İslamabad administrasiyasının oktyabrın 4-də verdiyi açıqlamada ölkədəki sənədsiz mühacirlərin noyabrın 1-dək Pakistanı tərk etmələri lazım olduğu bildirilmişdi və bu proses tan sürətlə aparılmaqdadır.
Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına əsasən, Pakistanda təxminən 3,7 milyon əfqan mühacir yaşayır, onlardan 1,7 milyonu qeydiyyatsızdır. Pakistan hökuməti bu rəqəmin 4,4 milyona çatdığını iddia edir.
“The Guardian”ın sitat gətirdiyi rəsmi rəqəmlərə görə, indiyədək təxminən 2600 əfqan mühacir Pakistanın Əfqanıstanla sərhədindəki Bəlucistan əyalətindəki Çaman qapısından deportasiya edilib. Minlərlə immiqrantın saxlanıldığı, hətta qanuni sənədləri olan əfqanların da ölkədən çıxarıldığı iddia edilir.
Xəbərdə polisə qeydiyyatı olmayan əfqan mühacirlər barədə məlumat çatdıranlara pul mükafatı verildiyi də deyilib. Həmçinin iddia edilib ki, məscid imamlarına ölkədə qeyri-qanuni yaşayan əfqanları xəbər vermələrini öz camaatlarından xahiş etmələri tapşırılıb.
Bəlucistan əyalətinin inzibati mərkəzi Kvettada yaşayan əfqan mühacir Hasamiddin, əlində qanuni sənədlər olmasına baxmayaraq, Pakistan polisi tərəfindən saxlanıldığını iddia edib. 20 yaşlı inşaat işçisi BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının müdaxiləsindən sonra sərbəst buraxıldığını deyib: “Polis bizi saxladı və sənədlərimizi göstərməyimizə baxmayaraq, “sən bura aid deyilsən, pakistanlı deyilsən” dedi. Bizi həbs etdilər. Günün əvvəlində polis yük maşınlarında insanları Əfqanıstan sərhədinə göndərirdi. Növbənin bizə çatacağından qorxurduq...”.
2021-ci ilin avqustunda ABŞ-ın Əfqanıstandan çıxarılması ilə Taliban ölkənin idarəçiliyini ələ keçirdi. 47 yaşlı Əmir Məhəmməd Talibanın qorxusundan 14 ailə üzvü və qohumları ilə birlikdə Pakistana qaçdıqlarını və ölkədə qeydiyyatsız yaşadıqlarını bildirib. "Əfqanıstanda həyat qurmaq mümkün deyil", - o deyib.
BMT Qaçqınlar üzrə Ali Komissarlığının məlumatlarına görə, Taliban hakimiyyəti ələ keçirdikdən sonra təxminən 700 min əfqan Pakistana qaçıb.
“The Guardian” İslamabadın ölkədən qeyri-qanuni mühacirləri qovmaq addımını Taliban administrasiyası ilə son müzakirələrlə bağlı əks addım kimi şərh edib. İslamabad administrasiyası Əfqanıstanda Pakistan Talibanı (Tehrik-i-Taliban Pakistan/TTP) və digər təşkilatlara aid sığınacaqların olduğunu, Talibanın onlara qarşı heç bir tədbir görmədiyini bildirir. Taliban bu iddiaları rədd edir.
Pakistanın daxili işlər naziri Sərfaraz Buqti ötən həftə verdiyi açıqlamada yanvardan bu yana ölkə daxilində 24 intihar hücumu həyata keçirildiyini və hücum edənlər arasında TTP yaraqlılarının olduğunu deyib.
Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra Baluç, qeydiyyatı olmayan mühacirlərin göndərilməsi qərarı ilə əlaqədar, "Bu, Pakistanda qeyri-qanuni yaşayan bütün əcnəbilər üçün verilmiş bir qərardır. Bu insanlar arasında sadəcə əfqanların sayı çoxdur. Bu səbəbdən belə bir təsəvvür yaranır ki, sanki yalnız onlar göndəriləcəklər” deyib.
Əfqanıstan müdafiə nazirinin müavini Molla Yaqub Mücahid deportasiya qərarına reaksiya verərək bunun "qeyri-insani və ədalətsiz" olduğunu bildirib.