Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin etməkdir - Açıqlama

17:31 02.05.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmət göstərilir:

- ilkin səhiyyə xidməti - 35

-təcili və təxirəsalınmaz tibbi yardım xidməti - 6

- ixtisaslaşdırılmış ambulator yardım xidmət - 508

- laboratoriya xidməti – 731

- fizioterapiya xidməti – 26

- invaziv radiologiya xidməti – 39

- stasionar cərrahi xidmət - 950

- stasionar terapevtik xidmət – 255

Bu barədə hafta.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib:

"Belə ki, əlillik və ölüm riski olan xəstəliklərin müalicəsi, eləcə də həyati vacib-dəyəri yüksək olan əməliyyatlar Xidmətlər Zərfinə daxildir. Xidmətlər Zərfinə 950-dən çox cərrahi əməliyyat salınıb. Təminata alınmış əməliyyatlar sırasında dəyəri yüksək olan əməliyyatlar əhalinin sağlamlığının və maddi rifahının təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir. Həmin əməliyyatlar sırasına koxlear implantasiya əməliyyatı, oynaq endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, anevrizma əməliyyatları, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları (koronar stentlərin taxılması) daxildir. Bahalı əməliyyatlar sırasında həmçinin kifayət qədər geniş sayda oftalmoloji, travmatoloji, uroloji və neyrocərrahiyə əməliyyatları vardır.

Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri ilə Agentliyin rəsmi internet səhifəsində tanış ola bilərsiniz: https://its.gov.az/page/xidmetler-zerfi-3

Bununla yanaşı, Agentlik tərəfindən Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Dəyişikliyə əsasən 3000-ə qədər tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin etmək və xidmətlərin əlçatanlığını artırmaqdır.

Xidmətlər Zərfinə əlavə edilməsi nəzərdə tutulan əməliyyatlar sırasına oftalmoloji əməliyyatlar, travmatoloji əməliyyatlar, ürək-damar cərrahiyyəsinə əlavə olunan tibbi xidmətlər aid edilib. Həmçinin Xidmətlər Zərfində sığorta limiti tətbiq olunan tibbi xidmətlər - endoprotezləşdirmə, koxlear implantasiya ilə bağlı sığorta limitinin artırılması nəzərdə tutulub. Bundan əlavə, orqan transplantasiyasının da bu ildən limitli şəkildə icbari tibbi sığorta çərçivəsində qarşılanması nəzərdə tutulur."