Rusiyanın Ukraynanı işğalının 10-cu gününə qədəm qoyduğu bir vaxtda Kiyev administrasiyasından yeni addım atılıb. Rusiya işğalına qarşı müqaviməti davam etdirməyi planlaşdıran ölkə onunla mübarizə aparacaqlara kisənin ağzını açıb.
Hafta.az Britaniya mediasına istinadla xəbər verir ki, xarici muzdlulara yeni xarici legion tərkibində rus qoşunlarına qarşı döyüşmək üçün gündə 2 min dollar təklif olunur. İngiltərə, Avropa və ABŞ-da Rusiya işğalı gücləndikcə internetdə veteran əsgərləri müharibəyə çağıran reklamlar görünməyə başlayıb. The Times-a görə, Silent Professionals işə götürmə şirkəti müqavilə və gündə 1000-2000 dollar arası maaş təklif edir.
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra prezident Vladimir Zelenski Rusiya qüvvələrini dəf etmək üçün xarici qoşunları çağırıb. Ukrayna rəsmiləri viza tələbləri qaldırıldıqdan sonra 16 minə qədər əsgərin müraciət etdiyini iddia edib. Silent Professionals deyir: “İşəgötürən ABŞ-da yerləşən şirkətdir. Həm kişi, həm də xanım namizədlər müraciət edə bilər. Bu posta yalnız Avropanın bu hissəsində ən azı 5 il hərbi təcrübəsi olan namizədlər nəzərdən keçiriləcək”.
Silent Professionals-ın rəsmisi BBC-yə deyib: “Ukrayna xalqı təkcə Ukrayna üçün deyil, bütün Avropa üçün azadlıq və demokratiya uğrunda mübarizə aparır. Əgər insanlar bu mübarizəni dəstəkləmək istəyirlərsə, mən də onlara dəstək olacağam.”
Ukrayna Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkovun sözlərinə görə, xarici qoşunların briqadasına 200-ə yaxın xorvat qoşulub.
Məlumatlara görə, Rusiya Ukrayna prezidentinə sui-qəsd etmək üçün paytaxt Kiyevə Kremlin dəstəklədiyi “Vaqner” qruplaşmasının muzdlularını və çeçen xüsusi təyinatlılarını göndərib. Üç sui-qəsd cəhdi Rusiya Federal Təhlükəsizlik Xidmətində "köstəbəklər" üzündən uğursuzluqla nəticələnib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Ukrayna televiziya kanallarına deyib: “Deyə bilərəm ki, Rusiya Federal Təhlükəsizlik Xidmətində çalışan, bu qanlı müharibədə iştirak etmək istəməyən şəxslərdən məlumat almışıq. Beləcə prezidentimizi aradan götürmək üçün bura gələn Kadırovun elit dəstəsi məhv edildi”.