Özəl məktəblərdə ibtidai təhsil – Müzakirə

11:10 01.06.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda cəmi 60-a yaxın özəl orta ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, bu çox azdır

 

Bu gün Azərbaycanda dövlət ümumtəhsil məktəbləri ilə yanaşı, özəl təhsil müəssisələri də fəaliyyət göstərir. Təbii ki, dövlət məktəblərində təhsil pulsuzdur. Ödəniş müqabilində təhsil verən lisey və özəl məktəblərdə isə illik təhsilhaqqı müəssisənin reytinqinə görə dəyişir. Azərbaycandakı özəl məktəblərdə illik təhsilhaqqı 3500-56 min manat arasında dəyişir. Təhsilhaqqına məktəbli forması, nəqliyyat xidməti, naharı da əlavə etsək, bir uşağın xərcinin nə qədər yüksək məbləğə başa gələcəyini təsəvvür etmək çətindir. Bəzi məktəblər isə qiymətindən asılı olaraq şagirdlərin qıdalanmasını və məşğuliyyət saatlarını özləri təmin edir. Bununla bərabər faktiki olaraq özəl məktəblərdə 11 illik təhsili bitirmək üçün valideyn təxminən 50000 - 100 000 min manata yaxın vəsait xərcləməlidir. Yəni, bu məktəblərdə təhsil hər kəs üçün əlçatan və əlverişli deyil. Amma etiraf edək ki, özəl orta təhsil müəssisələrinə müraciət edənlər sayı da az deyil. Məsələn, təhsil müəssisələrində 1-ci sinifə qəbul prosesinin yeni başlamasına baxmayaraq bəzi özəl məktəblərdə yerlər artıq dolub.

Mövzu ilə bağlı əlaqə saxladığımız təhsil müəssisələrindən də etiraf ediblər ki, son illər özəl orta məktəblərə müraciət edənlərin sayı əhəmiyyətli dərəcədə artıb. Bu səbəbdən yeni tədris ili üçün qəbul elanı yerləşdiriləndən qısa müddət sonra özəl məktəblərdə nəzərdə tutulan kontingentin əsas hissəsi dolur.

Misal üçün, Avropa Azərbaycan Məktəbində təhsil dili yalnız ingilis dilidir. Bu məktəbdə ibtidai siniflər üçün təhsilhaqqı 10 400 AZN, V-IX siniflər üçün 12 500 AZN, X-XI siniflər üçün isə 15 500 AZN, məktəbəqədər təhsil isə 7 900 AZN təşkil edir. Məktəbdən qəzetimizə bildiriblər ki, I sinfə yerlər tamamilə dolub, amma valideynlər məktəbəqədər təhsil üçün müraciət edə bilərlər. Bu təhsil pilləsində boş yerlər qalmaqdadır.

Bakıda Britaniya Məktəbində yerli müəllim qrupu və ya əcnəbi müəllim qrupunun seçilməsindən asılı olaraq ibtidai siniflər üçün təhsilhaqqı fərqlidir. Məsələn, yerli müəllimlərlə I-V siniflər üçün illik ödəniş 12 min manat, əcnəbi müəllimlərlə isə 14 min manatdır. Bu məktəbdə I sinfə qeydiyyat hələ ki, açıqdır.

Xəzər Universiteti Dünya Məktəbində isə Azərbaycan və rus bölmələrində ibtidai siniflər üçün təhsilhaqqı 9 000, V-XI siniflər üçün isə bu məbləğ 9 500 AZN-dir. Məktəbin ingilis dili bölməsində isə təhsilhaqqı illik 10 500 AZN təşkil edir. Qiymətə gündə 3 dəfə qidalanma daxildir. Məktəbli geyimi və transfer xidməti qiymətə daxildir. Yerlər hələ ki dolmayıb.

“Kaspi” Liseyində Azərbaycan bölməsi üçün təhsilhaqqı liseyin filialından asılı olaraq ibtidai siniflərdə 7 300-7 800, liseyin ingilis dili bölməsində isə ibtidai siniflər üçün 9 700 AZN-dir. “Kaspi kids”də məktəbəqədər təhsil Azərbaycan bölməsində aylıq 450, rus bölməsində aylıq 500 manatdır. Həm I sinif, həm də məktəbəqədər təhsil pilləsində yerlər hələ ki dolmayıb.

“Sabis Sun” Beyəlxalq Məktəbində təhsil yalnız ingilis dilində aparılır. Burada ibtidai siniflər üçün illik təhsilhaqqı 15 000,  yuxarı siniflər üçün isə 17 000 AZN-dir. Bu təhsil müəssisəsində ibtidai sinif üzrə qeydiyyat davam edir.

“Landau School”da ibtidai siniflərdə illik təhsilhaqqı rus bölməsi üçün 6 600 AZN-dir. İngilis dili bölməsi üçün isə ibtidai siniflər üçün qiymət 8 000 AZN-dir. Məktəbəqədər rus bölməsi üzrə həftədə 3 dəfə olmaqla 3 300 AZN, ingilis bölməsi üzrə 3 900 AZN təşkil edir. Məktəbəqədər həftədə 5 dəfə yarım gün olmaqla rus bölməsi üzrə 4 700, ingilis bölməsi 5 900 manatdır. Hər iki qrupa və I sinfə qeydiyyat davam edir.

“Baku Oxford School”da  təhsil dili ingilis dilidir. Burada ibtidai siniflər üçün qəbul qiymətləri 16 500, VI-VIII siniflərdə illik təhsilhaqqı 16 800, IX-XII siniflərdə isə 17 000 AZN müəyyənləşdirilib. Təhsil müəssisəsindən bildirilib ki, bu məbləğə kitablar, uniforma, qəlyanaltı, nahar və dərsdən sonra məşğələ daxildir. Nəqliyyat xərcini qarşılamaq üçün isə əlavə ödəniş tələb olunur. Məktəbdən, həmçinin bildirdilər ki, ödənişi bütöv deyil, rüblərə bölərək etmək olar. Bu məktəbdə məktəbəqədər təhsil pilləsi üzrə təhsilhaqqı 8 500 manatdır. Həm I sinfə, həm də məktəbəqədər təhsil pilləsi üzrə hələlik qeydiyyat davam edir.

Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Elşən Qafarov deyib ki, əslində özəl məktəblərə müraciət edənlərin sayı ciddi şəkildə artmayıb. Sadəcə ölkədə belə məktəblərin sayı az olduğundan nəzərdə tutulan kontingent sayı tez dolur:

“Azərbaycanda cəmi 60-a yaxın özəl orta ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, bu çox azdır. Bunlar da əsasən paytaxt Bakının payına düşür. Təbii ki, qanunvericiliyə görə özəl təhsil müəssisələri qiymət siyasətində sərbəstdirlər. Amma etiraf edək ki, ödənişli müəssisələrdə təhsil dövlət müəssisələri ilə müqayisədə daha yüksək səviyyədədir. Bunun səbəbi onunla bağlı deyil ki, özəl təhsil müəssisələrində çalışan müəllimlər dövlət təhsil müəssisələrində çalışanlardan daha peşəkardır. Dövlət təhsil müəssisələrində ölkədə təhsilə görə adambaşına düşən xərc 100 manat civarındadır. Özəllərdə isə illik ödəniş təxminən 5 min manatdan başlayır. Yəni bu o deməkdir ki, özəl məktəblərdə təhsilin səviyyəsi dövlət müəssisələri ilə müqayisədə dəfələrlə yüksəkdir".

E.Qafarovun sözlərinə görə, dövlət özəl təhsil müəssisəslərinin işini təşviq edir, onlara güzəştli kreditlər verilir. Hazırda da özəl məktəblər vergiləri 5 faizdən başlayaraq verilir. Amma bununla belə istənilən halda özəl təhsil müəssisələri dövlətdən asılı olmamalıdır. Dövlət daha da yumşaldılmış və müddəti daha da uzun olan kredit siyasətini tətbiq edə bilər ki, yeni infrastrukturlar yaradılsın, təhsil müəssisəsi üçün binalar inşa edilsin. Özəl təhsil sektorunun inkişafı üçün 2-3, yaxud da elə 1 faiz olmaqla uzunmüddətli kreditlər vermək olar. Bir məktəbin tikintisi ən yaxşı halda 1,5-2 milyon manata başa gəlir. Əgər dövlət bu sahəyə dəstək verərsə özəl məktəblərin ələvə korpus inşa etməsinə imkan yaranar. Nəticədə məktəblərin şagird tutumu da artar. İndiki halda özəl təhsil müəssisələrini əsas problemi yerlə bağlıdır. Yer məhdudiyyəti olduğundan fəaliyyətlərini daha az şagird sayı ilə davam etdirmək məcburiyyətindədirlər".