O ölkədə qadınlar ana olmaq istəmir

09:30 07.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Baş nazirinin müavini Tatyana Qolikova ölkədə 28 federal dairənin “demoqrafik qışa” girdiyini açıqlayıb. Federasiya Şurasında çıxış edən Qolikova bildirib ki, bu bölgələrdə qadınların ailəsi, evi, normal gəliri yoxdursa, uşaq dünyaya gətirmək istəmirlər.

Hafta.az-ın “Moskovskiy komsomolets” qəzetinə istinadən yazdığına görə, Rusiyanın son 10 ildə təşviq cəhdlərinə baxmayaraq, gözlənilən körpə bumu gəlməyib və əhali problem daha da ağırlaşıb.

Hər 1000 nəfərə düşən yeni doğulmuş körpələrin sayı 2019-cu ildə 10,1 olduğu hesablandığı halda, 2022-ci ildə 8,9-a, 2023-cü ilin ilk 4 ayında isə 8,5-ə enib. Bu göstəricidə Rusiya dünyada 190-cı yerdədir. Qolikova bildirib ki, Qafqaz və nisbətən zəngin regionlar istisna olmaqla, rus qadınlar uşaq dünyaya gətirməkdən çəkinirlər.

Baş nazirin müavini uşaq dünyaya gətirəcək yaşında olmasına baxmayaraq ana olmağı seçməyən qadınların sayının 4,5 milyon olduğunu, 4,3 milyon qadının isə yalnız bir uşağı olduğunu açıqlayıb.

Həmin sessiyada çıxış edən senator Lyudmila Narusova ölkəsinin Ukraynaya qarşı hərbi təcavüzə başlama faktoruna diqqət çəkib. Narusova xatırladıb ki, uşaq dünyaya gətirmək üçün qadınla yanaşı kişi də lazımdır. Narusova atalıq yaşında olan kişilərin əksəriyyətinin hərbi xidmətə çağırıldığını və heç də hamısının geri qayıtmadığını deyib.