Özbəkistan prezidentinin müşaviri Kahramon Kuranbayev Dövlət Dumasının sədr müavini Vladislav Davankovla görüşündə ölkəsindən olan əmək mühacirlərinin uşaqları üçün Rusiyada özəl uşaq bağçaları və məktəblərin açılmasına köməklik göstərilməsini xahiş edib.
Hafta.az-ın TASS-a istinadən yazdığına görə, açılacaq məktəblərin Rusiyadakı özbək diasporu tərəfindən tikilib maliyyələşdirilməsi və Rusiyanın təhsil proqramına uyğun fəaliyyət göstərməsi xahiş olunur.
Kahramon Kuranbayevin sözlərinə görə, belə bir müraciət Rusiyada işləyən Özbəkistan vətəndaşları arasında uşaqların bağçalara və məktəblərə yerləşdirilməsi ilə bağlı problemlərə görə yaranıb. Kuranbayev həmçinin Rusiya hakimiyyətinə Rusiyaya gələn Özbəkistanın gənc vətəndaşları üçün immiqrasiya prosedurlarını sadələşdirməyi təklif edib.
FinExpertiza-nın məlumatına görə, 2023-cü ilin əvvəlində Özbəkistandan Rusiyaya əmək miqrantlarının axını 2022-ci ildə 35,1 faiz və ya 377700 nəfər artıb.
Dünya Bankının məlumatına görə, 2023-cü ilin birinci rübündə 600 mindən çox Özbəkistan vətəndaşı Rusiyaya daxil olub.
Avqustun 16-da Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının sədri Valeri Fadeyev bildirib ki, immiqrant uşaqlar rus dilini bilmirsə, orta məktəblərə qəbul edilməməlidir. Onun sözlərinə görə, dil xüsusi mərkəzlərdə tədris olunmalıdır. Digər tərəfdən, oktyabrın 8-də Dövlət Dumasına immiqrantların tibb müəssisələrində, apteklərdə, məktəblərdə, taksi və yükdaşıma sektorlarında işləməsini yasaqlayan qanun layihəsi təqdim edilib.