Netanyahu müharibədən şəxsi maraqları üçün istifadə edir

09:43 24.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsraildə keçirilən son sorğuya görə, Qəzza müharibəsindən üç ay yarım keçdiyi üçün Baş nazir Benyamin Netanyahunun səsləri azalır.

Hafta.az-ın yazdığına görə, “Kanal 13”ün keçirdiyi sorğunun nəticələrinə görə, müharibə kabinetində də yer alan Benni Qantsın rəhbərlik etdiyi Milli Birlik Partiyası yarışa liderlik edir. Məlum olub ki, bu bazar günü İsraildə seçki keçirilsəydi, hazırda 120 yerlik parlamentdə 12 yerə sahib olan Milli Birlik Partiyası bu rəqəmi 37-yə yüksəldəcək, Netanyahunun partiyası “Likud” üçün isə yer sayı 32-dən 12-dək azalacaq.

2022-ci ilin noyabrında keçirilən seçkilərdə ümumilikdə 64 mandat qazanan hakim koalisiya partiyalarının yeni seçki olacağı təqdirdə parlamentdə əldə edəcəyi ümumi mandatların sayı 46-dır.

Sorğunun digər təəccüblü nəticəsinə görə, israillilər Netanyahunun müharibədən şəxsi maraqları üçün istifadə etdiyini düşünürlər. Rəyi soruşulanların 53 faizi baş nazirin şəxsi maraqlarını nəzərə alaraq müharibə ilə bağlı qərarlar verdiyini bildirib. Netanyahunun ölkənin rifahı üçün hərəkət etdiyini düşünənlərin nisbəti yüzdə 33 olaraq qalıb.

Sorğunun nəticələrində İqtisadiyyat naziri Nir Barkatın Netanyahunu Likud Partiyasının başçısı kimi əvəz edərsə, partiyadakı yerlərin sayının 16-dan 21-ə yüksələcəyi ilə bağlı proqnozu diqqət çəkib.

İsraildə son günlərdə iz buraxan başqa bir hadisə də Netanyahunun həyat yoldaşı Sara Netanyahunun hökumət sözçüsü Eylon Levinin istefasını tələb etməsi olub.

Bazar günü İsrail mediasının verdiyi xəbərlərdə Sara Netanyahunun müharibədən əvvəl hökumətə qarşı çıxdığını və məhkəmə islahatları əleyhinə nümayişlərdə iştirakını əsas gətirərək Levinin istefaya göndərilməsini istədiyi iddia edilib.

“Kanal 12”də yayımlanan xəbərdə, Levinin bir neçə həftə içində işdən çıxarılmasını nəzərdə tutan qərarın bazar ertəsi ictimaiyyətin reaksiyasına görə ləğv edildiyi bildirilib.

Xəbərdə son vaxtlar Levinin mətbuat qarşısına çıxma müddətinin rəhbərləri tərəfindən azaldıldığı vurğulanıb.

Levi 7 oktyabr hücumlarından dərhal sonra hökumət sözçüsü təyin edilib, qısa vaxtda ABŞ və Britaniya kanallarında tez-tez görünən İsrail fiqurlarından birinə çevrilib.

Bu arada, Sara Netanyahu İsrailin Böyük Britaniyadakı səfiri Tzipi Hotoveli də Levini “böyük ictimai diplomatiya ulduzu” kimi təriflədiyi üçün danlayıb.