Misirdən İsrailə xəbərdarlıq: “Bunu sülh sazişinin pozulması hesab edərik”

09:05 17.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsraillə Misir arasında Filadelfiya (Səlahəddin) dəhlizi ilə bağlı gərginlik artır. Filadelfiya dəhlizi Misirlə Qəzza arasındakı 14 kilometrlik sərhəddə yerləşən 100 metr enində bölgəyə verilən addır.

Hafta.az-ın yazdığına görə, İsrailin baş naziri Binyamin Netanyahu son həftələr verdiyi açıqlamada ordunun dəhlizi ələ keçirməli olduğunu bildirib və Qəzzanın tərksilahına yalnız bu yolla nail oluna biləcəyini iddia edib.

Misir administrasiyası isə Netanyahunun bu sözlərlə birbaşa Qahirəni silah qaçaqmalçılığına icazə verməkdə ittiham etdiyini düşünür.

Misir Dövlət İnformasiya Mərkəzinin direktoru Daya Rəşvan açıqlamasında bu ittihamların “cəfəngiyyat” olduğunu bildirib. Misir televiziya kanalına müsahibə verən Rəşvan deyib ki, dəhlizin işğalı 1979-cu ildə Vaşinqtonda imzalanmış Misir-İsrail sülh sazişinin pozulması olacaq.

Razılaşmanın Misirlə İsrail arasında 31 illik müharibəyə son qoyduğunu xatırladan Rəşvan İsrailin "ən yaxşı qonşusunu" narahat etməməli olduğunu bildirib.

Rəşvan bildirib ki, İsrail Filadelfiya dəhlizini ələ keçirməyə cəhd edərsə, Misir öz milli təhlükəsizliyini qoruyacaq.

2005-ci ildə İsrailin o zamankı baş naziri Ariel Şaron Qəzzanı tərk etmək qərarına gəldikdən sonra Misirlə İsrail arasında dəhlizə nəzarətlə bağlı müqavilə imzalanıb. Razılaşmaya əsasən Misir ordusuna dəhlizdə 750 əsgər saxlamağa icazə verilib.

Qahirə Universitetinin Siyasi Elmlər Departamentindən Mustafa Kamal əs-Seyid Əhrəmə danışarkən deyib ki, İsrailin dəhlizi geri alması Netanyahunun mövqeyini gücləndirə bilər. Seyid, "Netanyahu kritik vəziyyətdədir və bu səbəbdən Misir, ABŞ və ya ərəb ölkələri ilə əlaqələri düşünmədən Filadelfiya dəhlizinə qarşı hərbi əməliyyat keçirə bilər" deyib.

İsrailin Misirdəki keçmiş səfiri Dr. Haim Koren, dəhliz vasitəsilə Qəzzaya silahların qaçaqmalçılıq yolu ilə gətirildiyi dövrlərin olduğunu ifadə edərək, "Bu, İsrail üçün narahatlıq yaradır. İsrail bunların bir daha yaşanmaması üçün dəhlizi nəzarətə götürmək istəyir" deyib.

Siyasət rubrikasından digər xəbərlər