Pakistan və İran kəşfiyyat sahəsində əlaqələri gücləndirib

09:15 18.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistan və İran orduları sərhəddə silahlı qrupların hücumlarına qarşı əməkdaşlığı artırmaq qərarına gəliblər.

Hafta.az-ın yazdığına görə, ən yüksək rütbəli hərbi məmur kimi Pakistan ordusunun başında olan Quru Qoşunlarının komandanı general Asim Munir İran prezidenti İbrahim Rəisi ilə sərhəd bölgələrində silahlı qrupların fəaliyyətinə qarşı tədbir görülməsi üçün Tehranda görüşüb.

İki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması qərarı Münirin Tehrana səfərindən sonra qəbul edilib. Munir bildirib ki, iki ölkə sərhəd təhlükəsizliyini artırmaq üçün "vacib razılaşmalar" imzalayıb.

Razılaşmada "Biz sərhəd bölgələrində terror təhlükəsini aradan qaldırmaq, kəşfiyyat məlumatlarının mübadiləsi və terror şəbəkələrinə qarşı effektiv tədbirlər vasitəsilə təhlükəsizlik sahəsində əməkdaşlığı artırmaq yollarını axtarmağı öhdəmizə götürmüşük" ifadələrinə yer verilib.

İyunun 1-də İran sərhəd xəttinə silahlı hücum nəticəsində iki pakistanlı əsgərin öldürüldüyü açıqlanıb. Pakistan təhlükəsizlik qüvvələri isə bölgədə axtarış-skan əməliyyatına başlayıb və İran rəsmiləri ilə əlaqə saxlayıb.

Digər tərəfdən, mayın 21-də İranın Sistan-Bəlucistan bölgəsində sərhəd xəttində yerləşən Sarovan şəhəri yaxınlığında İran sərhədçiləri Pakistan ərazisi daxilindən hücuma məruz qalıb və 5 əsgər şəhid olub.

Bəluc silahlı qruplaşmalarının İran-Pakistan sərhəd xəttində fəaliyyət göstərdiyi məlumdur. Bu qrupların bəziləri İrandan Pakistana, bəziləri isə Pakistandan İrana hücumlar təşkil edir.

İki ölkənin hökumətləri isə sərhəd bölgəsində silahlı qrupların artan hücumlarına qarşı təhlükəsizlik və kəşfiyyat məlumatlarının paylaşılmasında əməkdaşlığı hədəfləyir.