Meksika ordusu narkotik kartellərinə SİLAH SATIB

19:17 11.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hakerlər tərəfindən sızdırılan elektron məktublar Meksika ordusunun narkotik kartelləri ilə əlaqəsini ortaya çıxarıb. Guacamaya haker qrupu tərəfindən sızdırılan yazışmalar göstərib ki, Meksika hərbçiləri narkotik kartellərinə döyüş sursatları və rəqib kartellər və ya hökumət rəsmiləri haqqında məlumatlar satırlar.

Hafta.az bildirir ki, sentyabrın sonunda Meksika Müdafiə Nazirliyinə edilən kiberhücum nəticəsində əsasən elektron məktublar olmaqla 4 milyona yaxın məxfi yazışma ifşa edilib.

Noyabrın 8-də hakerlər tərəfindən yayımlanan 31 may 2019-cu il tarixli e-poçtda bir ordu məmurunun adı açıqlanmayan narkotik kartelinə hər biri təxminən 1300 dollara 70 qumbara satmağa çalışdığı göstərilir.

Sövdələşmədən sonra Atlacomulco ərazisində kartel üzvünə 8 qumbaranın satıldığı bildirilib. Yazışmalarda qeyd olunub ki, ordudakı şəxs yüksək rütbəsinin şərəfinə qoca mənasını verən “Antiquo” ləqəbini alıb.

23 iyun 2019-cu il tarixli yazışmalarda “Nuevo Komandante” kimi tanınan bir polkovnikin dəstə üzvlərinə 2000 AK-74 və 5000 R-15 gülləsi satdığı görülüb. Elektron məktublarda o da məlum olub ki, həmin polkovnik adı açıqlanmayan narkotik kartelinə sui-qəsd planlaşdırdıqları prokurorun məlumatını verib. Həmçinin ordu daxilindəki bəzi "qəfil cavab qrupu"nun ölkənin ən sürətlə böyüyən dəstələrindən biri olan Jalisco Next Generation Cartel (CJNG) üzvlərini müdafiə etdiyi iddia edilir.

Meksika prezidenti Andres Manuel Lopez Obrador ən azı 6 terabayt məlumat sızdıran kiberhücumun ciddi olmadığını müdafiə edib. Sızıntılar həmçinin Obradorun anginadan, ürək xəstəliyindən əziyyət çəkdiyini və yanvar ayında xəstəxanaya yerləşdirildiyini ortaya qoyub.