İlqar həm cəsur döyüşçü, həm də çox gözəl idmançı idi
Günlər bir-birini qovaraq bir göz qırpımında nə tez gəlib keçdi. Qarabağ qazisi Ilqar Baxşəliyevin ölmündən bir il keçir. Düz bir ildir ki, onun ruhu doğma el-obamızı, doğulduğu ata yurdu olan Ağdamın Kollanı ellərini, Əlimədədli kəndini gəzir. Ən yüksək dağlarla çıxıb ruhu ilə kəndin başı üzərindəki o qara buludları qovur. İlqar həyatı çox maraqlı keçib. O həm bir döyüşçü kimi qəhrəmanlığı ilə, həm də idmançı, xeyirxah insan kimi şirin xatirələri ilə müəllimlərinin, sadə kənd camaatının, döyüşçü yoldaşlarının xatirəsində qalıb.
Onbir il il orta məktəbdə ona dərs demiş müəllimi Alış Daşdıyevin xatirəsində İlqar cür qalıb. Qarabağ Muharibəsi Veteranı “Həftə içi”nə onun keçdiyi həyat yolundan kövrələ-kövrələ, ürək ağrısı ilə danışdı:” Heyif İlqardan, o mənim sevimli şagirdim olub. Çox tərbiyəli və cəsur uşaq idi. Sınaqdan keçmiş belə bir deyim var ki, Allahtəla çox istədiyi bəndəsini tezliklə öz dərgahına aparır. Rəhmətlik İlqar da Allahın sevimlilərindəndir ki, tez, hələ cavankən öz sevdiklərinin yanına apardı. İlqar Baxşalıyev həm bizim şagirdimiz olmuşdu, həm də tale elə gətirdi ki, torpaqlarımızın müdafiəsində birgə iştirak etdik. Mən könüllü kimi, İlqar isə hərbi çağırışçı kimi.Əvvəlcə orta məktəb həyatı haqqında yaddaşımda qalan xatirələrdən danışım.
-Mən Əlimədədli kənd orta məktəbində təşkiları işlər üzrə direktor müavini işləyirdim. İlqar hələ aşağı siniflərdə oxuyarkən yaşıdları içərisində sözün yaxşı mənasında seçilən uşaqlardan idi. Mən yeddinci sinifdən İlqargilin sinfinə fizika dərsi tədris etdim, ta on birinci sinifi qurtarana kimi. İlqar orta səviyyədə oxuyan şagird idi. Dərsə gecikməzdi. Dərsdən qalmazdı. Mənim müşahidəmə görə istirahət günlərində, bayram günlərində, tətillərdə məktəbə tələsən, dərslər tez başlasaydı deyən şagirdlərdən idi.
-Mən həm təbiətimə rəğmən ,həm də daşıdığım vəzifəyə uyğun olaraq çox müşahidələr aparırdım. Şagirdlərin bu günü və gələcəyi haqqında təssuratlarımı, müşahidələrimi yazırdım. O yazdıqlarım və digər sənədlərim məktəbdə qovluqda idi. Çox təssüf ki onlarin hamısı elə oradaca qaldı.Xatirimdə qalan budur ki İlqar haqqında üç müxtəlif vaxtda qeydlər etmişdım –aşağı sinifdə,səkkinci sinifdə və on birincı sinifdə. Aşağı sinifdə qeyd etmişdim ki, bu uşaq sən, deyib-gülən, açıq xasiyətlı,şəxsiyətini gözləyən,dürüst bir insan olacaq. Yeri gəlmişkən, uşaqlar məndən soruşan da ki, insan nədir, adam nədir, mən onlara izah edirdim ki, adam kəmiyyət, insan isə keyfiyyət ölçüsüdür. Bir yerdə on nəfər dayanıb. Deyirik ki, burada on adam var, neçəsi insandır, yəni neçəsi xeyirxahdır, insan pərvərdir, vətənini sevəndir, imkansıza əltutandır və sairə. Eşitmisinizmi deyirlər filankəs insan adamdır.
-Səkkinci sinifdə oxuyanda yazmışdım ki, İlqar möhkəm və qüvvətli bədənə sahib olacaq.Özündən zəifləri müdafiə edəcək, onların haqqının tapdanmasına imkan verməyəcək. Haqsızlığa qarşı çıxacaq. Müharibə, torpaqlarımızın itkisi başqa tay-tuşları kimi İlqarında bəzi arzularının üstündən xət çəkdi. Ancaq İlqar öz doğru yolunu seçdi.
-İlqar yaxşı idmançı idi. Futbolu daha da yaxşı oynayırdı. Keçilməz müdafiəçi idi. Həyatın ironiyasına bax. Bir vaxtlar İlqar Əlimədədli kənd orta məktəbinin futbol komandasının qapısını müdafiə edirdi. Sonralar isə torpaqlarımızı düşmənlərdən müdafiə edirdi.
-Düzdür nə İlqar, nə biz, nə də minlərlə şəhid və qazilərimiz torpaqlarımızı müdafiə edə bilmədik. Bunun günahkarları da biz deyildik. Allah şeytanın böyüyünə lənət eləsin. Bu ayrı söhbəti mövzusudur.
On birinci sinifdə isə qeyd etmişdim ki, indiyə qədər müşahidə etdiklərimın, İlqar haqqında fikirləşdiklərinin demək olar ki, hamısı doğru çıxdı:
-İlqar mərd, qoçaq, özünün-sözünün sahibi, haqsızlığa dözməyən, vətənpərvər elin xeyninə-şərinə yariyan biri kimi yetişib. Atalar yaxşı demişdir –ot öz kökü üstə bitər. Artıq Qarabağ hadisələri başlayırdı. Əlisilahlı azğınlaşmış ermənilər azərbaycanlılar yaşayan qonşu kəndlərə hücum edib, onların mal-qarasını, qoyun sürülərini yığıb aparırdı. Kəndimiz Ağdərə rayonunun Qazançı kəndi ilə həmsərhəd idi. Vaxtilə bizə kirva deyib, torpaqıarımızda məskən salıb, çörəyimizi yeyib,suyumuzu içib yuva quran bədnam qonşularımızın basqısından qorunmaq üçün 1988-ci ildən kəndin əhalisi postlar qurub növbə çəkirdik. İlqar da başqa həmyaşıdları ilə birlikdə postlara gəlir və orada gecələyirdilər. Ona görə deyirəm ki, İlqargil ali təhsil arxasınca gedə bilmədilər. Özləri üçün xəyallarında tutduqları karyeranı qura bilmədilər.Səbəb müharibə və torpaqlarımızın itirilməs oldu .
Biz orta məktəbdə hər il çoxlu sayda tədbirlər keçirirdik. Yeni il, Novruz bayramı, buraxılış gecəsi, disputlar, fizika gecəsi, tarixi yerlərə ekskursiyalar və s. Bütün tədbirlərdə İlqar yaxından iştirak edir və baş rollarda olardı. Heyif ki, o vaxtlar video yox idi, şəkillər isə çox çəkdirmişdik. Yenə o şəkillərin çoxu kənddə qaldı.
Erməni və rus hərbi birləşmələri torpaqlarımızı işğal etməyə başladılar. Bu elan olunmamış müharibə idi. Müharibə İlqar kimi neçə-neçə oğlanların həyat yolunu seçməyə imkan vermədı. İlaqarin əsgərlik vaxtı çatdı. O da həmyaşıdları kimi əsgərliyə- müharibəyə getdi. Artıq o vaxtlar biz könüllüləri ləğv etmişdilər. Ona görə də biz bir yerdə döyüşdə iştirak etmədik. Sonralar eşitdim ki,Şahbulaq uğrunda gedən döyüşdə İlqar yaralanıb. Ermənilərə əsir düşməmək üçün özünü atmaq istəyib. Yuxarıda dedim ki, İlqar çox qürurlu oğlan idi.
Ermənilər tutduqları əsirlərə qarşı heç bir insanlığa sığmayan, müharibə qanununa uyğun olmayan vəhşiliklər edirlər. Ona görə də İlqar qanlı döyüşlərin birində düçmənə əsir düşməsin deyə özünü atmaq istəyib. Elə biz özümüz də cibimizdə əlavə güllə və qranat saxlayırdıq ki, əsir düşsək özümüzü öldürək.
İlqarı döyüşçü yoldaşları bu fikirdən yayındırıblar və döyüş bölgəsindən çıxarıb hərbi hospitala göndərmişdilər. Mən də xəstəxanada İlqarın yanına getdim. Sonra İlqar sağalıb yenidən döyüşə qayıtdı”.
Çox qorxmaz oğul idi İlqar, Qazançı, Sırxavənd, Canyataq, Gülyataq uğrunda gedən döyüşlərdə fədakarlıq göstərdi.Sıravi olsa da zabit çatışmazlığı səbəbindən bölük komandiri vəzifəsinə təyin olunub və bir neçə ay bu vəzifəni icra etdi. 1994-cü ildə cəbhədə atəşkəs elan olunandan sonra da bir neçə il xidmət etdi”.
Baxmayaraq, öz doğma torpaqlarını,yurd-yuvasını itirmişdi Qarabağ qazisi. Qaçqınçılığı qəbul etmirdi, Köçkün sözünü özünə ar bilirdi və deyərdi kişi də torpağını qoyub gələrmi, öz vətənində qaçqın-köçkün olarmı? Böyük bir vətən sevgisi ilə, umidlərlə yaşayırdı. Sabaha nikbin baxan İlqar bir Qarabağ qazisi “Mirzəyev”çi kimi göyüşə hər vaxt hazır olduğunu, Ali Baş Komandanın əmrini gözləyirik deyərdi. Həmişə İçindən yana-yana, qovrula-qovrula söyləyərdi:”Biz topaqlarımızı ancaq döyüş yolu ilə azad edə bilərik. “Mirzəyev”çilər cəsur olublar, heç vaxt erməni faşistlərinə boyun əyməyiblər, döyüş meydanından qaçmayıblar, həmişə qisasa qisas,qana-qan deyiblər. Biz “Mirzəyev”çilər həmin o savaşı gözləyirik. İnanıram ki, əlimizə silah alıb döyüş bölgəsinə gedib düşmənlərimizdən layiqincə qisas alacağıq. Nə qədər ki, torpaqlarımız düşmən tapdağı altındadır cəmi şəhidlərimizin, komandirimiz Şirin Mirzəyevin, kəndçilərimiz komandir müavini Mehralı Rəhimovun, Azərbaycanın Milli Qəhrənanları ƏliAbbas İsgəndərovun, Yelmar Edilovun, sıravi döyüşçü Elşən Edilovunin, Elnur Gülməmmədovun, polis zabiti Səməndər Əhmədovun, Şirin Məmmədovun eləcə də digər şəhid olan döyüşülərimizin ruhu rahatçılıq tapmayacaq. Biz döyüşə getməmişdən öncə kişi andı içib demişdik ki, öldü var, döndü yox, bir qarış da olsun belə torpaqlarımız düşmənə qalmamalıdır. Ya ölməliyik, ya da torpaqlarımızl azad etməliyik. Təəssüflər olsun ki, döyüşdük, amma ölmədik, torpaqlarımız xəyanət nəticəsində ermənilərə verildi. Bu gün rahatlıq tapa bilmirəm. Kişiliyimizə sığmır ki, babalarımızın qəbri düşmən tapdağı altında qalsın, kafir düşmənlərimiz doğma yurd yerlərimizdə yeyib-içib kef çəksinlər, biz isə Bakıya gəlib öz həyatımızı yaşayaq. Bu yaşamaq deyil, bu qeyrətimizə, kişiliyimizə sığmaz bir həyatdır. Bu cür yaşamaqdansa ölüm yaxşıdır.
İlqarın arzusu doğma torpaqlara qayıtmaq, üçrəngli bayrağımızı Şuşada, Xankəndində, Ağdamda, doğulduğu Əlimədədli kəndində dalğalandığını görmək idi. Təəssüflər olsun ki, bir çoxları kimi amansız ölüm onun da arzusunu ürəyində qoydu.Allah sənə rəhmət eləsin, İlqar!
Ondan yadigar qalan azyaşlı oğlu hələ də atasının ölmünə inanmır. Bir ildir ki, ata yolunu gözləyir. Bir ildir ki. xəstə anası Ayna xanım yas içindədir, ağlamaqdan gözləri də saralıb. Amma biz deyirik, ağlama igid anası, başınızı dik tutun.İlqar kimi igid oğulları ağlamazlar. Təki vətən sağ olsun!