İyunun 27-də Azərbaycan Milli Kitabxanasında Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Covanni Çezare Paqatzi, Vatikan Apostol Kitabxanasının icraçı rəhbəri Mauro Mantovan və Vatikan Apostol Arxivinin icraçı rəhbəri Rocco Ronzani ilə görüş keçirilib.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan ilə Vatikan arasında kitabxanaçılıq, arxiv işi və elmi-mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib. O qonaqlara Milli Kitabxananın fəaliyyəti haqqında məlumat verərək qeyd edib ki, kitabxananın fondunda 5 milyona yaxın sənəd mühafizə olunur, elektron informasiya resurslarından istifadə edən onlayn oxucuların sayı 10 milyondan çoxdur, hər il isə 330 mindən artıq oxucu kitabxanadan istifadə edir. O, həmçinin vurğulayıb ki, Milli Kitabxana dünyanın 65 milli kitabxanası ilə əməkdaşlıq memorandumu imzalayıb və 90-dan artıq ölkə ilə beynəlxalq kitab mübadiləsi həyata keçirir.
Direktor Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin XVI əsrə aid orijinal əlyazmasının Azərbaycan Milli Kitabxanasına hədiyyə edilməsini Azərbaycanın mədəni irsinin qorunması və zənginləşdirilməsi baxımından mühüm tarixi hadisə olduğunu qonaqların nəzərinə çatdırıb.
Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Covanni Çezare Paqatzi Azərbaycan Milli Kitabxanasında olmaqdan böyük məmnunluq duyduğunu bildirərək kitabxananın zəngin fonda, qədim əlyazmalara və müasir informasiya imkanlarına malik nüfuzlu elm və mədəniyyət ocağı olduğunu qeyd edib. O ötən il Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri çərçivəsində Vatikan Apostol Kitabxanası və Apostol Arxivini ziyarət etdiyini xatırladıb. Vurğulayıb ki, Azərbaycana cari səfəri çərçivəsində müxtəlif dövlət, elm və mədəniyyət müəssisələrinin nümayəndələri ilə məhsuldar görüşlər keçirilib. O, Azərbaycanın tarixi-mədəni irsinə, eləcə də türk xalqlarının irsinə aid qiymətli əlyazmaların müəyyənləşdirilməsi, bərpası, qorunması və rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən birgə layihələrin uğurla davam etdiyini qeyd edib.
O, həmçinin, Azərbaycan Milli Kitabxanası ilə Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivi arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasında maraqlı olduqlarını vurğulayaraq, bu sənədin gələcək birgə elmi, kitabxanaçılıq və arxivçilik layihələrinin həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib.
Daha sonra nümayəndə heyəti kitabxananın mütaliə zallarını, Beynəlxalq əməkdaşlıq zalını, Nadir kitablar və Kitabxana muzeyi şöbəsini, həmçinin Not nəşrləri və səsyazmaları şöbəsini gəzib. Onlar müxtəlif ölkələrin ədəbiyyat guşələri, qədim və nadir nəşrlər, miniatür kitab kolleksiyası, qiymətli eksponatlar, eləcə də Petrucci Musiqi Kitabxanası ilə tanış olublar.
Nümayəndə heyətinə müəllif hüquqlarına riayət edilməklə Azərbaycan Milli Kitabxanası tərəfindən 450-dən artıq not nəşrinin bu beynəlxalq rəqəmsal musiqi kitabxanasına daxil edildiyi nümayiş etdirilib.