Növbətçi apteklərimiz niyə azdır?

13:18 19.08.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın əksər bölgələrində, eləcə də paytaxtda 24 saat işləyən növbətçi apteklər olsa da, onların sayı çox deyil. Bəzi apteklərin girişində isə 7 gün 24 saat işlədiyi qeyd olunmasına baxmayaraq, axşam müəyyən saatdan sonra onların fəaliyyəti gözə dəymir. Gecə saatlarında dərmana ehtiyacı olanlar saatlarla açıq aptek axtarmaq məcburiyyətində qalırlar. Nəticədə əlavə vaxt itkisi səbəbindən xəstələrin həyatı təhlükə ilə üz-üzə qalır. Bu isə vətəndaşların haqlı narazılığına səbəb olur.

Bəs, görəsən, mövcud qanunvericilikdə bu məsələ necə tənzimlənir? Problemi aradan qaldırmaq üçün hansı addımların atılmasına ehtiyac var?

Qeyd edək ki, beynəlxalq təcrübədə apteklər, əsasən, növbətçilik prinsipi ilə fəaliyyət göstərirlər. Məsələn, qonşu Türkiyədə apteklər həftə içi və şənbə günləri saat 09:00-dan 19:00-dək açıqdır. Növbətçi apteklər 24 saat açıqdır. Bazar və bayram günlərində də apteklər növbətçidir. Növbətçi apteklər normal iş saatlarını uzadır və çox vaxt gecəyə qədər xidmət göstərirlər. Bu yolla xəstələr dərman təminatında heç bir problem yaşamırlar. Növbətçi apteklərin sayı şəhərin böyüklüyündən və ya kiçikliyindən asılı olaraq dəyişə bilər. Buna görə də onların dəqiq sayı yoxdur və şəhər quruluşu nəzərə alınmaqla müəyyən edilir. Hansı gün və hansı apteklərin növbətçi olacağını Əczaçılıq Palatası koordinasiya edir. Yəni hər bir aptek prosedura uyğun olaraq növbətçilik statusunu və iş vaxtını müəyyən edir.

Bu ölkədə növbətçi apteklər gündəlik dəyişir, yəni hər gün növbətçi statusu başqa aptekə keçir. Növbətçi aptek tapmaq üçün iki üsul var. Belə ki, növbətçi aptekləri internet üzərindən canlı izləmək olar. Bundan başqa, müvafiq rayonun bələdiyyə səhifələrinə və ya vilayətin Əczaçılar Palatasının internet səhifələrinə baxmaq olar. Ümumiyyətlə, bu qurumların internet saytlarında növbətçi apteklərin siyahıları aktual şəkildə saxlanılır. İnternetin olmadığı və ya internetdən istifadə olunmayan yerlərdə də növbətçi apteklər tapmaq mümkündür. Belə ki, apteklər adi pəncərələrində siyahı asırlar, bu siyahıdan hansı aptekin hansı gün açıq olduğunu öyrənmək olar. Ümumiyyətlə, apteklərin sayı əhalinin sıxlığından asılı olaraq müəyyən edilir. Bu səbəbdən əhalinin sıx olduğu yerlərdə apteklər daha çox olur və təbii olaraq növbətçi apteklərin sayı da çoxdur. Ən çox növbətçi aptek İstanbuldadır. Gündəlik 122-125 aptek fəaliyyət göstərir. Hər rayonda növbətçi aptek olduğundan onu tapmaqda problem yoxdur. İstanbulun rayonlarında ümumilikdə 3-4 növbətçi aptek var. Məsələn, Kadıköy kimi fəaliyyətin sıx olduğu rayonlarda bu rəqəm 7-yə çatır. Ankaranın digər böyük şəhəri Çankaya rayonunda 5-7 aptek növbətçiliyi ilə məşğuldur. Bundan əlavə, Türkiyənin ən sıx məskunlaşdığı Esenyurt rayonunda təxminən 4-5 gündəlik növbətçi aptek var. Fərqli bir misal gətirək, Türkiyənin ən böyük rayonlarından biri olan Qaziantepin Şehitkamil rayonunda gündəlik növbətçi 5-6 aptek var.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən sosial məsələlər üzrə ekspert İlqar Hüseynli deyib ki, Azərbaycan qanunvericiliyində bu istiqamət üzrə tənzimləmə mexanizmi nəzərdə tutulmayıb: “Apteklər özəl sektora aiddir. Bu sektorun da işi ilə bağlı öz qrafiki var. İş saatına görə xüsusi tələb yoxdur. Tutaq ki, 7\24 saat yazılan aptek göstərilən qrafikdə işləmirsə, ona heç kim müdaxilə edə bilməz. Təbii ki, belə apteklərin sayının az olması problemdir. Hesab edirəm ki, bu məsələdə dövlətin tənzimləyici mexanizmi işə düşməlidir. Əslində, sovet dövründə növbətçi aptek sistemi mövcud idi. Bu apteklər bütün bölgələri əhatə edirdi. Lakin sonradan sistem tamamilə sıradan çıxdı. İndi bu məsələni tənzimləmək üçün qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Hesab edirəm ki, “Əczaçılıq fəaliyyəti haqqında” qanunda bu məsələ təsbit olunmalıdır. Və ya adiyyəti qurumlar tərəfindən müvafiq normativlərə əlavə və dəyişikliklər də edilə bilər”.

Onun sözlərinə görə, hazırda bu mexanizm Türkiyə, Rusiya, Belarusiya kimi ölkələrdə çox yaxşı işləyir: “Növbətçi apteklərin sayı şəhərlərin böyüklüyündən və ya kiçikliyindən asılı olaraq dəyişir. Hansı gün və hansı apteklərin növbətçi olacağını aidiyyəti qurumlar koordinasiya edirlər. Bu sistemi Azərbaycanda da tətbiq etmək mümkündür”.