Sosial şəbəkələrdə söyüş və təhqir hallarının artması artıq təkcə fərdi etik davranış məsələsi deyil, ictimai müzakirə predmetinə çevrilmiş ciddi sosial problemdir. Təəssüflər olsun ki, virtual məkanın sərhədsiz azadlığı bəzi hallarda məsuliyyətsizliyə aparır, söz azadlığı isə təhqir və aşağılama ilə səhv salınır. Problemin həlli yolları nədir? Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnsanlar burada fikirlərini, hisslərini, gündəlik həyatlarını paylaşır, yenilikləri izləyir, cəmiyyətlə əlaqə saxlayır. Bu müsbət haldır, amma xoşagəlməz, arzuolunmaz tərəfləri də var: söyüş, təhqir, şəxsi hücumlar, destruktiv şərhlər və nifrət dili.
Hafta.az olaraq sosial şəbəkələrdə söyüş və təhqirin səbəblərini, nəticələrini, cəmiyyət üçün hansı riskləri yaratdığını və bu problemlə mübarizədə görülə biləcək tədbirləri araşdırmaq istədik.
““Like”, “share” reaksiyaları emosional reaksiyanı artırır”
Sosioloq Sahib Altay deyir ki, söyüş və təhqirin artması sosial şəbəkələrdə anonimlik, sürətli paylaşım və böyük auditoriya ilə fərqlənir.
Onun sözlərinə görə, bu, bir tərəfdən insanların sərbəst fikir ifadəsinə şərait yaradırsa, digər tərəfdən məsuliyyətsiz davranışlara zəmin yaradır:
“Anonimlik bəzi istifadəçilərdə məsuliyyətsizlik yaradır. “Like”, “share” reaksiyaları emosional reaksiyanı artırır və aqressiv ifadələri təşviq edə bilər. Bu zaman real sosial nəzarət, debata hörmət və etika hissi zəifləyir. Mübahisə əvəzinə təhqir daha tez “nəticə verirmiş” kimi görünə bilər. Bu amillər sosial müzakirələrin keyfiyyətini aşağı salır və netikette (internet etikası-red.) zidd davranışların artmasına gətirib çıxarır”.
Təhqirin fəsadlarına diqqət çəkən psixoloq bildirir ki, psixoloji təsirlər qaçılmazdır. Belə ki sosial şəbəkələrdə davamlı təhqir və söyüşə məruz qalmaq insanda özgüvən itkisinə, stress, narahatlıq və depressiyaya, sosial təcrid hissinə səbəb ola bilər:
“Xüsusilə yeniyetmələr və gənclər bu cür hücumlara daha həssasdırlar. Sosial şəbəkə üzərindən təhqir cəmiyyətə təsir edir. Məsələn, mədəni dialoqun səviyyəsi aşağı düşür. Eyni zamanda, sağlam debat əvəzinə emosional mübahisələr artır. Nəticədə qütbləşmə və düşmənçilik daha da dərinləşir. Hətta daha da irəli gedilərək guya mübahisənin çözülməsi üçün hansısa gözdənuzaq məkanda görüşlər təşkil edilir ki, bu da çox vaxt qanlı dava ilə bitir. Ona görə də əsasən yeniyetmələrin valideynləri öz övladlarının sosial şəbəkə baxışlarına diqqət yetirməlidir. Bəlli yaşda olan insanlar isə narazılıqlarını söyüşə çevirməzdən əvvəl bunun nəticəsini düşünməlidir. “Feyk” profil heç vaxt zireh ola bilməz”.
Bəs reallığın bir hissəsinə çevrilən sosial şəbəkələrdəki sözügedən problemlə mübarizə necə aparıla bilər?
"Cəmiyyətin gündəlik davranış və münasibətlərinə təsir göstərir"
Təhsil eksperti Ramin Nurəliyev deyir ki, sosial şəbəkələr insanların siyasi, sosial və mədəni fikirlərini formalaşdırır. Cəmiyyətin gündəlik davranış və münasibətlərinə təsir göstərir.
Ekspert qeyd edir ki, bu mühitdə hörmət, etik davranış və sağlam kommunikasiya olmadan cəmiyyət daha aqressiv, bölücü və toxunulmazlıqdan uzaqlaşmış bir yerə çevrilə bilər:
“Düşünürəm ki, ən təsirli tədbirlərdən biri profilaktik təhsil və maarifləndirmədir. Məktəblərdə və universitetlərdə netiket, onlayn etik davranışlar dərslərinin tətbiqi yaxşı olardı. Valideynlər üçün onlayn təhlükəsizlik və kommunikasiya mədəniyyəti seminarları keçirmək olar. Bundan başqa, ictimai kampaniyalar - məsələn hörmət, empati və məsuliyyət prinsipini vurğulayan mesajlar da yararlı ola bilər. Bu tədbirlər uşaqlar və gənclər üçün daha sağlam onlayn davranış normalarını formalaşdırmağa kömək edər”.
“Bərabərsizliklər və nifrət dili səviyyəsi aşağı salına bilər”
Mediya üzrə ekspert Qulu Məhərrəmli isə deyir ki, sosial platformalar bu problemi daha ciddi qəbul etməlidir.
Onun fikrincə, avtomatik filtr və süni intellekt əsasında təhqir və nifrət dili aşkarlayan sistemlər inkişaf etdirilməlidir:
“Qəti təhqirlərə qarşı daha sərt cəzalar müvəqqəti bloklama, hesabların bağlanması da ola bilər. Şikayət mexanizmlərindən yararlanmaq lazımdır, çünki effektivdir. İstifadəçilər asanlıqla pozuntuya görə şikayət edə bilməli və cavab almalıdırlar. Platformalar bu sahədə məsuliyyət hissini artırarsa, bərabərsizlikləri və nifrət dili səviyyəsini aşağı sala bilər.
“İstifadəçilərin məsuliyyətə cəlb edilməsi də təsirli olar”
Hüquqşünas Əlövsət Allahverdiyev deyir ki, müşahidələrə əsaslanaraq belə qənaətə gəlinir ki, hüquqi çərçivə və tədbirlər vacibdir:
Hüquqşünas vurğulayıb ki, bir sıra ölkələr sosial mediada nifrət dili və təhqirlərə qarşı qanunlar qəbul edib:
"Belə tədbirlərə ictimai asayişi pozan, nifrətə çağırış edən paylaşımların qadağan olunması, müvafiq orqanlar tərəfindən monitorinq və araşdırma, istifadəçilərin məsuliyyətə cəlb edilməsi təsiri daxil ola bilər. Təbii ki, Azərbaycan kimi ölkələrdə də bu sahədə qanunvericilik və tədbirlər zamanla təkmilləşdirilməlidir ki, onlayn məkan daha təhlükəsiz və hörmətcil olsun. Düzdür, sosial şəbəkələr insan əlaqələrinin inkişafı üçün böyük potensiala malikdir. Ancaq bu mühitdə söyüş və təhqir kimi neqativ hallar cəmiyyətin sağlamlığına zərər verə bilər. Problemin həlli təkcə texnologiya və qanunla deyil, həm də təhsil, mədəniyyət və fərdi məsuliyyətlə bağlıdır.
Hər birimiz - istifadəçilər, valideynlər, təhsil sistemləri, platforma sahibləri və qanunverici orqanlar - bu məsələdə rolu olan tərəflərik. Daha sivil, hörmətcil və etik bir onlayn mühit yaratmaq üçün bu məsələ ilə ciddi, planlı və dayanıqlı şəkildə məşğul olmalıyıq”.
Xatırladaq ki, 15 yanvar 2026-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev “İnformasiya, İnformasiyalaşdırma və İnformasiyanın mühafizəsi Haqqında” qanuna edilən dəyişikləri təsdiqləyib. Bu dəyişikliklərə əsasən, internet resurslarında – saytlarda və sosial şəbəkələrdə cəmiyyətə açıq şəkildə hörmətsizlik ifadə edən və ictimai mənəviyyatı təhqir edən kontentin yayılması qadağan edilir. Məqsəd bu cür məzmunun yayılmasının qarşısını almaq, milli-mənəvi dəyərləri və etik standartları qorumaqdır.
Arzu Zeynallı