Misir ordusu Sinay yarımadasındakı məktəbləri hərbi bazaya çevirib

15:40 30.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyada yerləşən Sina İnsan Haqları Təşkilatı (SFHR) Misir ordusunun Sinay yarımadasında cihadçı qruplarla toqquşmalarında bölgədəki məktəbləri hərbi bazaya çevirdiyini iddia edib.

Hafta.az-ın yazdığına görə, SFHR-nin peyk şəkilləri, videoları, fotoşəkilləri və şahidlərlə müsahibələrə əsaslanan hesabatında ordunun 37 məktəbi hərbi baza kimi istifadə edərək təhsildə axsamalara səbəb olduğu bildirilib.

Təşkilatın direktoru Əhməd Səlim Böyük Britaniyanın aparıcı qəzetlərindən olan Guardian-a deyib:
"Ərazidəki digər binaların əksəriyyəti birmərtəbəlidir, məktəblər isə adətən iki və ya üç mərtəbəli olduğundan hərbi baza kimi istifadə olunur. Bu yolla ordu məktəb binalarına snayperlər yerləşdirə bilər".

Məlumata görə, ordu ələ keçirdiyi məktəblərdə radio qüllələri və qoruyucu divarlar da inşa edərkən, Qahirə rəhbərliyinin lazım gəldikdə şagirdləri başqa məktəblərə köçürmədiyi də iddia edilib. O da bildirilir ki, son 10 ildə yarımadada 59 məktəb münaqişələr zamanı dağıdılıb.

Bəzi hallarda cihadçı qrupların Misir təhlükəsizlik qüvvələrinin məktəbləri ələ keçirməməsi üçün binalara partlayıcı yerləşdirdiyi bildirilib.

Misirin 6 faizini əhatə edən və İsraillə Qəzza zolağının sərhədində yerləşən yarımada Şimali və Cənubi Sinay əyalətinə bölünür.

Məhəmməd Mursi 2013-cü ildə devriləndən sonra xüsusilə Sinay yarımadasının şimalında qarşıdurmalar başlayıb və 2013-cü il çevrilişindən sonra daha da şiddətlənib. Misir ordusu ilə polis və İŞİD və "Əl-Qaidə" ilə əlaqəli təşkilatlar arasında qarşıdurmalar hələ də davam edir. Bölgədəki bir çox hücumun məsuliyyətini üzərinə götürən Ənsar Beyt əl-Maqdis 2014-cü ildə adını “Sina vilayəti” olaraq dəyişdirdiyini və İŞİD-ə qoşulduğunu açıqlayıb.