Yazını böyüt
Yazını kiçilt
Hər iki övlad bildirib ki, hələ sağlığında N.Babayevaya məxsus obyekti əlindən almağa cəhd ediblər, amma o, müqavimət göstərib və məhkəmə proseslərini udub: “Onu ancaq öldürməklə əmlakını əlindən ala bilərdilər, onu da etdilər“, - deyə qızı G.Həbibova deyib.
Budəfəki konfransda da onlar təkidlə dedilər: “Əvvəlki müraciətlərimizdə də bildirmişik ki, Xaçmaz rayon prokuroru R.Məlikov bazarı ələ keçirmək istəyən RİHB Ş.Xanbabayev, A.Mərdanov, RİC-in sabiq sədri A.Yaqubov və digərlərindən ibarət dəstəyə ilk gündən prokuror kimi əlindən gələn köməkliyini edib. R.Məlikovun həmin qruplaşma ilə bağlılığının olması, bu gün məhkəmələrdə mübahisələndirilən torpaq sahəsini xoşluqla verməsə, anamız haqqında cinayət işi qaldıracağı barədə hədələri, bazarda vergi yoxlamasının təşkil edilməsində yer alması qaçılmaz faktdır“.
Bundan başqa, hər iki övlad hazırda da bu qətlin sifariş olduğunu deyərək, bunun arxasında rayon rəhbərlərindən bir çoxunun dayandığını iddia edirlər. Övladlar analarının qətlinin sifarişli olmasını qətldən dərhal sonra yayılmağa başlayan şayiələrlə əsaslandırmağa çalışdılar: “Anam qətlə yetiriləndən cəmi 5 dəqiqə sonra onun ailə daxilində qətlə yetirilməsi şayiəsi rayonu bürüdü, özü də buna görə qardaşımın adını çəkirdilər və şayiəni yayan da prokurorun sürücüsü idi. Şayiəni yaymaqda məqsəd diqqəti qətlin sifarişli olmasından yayındıraraq, onu ailədaxili münaqişə kimi tanıtmaq idi“. Qeyd edək ki, rayon prokuroru N.Babayevanın oğlu Cavid Həbibovu anasını öldürməkdə ittiham edib. Təkcə buna görə ki, N.Babayeva əmlaka rəhbərliyi 4 övladına rəsmi qaydada təhvil verdiyi halda, bu sırada Cavidin adı olmayıb. Amma aparılan istintaq bu mülahizənin doğru olmadığını sübut edib.
Bundan əlavə bildirilir ki, N.Babayevanın qızı Gülnarəni şantaj edərək Baş Prokurorluğa şikayət etməyinin qarşısını almağa çalışması barədə dediklərindən R.Məlikovun ustalıqla boyun qaçırmasını başa düşmək olar: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciətlərimizdə yazdığımız və bu gün qətlin açılmasında ən önəmli rol oynaya biləcək faktları - hadisə baş verən evin arxa hissəsindəki ayaq izlərini, eləcə də qətl baş verən yerdə digər izləri götürməməsini nə ilə izah edə bilər? Təcrübəsizlik, yoxsa əvvəlki qərəzli fəaliyyətini davam etdirmək? Təcrübəsizlik anlayışı uzun illərin təcrübəli prokuroruna şamil oluna bilməz“.
Cinayətin aydınlığa çıxması üçün qətlə yetirilən şəxsin övladları mətbuat vasitəsilə bir daha dövlət başçısına müraciət etdilər: “Biz ölkə prezidenti İlham Əliyev cənablarına, ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya müraciət edirik. Bir bazarı ələ keçirmək üçün hər şeyə əl atan insanların əməllərinə hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara göstəriş versinlər“.
Sevda Zahidqızı