On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə cəzalar müəyyən edilib.
Bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iyunun 11-də keçirilən iclasında müzakirəyə çıxarılmış Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsinə əsasən, on altı yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsi iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.