Mərkəzi Bank vəsaitlərini necə formalaşdırır?

12:20 04.02.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankı özünə dəyəri, təxminən, 435 milyon manat həcmində layihələndirilən bina tikdirməyə hazırlaşır. Bu məsələ cəmiyyətdə birmənalı qarşılanmayıb və ciddi müzakirələrə yol açıb. Mərkəzi Bankın sədri Elman Rüstəmov isə rəhbərlik etdiyi qurum üçün tikiləcək inzibati binanın qiymətiylə bağlı gedən müzakirələrə münasibət bildirərkən deyib ki, bina ətrafında gedən müzakirələrdən xəbəri var və yeni bina öz vəsaitləri hesabına tikiləcək:

“Biz yeni inzibati binamızı öz vəsaitimiz hesabına tikəcəyik. Mənim bu müzakirələrdən xəbərim var. Onu qeyd edim ki, son 3 ildə dövlət büdcəsinə 7,8 milyard manat vəsait köçürmüşük. Bu il isə 250 milyon manat köçürməyi düşünürük”.

Bəs, görəsən, Mərkəzi Bank sədri “öz vəsaitimiz” dedikdə hansı vəsaitləri nəzərdə tutur? Bu ifadəni işlətmək üçün iqtisadi və hüquqi cəhətdən əsas varmı?

Məsələni hafta.az-a şərh edən bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən, Mərkəzi Bank müstəsna olaraq dövlətə məxsusdur:

“Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, yeni binanı öz  hesablarına tikəcəklər. Yəni, dövlət büdcəsi hesabına yox. Onu da vurğulayıb ki, əksinə, Mərkəzi Bank özü əldə etdiyi gəlir hesabına hər il dövlət büdcəsinə milyonlara vəsait köçürür. Sadə dillə desək, dövlətin bir neçə cibi var. Ən böyüyü dövlət büdcəsidir. Onun gəliri əsasən vergi və rüsumlar hesabına formalaşır. Digər əsas cibi xalqın gələcək nəsilləri üçün ayrılan Dövlət Neft Fondudur. Gəliri, xalqa mənsub olan neftin satılması hesabına formalaşır. Başqa bir cib isə Mərkəzi Bankdır. Xalqın qəbul etdiyi Konstitusiyanın 19-cu maddəsində göstərilib ki, o, dövlətin müstəsna mülkiyyətindədir və pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız ona mənsubdur. Bu cib ona görə ayrılıb ki, hökumət xərclərini yeni pulların buraxılması hesabına həyata keçirərək törətməsin. Təbii ki, neft kimi, pul nişanları da xalqa məxsusdur. Bu baxımdan Elman Rüstəmovun açıqlaması nə iqtisadi, nə də hüquqi cəhətdən doğru deyil”.

Həmin bu qazanc hesabına Mərkəzi Bank hər il dövlət büdcəsinə vəsait köçürür, indi isə deyir ki, bir hissəsini köçürməyəcəyəm, özümə yeni bina tikəcəyəm, pul mənimdir, özüm bilərəm. Əslində isə pul onun yox, dövlətindir

Ekspert vurğulayıb ki, Neft Fondu kimi Mərkəzi Bank da pul qazanmaq üçün xüsusi hansısa addım atmır: “Belə deyək, bu qurumlar gəlir əldə etmək üçün tər tökmür, gəlir özü sel kimi gəlir. Necə? Mərkəzi Bankın auditoru olan şirkətin rəy verdiyi maliyyə hesabatlarından görünür ki, Mərkəzi Bankın əsas gəliri banklarımıza verdiyi kreditlər üzrə faiz gəliridir. Yəni, xalqın Konstitusiya ilə ona verdiyi səlahiyyət əsasında Mərkəzi Bank pul çap edir, həmin pulu banklara kredit kimi verir və faiz qazanır. Paradoksal hal odur ki, bu model sələmçiliyə söykəndiyi üçün inflyasiya qaçılmazdır, bununla belə hesab olunur ki, mərkəzi banklar inflyasiya ilə mübarizə aparır. İndi təsəvvür edin ki, siz konfet kağızı buraxırsız, hamı da gəlir onu sizdən borc götürür və sizə faiz ödəyir. Yəni oturduğunuz yerdə rahat pul qazanırsız. Çətindir? Əlbəttə, yox. Bundan rahat qazanc ola bilməz. Hələ üstəlik Mərkəzi Bank çap etdiyi pulları xarici valyutaya da dəyişir və bunun müqabilində valyuta ehtiyatları formalaşır. Yenə təsəvvür edin ki, sizin buraxdığınız konfet kağızları müqabilində sizə xarici valyuta verirlər. Kim istəməz belə rahat valyuta qazancını? Hamı istəyər. Həmin bu qazanc hesabına Mərkəzi Bank hər il dövlət büdcəsinə vəsait köçürür, indi isə deyir ki, bir hissəsini köçürməyəcəyəm, özümə yeni bina tikəcəyəm, pul mənimdir, özüm bilərəm. Əslində isə pul onun yox, dövlətindir”.

Ə.Həsənov vurğulayıb ki, “öz vəsaiti hesabına” anlayışı əsasən, özəl şirkətlərin əldə etdiyi gəlirlər üçün uyğun olan bir ifadədir: “Yəni, özəl şirkətlərin prezidentləri belə məsələlərlə fəxr edə bilərlər ki, yaxşı işləyiblər, nəsə istehsal ediblər, satıblar, dünya bazarına çıxıblar, pul qazanıblar. Öz vəsaiti hesabına tikmək nə deməkdir? Mərkəzi Bankın vəsaiti nə deməkdir? Mərkəzi Bank ayrıca bir kommersiya qurumu deyil ki, hardasa kənarda pul qazansın. Mərkəzi Bankın əldə etdiyi vəsait dövlətin vəsaitidir, çünki Azərbaycan Respublikasının Mərkəzi Bankıdır. Ona görə fərqi nədir ki, Mərkəzi Bank vəsaiti büdcədənmi alsın, yoxsa büdcəyə ötürülməli olduğu vəsaitə özünə bina tiksin. Bina olmasaydı, Mərkəzi Bank həmin vəsaiti büdcəyə ötürəcəkdi. Bir daha deyirəm ki, dövlətin vəsaiti tək büdcədə deyil, Mərkəzi Bankın ehtiyatlarında, Dövlət Neft Fondunda və s. saxlanılır”.

Onun söslərinə görə, bir neçə gün öncə ölkə Prezidentinin bəzi məmurlarla yanaşı, Mərkəzi Bank sədrini kəskin şəkildə tənqid etməsi də təsadüfü deyil: “Ölkə başçısının ilk olaraq Mərkəzi Bank haqqında fikir bildirməsi o demək idi ki, onun əsas narazılığı bu qurumla əlaqəlidir. Yəni, Mərkəzi Bank özünə bina tikmək istəyir, halbuki 2 binası var. Qurumun özünə Şuşada filial açma istəyi də təəccüblüdür. Ölkəmizdə Mərkəzi Bankın ərazi idarələri var. Lakin həmin ərazi idarələri banklara xidmət göstərir. Azad edilən ərazilərdə 1-2 bank olsa belə, orada nə xidmət göstərəcəklər ki? Ola bilsin ki, gələcəkdə həqiqətən də azad edilən ərazilərin hansındasa Mərkəzi Bankın ərazi idarəsi olsun, amma bunun Şuşada olması vacib deyil. Prezidentimiz də deyir ki, Şuşa mədəniyyətimizin  paytaxtıdır, məmurların yox. Təbii ki, məmurların bu kimi qeyri-peşəkar təsəbbüsləri ölkə Prezidentini də bezdirib”.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisad elmləri doktoru, professor Əli Əlirzayev isə hesab edir ki, bu məsələdə Mərkəzi Bank rəhbəri fikrini tam ifadə edə bilməyib:

“Azərbaycan Respublikasının Mərkəzi Bank haqqında” qanuna görə, bu qurum dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir, nağd pul dövriyyəsini təşkil edir, Azərbaycan Respublikası Konstitusiyasının19-cu maddəsinin II hissəsinə və bu qanuna müvafiq olaraq pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir. Eyni zamanda, manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir, “Valyuta tənzimi haqqında” qanuna uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir, sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarım saxlayır və idarə edir, qanunvericiliyə uyğun olaraq hesabat tədiyə balansım tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir, ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib edir, məlumatların ümumiləşdirilməsini və yayılmasını təmin edir və s.

Mərkəzi Bankın 1 manatı belə qanunsuz xərcləməyə ixtiyarı yoxdur. Məncə, bina məsələsi və Mərkəzi Bank sədrinin bununla bağlı açıqlaması çox şişirdilir

Mərkəzi Bankın mənfəəti isə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq gəlirlərdən xərclərin çıxılması ilə hesablanır. Mərkəzi Bankın gəlirləri bu qanuna müvafiq olaraq həyata keçirdiyi fəaliyyətdən əldə etdiyi gəlirlərdən və qanunvericiliyə zidd olmayan digər mənbələrdən daxil olan vəsait hesabına formalaşır. Mərkəzi Bankın mənfəətinin bölüşdürülməsinə gəlincə, hesabat ilinin mənfəəti ilk növbədə bu mövcud qanunvericilikdə nəzərdə tutulmuş normativə uyğun olaraq Mərkəzi Bankın kapital ehtiyatlarının formalaşdırılmasına yönəldilir. Kapital ehtiyatları formalaşdırıldıqdan və Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə (o cümlədən müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna) köçürülür. Yəni, Mərkəzi Bankın 1 manatı belə qanunsuz xərcləməyə ixtiyarı yoxdur. Məncə, bina məsələsi və Mərkəzi Bank sədrinin bununla bağlı açıqlaması çox şişirdilir. Hesab edirəm ki, bu məsələdə Mərkəzi Bank rəhbəri fikrini tam ifadə edə bilməyib”.