Putin sülh sazişinin imzalanmasına imkan verməyəcək - Iddia

17:13 17.07.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Əslində sülh sazişi hər iki ölkəyə; həm Azərbaycan, həm  də Ermənistana lazımdır. Bu fikirləri hafta.az-a Azərbaycan-Atlantik Əməkdaşlıq Assosiasiyasının rəhbəri, politoloq Sülhəddin Əkbər deyib. 

Onun sözlərinə görə, eyni zamanda sülh yalnız bu ölkələrə deyil, region ölkələrinin inteqrasiyasını istəyən bütün qüvvələrə lazımdır. Yəni əgər bir regionda müharibə, münaqişə varsa, bu, o deməkdir ki, orada yollar bağlanır, ticari, iqtisadi,  nəqliyyat, enerji əlaqələrində ciddi problemlər yaşanır.  30 ildən çoxdur, Güney Qafqaz regionunda Ermənistanla Azərbaycan arasında münaqişə, Gürcüstanda Abxaziya, Osetiya münaqişələri xalqların normal, rifah halında yaşayışına mane olur:  

"Əslində bunlara Rusiya ilə region dövlətləri arasında olan bir münaqişə kimi baxsaq, daha doğru olar.  Çünki əslində Rusiya onillərdir ki, Azərbaycana qarşı Ermənistan  və Qarabağdakı separatçı rejim vasitəsilə bir vəkalət müharibəsi  aparır. Eyni proses Abxaziya və Osetiya vasitəsilə Gürcüstana qarşı da aparılır. Və nə zaman ki, “vəkil”lərin başı əzilir, o zaman Rusiya meydana çıxır. Necə ki, 2008-ci ildə Gürcüstanda və 2020-ci ildə Azərbaycanda belə oldu...  O baxımdan bütövlükdə Güney Qafqazda sülh məsələsi Rusiya problemi ilə bağlı olan məsələdir. Nəyə görə?  Çünki regiondakı bu münaqişələr SSRİ dağıldıqdan sonra Rusiyadan ayrılıb müstəqilləşən ölkələrin xarici siyasi vektorunu öz istədiyi kimi müəyyən etməsinə, demokratikləşib Qərbə inteqrasiyasına mane olmaq üçün məhz Moskva tərəfindən törədilib və idarə olunur. Bu minvalla Kreml həmin ölkələri yenidən tam öz nəzarətinə qaytarmaq və mümkündürsə,  imperiyanı yeni şərait və şərtlərə uyğun bərpa etməyə cəhd göstərir. MDB, KTMT, Avrasiya İqtisadi Birliyi – hamısı bu məqsədə xidmət edir. Rusiya regionlarda, bu halda Ermənistanla Azərbaycan arasında sülhün yaranmasına imkan verərsə, artıq nə Moskvaya, nə də onun “sülhməramlı” ordusuna ehtiyac qalmayacaq.  Eyni zamanda Türkiyə ilə də barışıq yaranacağından Ermənistandakı “türk  qorxusu” da aradan qalxacaq. Və Moskva bu ölkəni “kiminsə hücumu”ndan qorumalı olmayacaq... Ona görə də Putin iqtidarı heç vaxt sülh sazişinin imzalanmasına imkan verməyəcək... Odur ki, Rusiyanın özündə demokratik bir hakimiyyət yaranıb postsovet regionlarından, Moskva yeni müstəqil dövlətlərə qarşı aqressiv siyasətdən əl çəkməyincə istər Ukrayna, istər Moldova,  istər Gürcüstanda, istərsə də Azərbaycan və Ermənistan arasında sülhdən, tam sabitlikdən danışmaq tezdir".

Oxunma sayı 15178