Rusiyaya paralel idxalın sürətlə artaraq 20 milyard dolları keçməsi Belarus, Qazaxıstan və Qırğızıstan kimi tranzit ölkələrdə “anbar böhranı”na səbəb olub.
Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, saxlama infrastrukturunun olmaması səbəbindən problemlər artmağa başlayıb. Rus logistik və pərakəndə satış şirkətlərinin anbar sahələrinə tələbat ikiqat artdığı halda, uyğun obyektlərin tapılmasında böyük çətinliklərin olduğu bildirilir.
Bu arada, Türkiyədə də oxşar çətinliklərin olduğu deyilir.
Xəbərə görə, yalnız keçmiş sovet ölkələrində Rusiya şirkətlərinin anbar tələbləri yazın əvvəlində iki dəfə artaraq, demək olar ki, 400 min kvadratmetrə çatıb.
Belarus, Qazaxıstan və Mərkəzi Asiya ölkələri Avropadan, ABŞ-dan, Yaponiyadan Rusiyaya məhsulların idxalı və Rusiya mallarının xarici bazarlara çıxarılması üçün əsas alternativ kanala çevrilib.
Federal Gömrük Xidmətinin məlumatına görə, sanksiyalar başlayandan 2022-ci ilin dekabrına qədər paralel idxalın həcmi 20 milyard dollar və ya təxminən 2,4 milyon ton təşkil edib.