Meksika prezidenti Andres Manuel Lopez Obrador ABŞ mediası tərəfindən sızdırılan sənədlərin yayılmasından sonra Pentaqonu casusluq etməkdə ittihamlayıb. Obrador, Meksika ordusunun milli təhlükəsizliyi qorumaq və məlumatların məxfilik dərəcəsini təsnif etmək üçün bir proses başlatacağını söyləyib.
Hafta.az-ın yazdığına görə, Obrador "Vaşinqton Post" qəzetinin Meksikada donanma və ordu qüvvələri arasında gərginliyin olması barədə xəbərindən sonra açıqlamalar verib. Hesabatda ABŞ hərbi sənədlərindən mətbuata sızan və internetdə yerləşdirilən Pentaqonun bəyanatına istinad edilir.
Obrador bununla bağlı mətbuat konfransında deyib: “Biz indi Hərbi Dəniz Qüvvələri və Müdafiə Nazirliyindən məlumatları qoruyacağıq. Çünki biz Pentaqonun casusluğunun hədəfi olmuşuq”.
Daha əvvəllər sızdırılmış sənədlərin yayılmasını “qəsdən cinayət əməli” kimi qiymətləndirən Pentaqon isə hələlik Obradora cavab verməyib.
“Washington Post” qəzeti yazıb ki, sənəddə yer alan məlumatın mənbəyinin Meksika hakimiyyət orqanları arasında kommunikasiyaların dinlənilməsi olduğuna dair heç bir əlamət yoxdur.
"Reuters"in xəbərinə görə, Obrador aprelin 17-də ABŞ kəşfiyyatının sızdırdığı məlumatları "heç bir şərtlə qəbul edilməməsi lazım olan qeyri-qanuni və açıq-aşkar müdaxilə" olaraq xarakterizə edib. Meksika prezidenti əlavə edib ki, o, ABŞ-ı sərt tənqid etmək fikrində deyil, lakin nə vaxtsa əməkdaşlıq yollarını axtaracaq.
Mətbuat konfransında hökumətinin mübahisəli casusluq proqramı olan "Pegasus"a güvəndiyinə dair yeni iddialar barədə suala cavab verən prezident “hökumət casusluq etməyib" deyib.