xidmətdə olan, əgər informasiyanı açıqlamamaq vəzifəsi onlara tapşırılıbsa, şəxs, işə o şərtlə qəbul edilib ki, kommersiya, yaxud bank sirlərini açıqlamasın, terror əleyhinə, yaxud (və xüsusi əməliyyatın iştirakçısı şəxsin onun peşə vəzifəsi ilə əlaqədar), işi sirdirsə və bu sahənin sənədləri, materialları və başqa göstəriciləri dövlət sirrinə aid olduqda şahid qismində dindirilməyə bilər".

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
rubrikasından digər xəbərlər