Misirlə BƏƏ 500 milyon dollarlıq buğda idxalı müqaviləsi imzalayıb

12:30 16.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 500 milyon dollar dəyərində buğda idxalını maliyyələşdirmək üçün 5 illik maliyyə proqramı sazişini imzalayıb.

Hafta.az-ın yazdığına görə, razılaşma Misirlə BƏƏ arasında möhkəm münasibətlər və hökumətin ərzaq təhlükəsizliyinin təşviqinə yönəlmiş tədbirləri nəticəsində əldə edilib. Bildirilib ki, buğda idxalının maliyyələşdirilməsini nəzərdə tutan saziş Əbu Dabi İnkişaf Fonduna bağlı Əbu-Dabi İxrac Ofisi ilə imzalanmış ilk əməkdaşlıq müqaviləsidir.

Misirin beynəlxalq əməkdaşlıq naziri Dr. Rania əl-Məşat qeyd edib ki, yeni saziş Misirlə BƏƏ arasında strateji əlaqələrin dərinliyini əks etdirir, iqtisadi inteqrasiyanın gücləndirilməsinə və birgə inkişaf səylərinin dəstəklənməsinə diqqət yetirir.

Misir hökumətinin dövri maliyyələşdirmə yolu ilə ərzaq təhlükəsizliyini artırmaq üçün gördüyü tədbirlərə uyğun olaraq yerli buğda bazarının ehtiyaclarını qarşılayacaqlarını vurğulayan əl-Maşat, asanlaşdırılmış inkişaf maliyyəsi ilə ərzaq təhlükəsizliyini artırmağı hədəflədiklərini bildirib.

1971-ci ildən Əbu-Dabi İnkişaf Fondu ilə əlaqələri qiymətləndirən əl-Məşat bildirib ki, bunun nəticəsində su, səhiyyə, mənzil tikintisi kimi prioritet sektorlarda ümumi dəyəri 4 milyard dirhəm olan 20 layihə maliyyələşdirilib. O, həmçinin BƏƏ-nin 17 əyalətdə ümumi tutumu 1,5 milyon ton olan 25 taxıl anbarı layihəsini maliyyələşdirdiyini, Misirin prioritet inkişaf hədəfləri və 2030-cu ilə qədərki hədəflərinin reallaşması istiqamətində gələcək əməkdaşlıq sahələrini müzakirə edəcəklərini bildirib.