Mərakeş ordusunun İsraildən “Barak 8” hava hücumundan müdafiə sistemi aldığı bildirilir.
Hafta.az-ın yazdığına görə, Mərakeş mətbuatında yer alan xəbərlərdə deyilir ki, İsrail istehsalı olan hava hücumundan müdafiə sistemlərinin ilk partiyasının göndərilməsi 2023-cü ilin ortalarında həyata keçirilib.
İsrail və Mərakeş 2022-ci ilin fevralında “Barak” hava hücumundan müdafiə sistemlərinin satışı üçün 500 milyon dollarlıq müqavilə imzalayıb. 2020-ci ildə imzalanan İbrahim razılaşmaları çərçivəsində İsraillə münasibətləri normallaşdıran Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi ölkələr İsraillə milyonlarla dollarlıq müdafiə müqavilələri imzalayıb.
İsraillə münasibətləri normallaşan BƏƏ də “Barak 8” sistemlərini alan ölkələrdəndir.
“Barak 8” hava hücumundan müdafiə sistemi orta mənzillidir. 70 kilometrlik ərazidə pilotsuz təyyarələr, ballistik raketlər, helikopterlər və döyüş təyyarələri kimi təhlükələr “Barak 8” sistemi ilə zərərsizləşdirilə bilər.
“Barak 8” raketləri 60 kiloqram döyüş başlığı daşımağa qadirdir.
Təl-Əviv Universitetinin professoru Brüs Maddi-Veytsman “Al-Monitor”a deyib ki, son iki ildə İsrail-Mərakeş münasibətlərində, xüsusilə də təhlükəsizlik sahəsində mühüm irəliləyiş var və iki ölkə müttəfiqə çevrilir.
Maddi-Veytsman, münasibətlərdə normallaşma əldə olunmamışdan əvvəl də İsrail kəşfiyyat xidməti Mossad-la Mərakeş kəşfiyyat təşkilatı arasında təhlükəsizlik və kəşfiyyat sahəsində əlaqələrin güclü olduğunu bildirib.
“İsraillə Mərakeş arasında təhlükəsizlik sahəsində əməkdaşlıq xeyli güclənib. Mərakeş İsraildən çox sayda pilotsuz uçuş aparatı və “Barak 8” hava hücumundan müdafiə sistemi alıb. Mərakeşin yaxın gələcəkdə İsraildən çox sayda “Merkava” tankı almağı da planlaşdırır”, - o deyib.