Qərbin sanksiyalarına qarşı Rusiya lideri Putin gözlənilən addımı atıb. Ağır iqtisadi sanksiyalarla üzləşən Rusiya iqtisadiyyatını qorumaq üçün Rusiya qazının pulunu rublla ödəməyi tələb edən qərarı imzalayıb.
Hafta.az xəbər verir ki, Rusiya prezidenti Putin Rusiya qazının rublla ödənilməsinə dair fərmanı imzalayıb, “Ödəniş rublla həyata keçirilməsə, Rusiya qaz müqavilələri dayandırılacaq”. deyib.
Putin Rusiyanın qaz ödənişləri üçün “Qazprombank”da xüsusi hesab açılmasını tələb edib. Rusiya lideri sanksiyaların davam edəcəyini, mərkəzi bank və digər qurumların buna hazır olması lazım olduğunu desə də, Qərbin bu sanksiyaları əvvəlcədən planladığını və həmişə Rusiyaya qarşı sanksiyaların tətbiqinin yolunu tapacağını əlavə edib.
Bütün bunların Rusiyanın inkişafının qarşısını almaq üçün planlaşdırıldığını deyən Rusiya lideri ABŞ-ın qlobal qeyri-müəyyənlikdən istifadə edərək, bunun bədəlini başqalarına ödəməklə öz daxili problemlərini həll etməyə çalışdığını iddia edib.
Vladimir Putin həmçinin bildirib ki, Avropanı ABŞ-dan təbii qaz almağa məcbur etmək Avropa üçün milyonlarla iş yerinin bağlanması deməkdir.
Putin həmçinin iddia edib ki, “qlobal ərzaq böhranını Avropa ölkələri də daxil olmaqla, bir çox istiqamətlərdə növbəti miqrasiya dalğası izləyəcək”.