Mirzə Şəfi Vazeh küçəsinin problemləri - FOTO 

18:14 08.08.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın ən böyük yaşayış sahələrindən biri də Sabunçu rayonunun mərkəzi sayılan Bakıxanov qəsəbəsidir. Sözügedən qəsəbənin mərkəzi küçələrini çıxmaq şərti ilə bütün ərazisi baxımsız qalıb. Mirzə Şəfi Vazeh küçəsi daha acınacaqlıdır.

 Paytaxtın sanitar təmizliyi və görülən abadlıq işləri ilə bağlı bu dəfə yolumuzu elə həmin küçənin 4  və 6 saylı yaşayış binaların həyətindən saldıq. Binaların həyəti antisanitariya şəraitindədir. Sınıq zibil qabları tamamilə dolması səbəbindən məişət tullantıları yerə tökülürdü. Sakinlər məcbur olub məişət tullantılarını əraziyə atıb gedirdilər.

Hər iki binanın sakinləri mövcud durumdan şikayətləndilər. Gəlib süpürən yoxdur:” Hərdən bir-iki nəfər Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin süpürgəçiləri gəlir, onlara iradlarımızı bildirdikdə bizi təhqir edirlər. Sabunçu  RMKTB-nin işçiləri məişət tillantılarını vaxtlı-vaxtında daşımadıqlarından külək bütün tullantıları ətrafa səpələyir.  Bu boyda əraziyə 3 ədəd zibil qutusu qoyulub. Onlar da köhnə yarasız haldadır. Birini də aşırıb ağzı üstə qoyublar”.

Sakinlər söylədilər ki, yaşıllığa baxılmır, əkilən ağaclara qulluq göstərilmədiyindən tələf olurlar. Bina sakinləri vaxtilə çoxlu sayda ağac, kol bitkiləri əkib, yaşıllıq salmışdılar. Hər tərəf yaşıllıq idi. Artıq quruyaraq tələf olduğundan ərazi boz səhralığı xatırladır.  Hər iki bina yerləşən ərazi böyük olsa da , nə sakinlərin istirahəti, nə də uşaqların həyətə düşüb oynaması üçün heç bir şərait yoxdur. Əraziyə Sabunçu RMKTB 81 saylı Mənzil Kommunal İstismar Sahəsi baxır. MKİS işçiləri sakinlərdən ancaq kommunal pulu yığmaqla məşğuldurlar. Eləcə də Bakıxanov Bələdiyyəsi. Bu qurumun ümumiyyətlə qəsəbədə fəaliyyəti görünmür. Bununla bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etsək də, heç bir əhəmiyyəti olmayıb. Küləkli gündə gəlib yıxılan ağacları kəsib apardılar. Hələ də həmin ağacların iri budaqları ərazidə qalıb.

Sakinlər onu da dilə gətirdilər ki, əvvəllər yaşlı hündür ağacların ətrafa uzanan qol-budaqlarını budayardılar. Həm ağacda cavanlaşma gedərdi, həm də güclü külək olanda qırılıb yerə düşməzdi. Budama işləri ilə Bakı Şəhər Yaşıllaşdırma İdarəsi  məşğul olardı. Artıq neçə illərdir ki, adıçəkilən qurum tərəfindən yaşadığımız Bakıxanov qəsəbəsində  budama işləri aparılmır.

Sakinlər müvafiq qurumların mövcud problemləri həll etməsini istəyirlər.