İsrailin xarici kəşfiyyat agentliyi “Mossad”ın rəhbəri David Barnea Rusiyanın İrana qabaqcıl silahlar verməsindən və onun “mövcudluğunun sonu”ndan narahat olduqlarını bildirib.
Hafta.az-ın yazdığına görə, Barnea ölkəsində keçirilən terrorla mübarizə konfransındakı çıxışında “İran Ukraynaya qarşı hücumda istifadə edilmək üçün Rusiyaya qısa və uzaq mənzilli raketlər, pilotsuz uçuş aparatları (PUA) satmağa çalışır" deyib.
Tehranın gələcəkdə başqa silahlar da satmağı planlaşdırdığını və bunun qarşısını alacaqlarını ifadə edən Barnea, "Qorxumuz odur ki, ruslar bunun müqabilində iranlılara qabaqcıl silahlar versinlər. Bu, sülhümüzə və hətta burada mövcudluğumuza təhlükə yarada bilər" deyə əlavə edib.
“Mossad” rəhbəri iddia edib ki, onun təşkilatı və beynəlxalq tərəfdaşları İsraili və yəhudiləri hədəf alan 27 hücumun qarşısını alıb. Hansı ki, bu hücumların arxasında məhz İran var.
İrana “əvəz ödəməyin vaxtıdır” deyən Barnea, bu əvəzin İrana “sahədəki işbirlikçilərdən tutmuş ən yüksək səviyyələrə, İranın dərinliklərində, hətta Tehranda” ödənilə biləcəyi ilə hədələyib.