“Özbəkistan-Azərbaycan münasibətlərinin 25 ili: nailiyyətlər və perspektivlər” 

13:00 14.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun (SRAİ) birgə təşkilatçılığı ilə “Özbəkistan-Azərbaycan münasibətlərinin 25 ili: nailiyyətlər və perspektivlər” mövzusunda vebinar keçirilib.

Hafta.az-ın yazdığına görə, BMTM İdarə Heyətinin üzvü Gülşən Paşayevanın moderatorluğu ilə keçirilən tədbirdə iki ölkə arasında qarşılıqlı münasibətlərin son illərdəki vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanla Özbəkistan arasında ikitərəfli əlaqələri regionlararası əlaqələr kontekstində qiymətləndirib. Qeyd edib ki, Türk Dövlətləri Təşkilatının bu əlaqələrin inkişafında müstəsna rolu var. İki ölkə arasında ticarət əlaqələrinin inkişafında Orta Dəhliz böyük potensiala malikdir.

SRAİ-nin direktoru Eldor Aripov çıxışında bildirib ki, Özbəkistan və Azərbaycanın dövlət başçıları səviyyəsində siyasi təmaslar ikitərəfli əlaqələrin inkişafına təkan verir. E.Aripov son beş ildə Özbəkistanla Azərbaycan arasında ticarət əlaqələrinin təxminən beş dəfə artdığını bildirərək qeyd edib ki, hər iki ölkə beynəlxalq təşkilatlarda, xüsusən BMT-də bir-birinin təşəbbüslərinə dəstək verir.

Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov videomüraciətində Özbəkistanla Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasını tarixi hadisə kimi dəyərləndirib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev isə bildirib ki, iki ölkə tarixi, mədəni və mənəvi köklərlə bir-birinə bağlıdır. O əlavə edib ki, buna görə də Azərbaycan-Özbəkistan münasibətləri strateji tərəfdaşlıqla yanaşı qardaş münasibətləri xarakteri daşıyır.

Vebinarda həmçinin Mərkəzi Asiya və Cənubi Qafqazın birləşməsində Azərbaycanın rolu, Bakı və Daşkənd arasında siyasi dialoq, müasir mərhələdə Azərbaycan-Özbəkistan dialoqunun təkmilləşdirilməsinin aktual aspektləri, Özbəkistanla Azərbaycan arasında nəqliyyat və logistika layihələri çərçivəsində əməkdaşlığın perspektivləri və Zəngəzur dəhlizinin regional əməkdaşlığın inkişafına potensial təsirləri ilə bağlı çıxışlar da olub.

Siyasət rubrikasından digər xəbərlər