“Növbəti beş ildə Çinin məhsul idxal və ixracı 32 trilyon dolları keçəcək” – Si Cinpin

11:45 18.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Növbəti beş ildə Çinin məhsul idxalı və ixracı ümumilikdə 32 trilyon dolları, xidmət ticarəti isə 5 trilyon dolları keçəcək”.

Hafta.az-ın yazdığına görə, bunu Pekində keçirilən “Bir kəmər, bir yol” üçüncü yüksək səviyyəli forumunun açılışında Çin Xalq Respublikasının sədri Si Cinpin deyib. Dövlət başçısı qeyd edib ki, Çin İpək Yolu e-ticarət əməkdaşlıq zonası yaradacaq və çox sayda ölkə ilə azad ticarət və sərmayələrin qorunmasına dair sazişlər üzrə danışıqlar aparacaq.

Cənab Cinpinin sözlərinə görə, Çinin dövlət bankları olan Çin İnkişaf Bankı və Çin İxrac-İdxal Bankı “Bir kəmər, bir yol” təşəbbüsünün layihələrinin hər birinə 350 milyard yuan ayıracaq.

Xatırladaq ki, bu gün Pekində “Bir kəmər, bir yol” üçüncü yüksək səviyyəli forumunun rəsmi açılış mərasimi olub. Forumun əsas mövzusu “Bir kəmər, bir yol”un yüksək keyfiyyətli tikintisinə, birgə inkişafa və tərəqqiyə nail olmaqdır”.

“Bir kəmər, bir yol” forumunda işgüzar konfransın iştirakçıları ümumi dəyəri 97,2 milyard dollar olan əməkdaşlıq sazişləri imzalayıblar” deyən Çin Xalq Respublikası sədrinin sözlərinə görə, Çin yaşıl infrastruktur, yaşıl enerji və yaşıl nəqliyyat kimi sahələrdə əməkdaşlığı dərinləşdirməyə davam edəcək və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Beynəlxalq Yaşıl İnkişaf İttifaqına dəstəyi gücləndirəcək.

Xatırladaq ki, Üçüncü “Bir kəmər, bir yol” Forumu oktyabrın 17 və 18-də Pekində keçirilir, tədbirdə 140 ölkədən 4 mindən çox nümayəndə iştirak edir.

“Bir kəmər, bir yol” forumu çərçivəsində 150-dən çox ölkə və 30-dan çox beynəlxalq təşkilat əməkdaşlığa dair sənədlər imzalayıb.