Putinin "xəstəlikləri" - XƏRÇƏNG, AUTİZM, PARKİNSON...

15:56 27.05.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Dünya mediasında Vladimir Putinin ölümcül xəstəlikləri ilə bağlı məlumatlar getdikcə artmaqdadır. Kreml rəhbərinin xərçəng, Parkinson xəstəliyi, şizofreniya və digər xəstəliklərə düçar olması ilə bağlı şayiələr son 20 ildə aktiv şəkildə yayılsa da, o, hələ də "Rus gəmisi"nin sükanı arxasında dayanmaqda davam edir.

Hafta.az Ukraynanın “Segodnya” nəşrinə istinadla bu günədək  dünya mediasının Rusiya Federasiyası prezidentinə qoyduğu “diaqnozları” xatırladıb və onların nə dərəcədə doğru olduğunu öyrənməyə çalışıb.

Öncə gəlin hər şeyin necə başladığını xatırlayaq... Putinin hakimiyyətinin ilk onilliyində onun xəstəlikləri ilə bağlı heç bir söz-söhbət yox idi.  2001-ci ildə mətbuatda prezidentin mümkün onkoloji xəstəliyi ilə bağlı yazılar dərc olunsa da, bu, oxucuların kütləvi diqqətini cəlb etmədi. Və bu, təəccüblü deyil, çünki hakimiyyətinin ilk onilliyində Putinin səhhəti yaxşı görünürdü. Rusiya mediası onun cüdo ilə necə məşğul olduğunu, delfinlərlə suya tullanmasını, Altayda Şoyqu ilə ov etməsini, Yamalda durnaları xilas etdiyini, " Su-27" qırıcısında uçduğunu və sağlamlığına şübhə etməyə heç bir əsas vermədiyini göstərirdi...

Rusiya üzərində hakimiyyətinin ilk on ilində Putin tamamilə sağlam görünürdü...

Ancaq  2011-ci ildən başlayaraq vəziyyət sürətlə dəyişməyə başladı....

Manik-depressiv sindrom

Belə ki, 2011-ci ilin dekabrında hansısa Moskva sakini Mixail Kukobaka Putinin manik-depressiv sindromdan əziyyət çəkdiyini söylədi.

"Putin danılmaz olaraq xəstədir. O, manik-depressiv sindromdan əziyyət çəkir. Sadə dillə desək, şizofreniya. Və qırıcının kabinəsində, kreyserin başında və s. zahiri cəsarət göstəriləri bu xəstəliyi çətin ki, gizlədə bilsin", - Kukobaka öz “Facebook” səhifəsində belə yazıb.

Klüver-Byusi sindromu və onurğa xərçəngi

2012-ci ildə bloger və jurnalistlər Rusiya prezidentinin psixi pozğunluğu mövzusunu davam etdirdilər.

"Putin ruhi xəstədir və xəstəliyin irəliləməsi onu getdikcə daha həssas edir. Onun davranışının xüsusiyyətlərinin təhlili aşkar psixi pozuntuları göstərir: Klüver-Byusi sindromu. Xəstəlik beynin temporal(gicgah) hissələrinin zədələnməsi nəticəsində yaranır. (daha çox uşaqlıqda üzə çıxmayan viral meningoensefalitin nəticələri)" - deyə bloger Mark Petroviç yazıb.

Onun fikrincə, Putində bu psixi pozğunluğun bütün əlamətləri var idi:

yaxınlarının və ətraf mühitin emosional vəziyyətini başa düşməmək;

emosional uzaqlaşma (nə kədər, nə də sevinc);

qorxu hisslərinin azalması və kritik vəziyyətlərdə təhlükənin qiymətləndirilməməsi;

akinetik mutizm (üzdə "daş" maskası) və digər əlamətlər.

Həmin il ruslar Putinin tez-tez axsadığını və əli ilə qurşağından yapışdığını görüblər. Rusiya Federasiyası Prezidentinin özü bir neçə il əvvəl atdan yıxıldığını söyləyib. Lakin KİV nümayəndələri bunun səbəbinin Putinin 2003-cü ildən bəri əziyyət çəkdiyi iddia edilən onurğa xərçəngi ola biləcəyini söyləyib.

"Bunu açıqlanmamaq haqqında saziş imzalayan çox dar bir dairə bilir.  2012-ci ilə qədər xəstəlik o qədər inkişaf etmişdi ki, Putin artıq onun üzündən "ölüm maskasını" çətinliklə çıxara bilirdi", - bloger Viktor Qorbunov yazırdı.

Sarkoma və mədəaltı vəzin xərçəngi

2014-cü ildə "New York Post" qəzetinin jurnalisti Riçard Conson Putinin Ukraynaya tələsik müdaxiləsinin Rusiya prezidentinin sağalmaz xəstəliyi ilə bağlı ola biləcəyini irəli sürüb.

"Bəzi məlumatlara görə, Putinin 3 ilə yaxın ömrü qalıb. Ona görə də Rusiya prezidenti Ukraynanı işğal etməyə tələsir. O, Stalin kimi ölkənin sərhədlərini genişləndirərək özündən sonra "böyük Rusiya"nı miras buraxmaq istəyir. "-Conson bildirib.

Sosial şəbəkə istifadəçiləri bu məlumatı götürərək Putinin onurğa sarkoması və mədəaltı vəzi xərçəngi olduğunu bildirən yazılar dərc etməyə başlayıblar. Lakin Kreml bütün şayiələri təkzib edib.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov o zaman deyib: "Onlar  bunu görə bilməyəcəklər. Dilləri yara töksün, hər şey qaydasındadır".

Autizm

2015-ci ildə "USA TODAY" Putinin səhhəti ilə bağlı Pentaqonun gizli araşdırmasını əldə etdiyini bildirdi. Nəşr olunan materialda deyilir ki, amerikalı alimlər Rusiya liderində heç bir xərçəng əlaməti aşkar etməyiblər, lakin  “onun bütün qərarlarına təsir edən autistik xəstəliy"inə -  Asperger sindromuna düçar olduğunu təxmin ediblər.

Bununla belə, amerikalılar Putini uzaqdan - distansion şəkildə araşdırıblar. Alimlər qeyd ediblər ki, dəqiq diaqnoz qoymaq üçün tam araşdırma aparmaq lazımdır. Məsələn, Putinin beyninin tomoqrafiyasını...

Ağrılı bel…

"Proyekt" nəşrinin təhqiqatçılarının məlumatına görə, 2016-2017-ci illərdə Putin Moskvanın qərbində yerləşən Mərkəzi Klinik Xəstəxanada  bir neçə ağır bel əməliyyatı keçirdi. Və 2019-cu ildə Rusiya Federasiyası prezidenti yenidən genişmiqyaslı tibbi yardıma ehtiyac duydu. Sonra ən möhtərəm xəstənin müayinəsinə rekord sayda həkim gəldi - birdən-birə 13 həkim. O cümlədən Mərkəzi Klinik Xəstəxananın Neyrocərrahiyyə şöbəsinin mütəxəssisləri;onurğa zədələri üzrə mütəxəssis Yelena Denisenko və onkoloq cərrahlar. Jurnalistlərin fikrincə, o vaxtdan Putini həmişə onkoloqlar da daxil olmaqla ən azı 10 həkim müşayiət edir…

İvan Qroznı sindromu

Putinin  həmçinin İvan Qrzonı sindromu - başqaları üçün təhlükə yaradan depressiv-sayıqlama vəziyyətinə düçar olduğu da hesab edilirdi…

Parkinson xəstəliyi

2020-ci ildə Britaniyanın “The Sun” nəşri Putinə Parkinson xəstəliyi diaqnozu qoyub.

“Onun əlləri durmadan hərəkət edir, guya ağrıdan stulun qoltuqaltından yapışır, qələm tutanda və içərisində ağrıkəsici olduğu hiss edilən stəkanı sıxanda barmaqları qıvrılır”, - məqalədə belə deyilir.

Boris Karpiçkov: "Putin Parkinson və demensiyadan əziyyət çəkir"

Rusiya Federasiyası prezidentinin Parkinson xəstəliyindən, eləcə də “çoxsaylı” digər xəstəliklərdən, o cümlədən demensiyadan əziyyət çəkdiyini Putinin keçmiş həmkarı, "KQB"-nin təqibindən Böyük Britaniyaya qaçmış Boris Karpiçkov da bildirib.

"Onda Parkinsona ya var, ya da o,ən azı, özünü dəli  və paranoid ideyalara düçar olmuş kimi aparır", - Karpiçkov əlavə edb.

Yoğun bağırsağın xərçəngi

2021-ci ilin sentyabrında keçmiş sovet kəşfiyyatçısı, "KQB" mayoru, Putinin kurs yoldaşı Yuri Şvets "Apostrof TV"-də Putinin  yoğun bağırsaq xərçəngindən əziyyət çəkdiyini elan edib.

"Düşünürəm ki, o, reanimasiya, müalicə ilə özünü qoruyub saxlayır. Müşahidələrimə görə, o, həqiqətən xəstədir, müalicə olunur", -  Şvets belə deyib.

Demans və ya xərçəng müalicəsi üçün steroid səbəbiylə beyin pozğunluğu...

2022-ci ilin martında "Daily Mail" ABŞ kəşfiyyatının məlumatlarına istinadla yazıb ki, Putin demans, Parkinson xəstəliyi və ya xərçəng üçün steroid müalicəsi nəticəsində yaranan steroid qəzəbindən yaranan beyin pozğunluğundan əziyyət çəkir. Avstraliya, Kanada, Yeni Zelandiya, Böyük Britaniya və ABŞ-ın daxil olduğu “Beş göz” kəşfiyyat alyansının yüksək səviyyəli əməkdaşları Rusiya prezidentinin Ukraynaya qarşı müharibəyə başlamaq qərarını məhz bu xəstəliklə izah ediblər…

Məqalədə deyilir: "Son beş ildə Putinin qərar qəbul etməsində nəzərəçarpacaq dəyişiklik baş verib. Onun ətrafında olan insanlar getdikcə onun dediklərinin inandırıcılığı və aydınlığı, onun ətrafındakı dünyanı necə qavraması ilə bağlı dəyişikliyi hiss edirlər". .

Psixi pozğunluq və ya onkologiya…

2022-ci ilin aprelində ekspertlər yenidən Rusiya prezidentinin son dərəcə qeyri-sağlam görünüşünə diqqət çəkiblər. Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə söhbəti zamanı Putin kresloda qısılıb əyləşib. O, elə əyilib ki, kürəyində donqar yaranıb və bütün bunlarla bərabər ayağını dartır. Rusiya prezidenti  sanki ölümcül halda pəncəsi ilə masanın kənarından yapışıb və söhbət boyu onu buraxmayıb.

Psixoloq Olqa İoviç  Ukrayna mediasına açıqlamasında deyib ki, Putinin səhhətində gizlətməyə çalışdığı ciddi problemlər var.

"Onun şişmiş üzü açıq-aydın qeyri-sağlam olduğunu göstərir. Kresloda oturduğu mövqe bədəninin yorğun olduğunu büruzə verir. Putin əli ilə stolu sıxır və bəzən başını tərpədir, başını və qolunu   gərginləşdirməyə çalışır.  Belə ki, daha inamlı görünmək üçün bütün əzələlərini yaxşı vəziyyətdə saxlamaqdan ötrü onun gücü yetmir"- İovic vurğulayır.

Psixoloq Putinin ayağını nəzarətsiz şəkildə stolun altında hərəkət etdirdiyini də müşahidə edib.

"Bu, ayaqların əzələlərinin tükəndiyini, Putinin başına və qoluna yönəltdiyi enerjidən məhrum olduğunu göstərə bilər. Putin nə qədər inam nümayiş etdirməyə çalışsa da, açıq şəkildə masa arxasında narahatdır".

Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov deyib ki, Putinin bir neçə ciddi xəstəliyi var, onlardan biri də xərçəngdir.

"Amma Putinin sabah öləcəyinə ümid etməyə dəyməz. Onun ən azı bir neçə ili var. İstəsək də, istəməsək də, bu, gerçəkdir", - deyə Budanov bildirib.

Onkoloq cərrah, Ukrayna  Milli Xərçəng İnstitutunun ən yüksək kateqoriyalı həkimi, tibb elmləri namizədi Roman Fridel "NV" nəşrinə verdiyi şərhdə bildirib ki, mediada dərc olunan və Putinin nevroloji simptomları ilə bağlı bütün əlamətlər onun Parkinson xəstəliyinə tutulduğunu göstərir.

"Videoların birində o, oturub digər əlini bir əli ilə tutur ki, titrəyiş nəzərə çarpmasın. Lukaşenko ilə görüşdə əl sıxmazdan əvvəl Putinin sağ əli nəzarətsiz şəkildə qıvrılır. Şoyqu ilə görüşdə Putin sağ əli ilə masadan yapışıb.  Bu, Parkinson xəstəliyinə bənzəyir. Hərçənd, bəzi digər nevroloji simptomlar da ola bilər" deyə həkim bildirib.

Fridel Rusiya Federasiyasının prezidentinin onkoloji xəstəsi ola biləcəyini də istisna etmir.

“Bir neçə il əvvəl Putin qəfildən ictimai məkandan yoxa çıxdı, sonra isə gözlənilmədən yenidən Sankt-Peterburqda peyda oldu".

Məhz bu şəhərdə Rusiyanın radiasiya terapiyası üçün müasir avadanlıqları olan  ən böyük federal xərçəng mərkəzi yerləşir”, - deyə həkim bildirib.

Roman Fridel: "Bu, Parkinson xəstəliyi və onkologiyaya bənzəyir".

Ölümcül diaqnozlar "FSB" tərəfindən meydana atıla bilər

Putini hansı xəstəliyin üzdüyünü  və onun ümumiyyətlə, olub-olmadığını heç kim bilmir. Rusiya liderinə vur-tut bir-iki illik ömür verən ölümcül xəstəliklərin çoxsaylı “diaqnozları” özünü doğrultmadı – təəssüf ki, Putin hələ də sağdır. Mümkündür ki, bütün bu tibbi kampaniya Rusiya Federasiyası Prezidentinin düşmənlərini çaşdırmaq üçün Rusiya xüsusi xidmət orqanlarının uydurmasıdır…

“Rusiya hakimiyyəti hər vasitə ilə Putini  zərbə altından çıxarmağa çalışır…”

Bu versiyanı xüsusilə Avropada yaşayan Rusiya sosioloqu İqor Eydman irəli sürüb. Onun fikrincə, bu cür məlumatlarla Rusiyanın əleyhdarlarını, ilk növbədə britaniyalılara və amerikalılara  təlqin etməyə çalışılır ki, guya artıq Putinə qarşı ciddi xüsusi əməliyyatlar keçirməyin mənası yoxdur, çünki o, tezliklə öləcək və ya hakimiyyətini itirəcək.

"Rusiyadakı Putin rejimi bəşəriyyət üçün ən böyük qlobal təhlükədir. Bayden, Consonun, Sorosun və Qərb dünyasının digər liderlərinin bəyanatlarından belə çıxır ki, onlar bunu başa düşürlər. Düşünürəm ki, bu istiqamətdə ciddi addımlar hazırlanır, o cümlədən nəinki Ukraynaya ağır silahların tədarükü. Rusiya hakimiyyəti bu təhlükədən xəbərdardır və  hər vasitə ilə Putini  zərbə altından çıxarmağa çalışır”, – deyə Eydman öz "Facebook" səhifəsində yazıb.

Oxunma sayı 1373