19 Noyabr – Dünya Qadın Sahibkarlığı Günüdur. Bu münasibətlə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) və Azərbaycan HR İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda Qadın Sahibkarlığının İnkişafı Sammiti (“Women’s Entrepreneurship Summit 2025”) keçirilib.
Hafta.az xəbər verir ki, tədbirin məqsədi Azərbaycanda qadın sahibkarlığının rolunun artmasına, yeni nəsil qadın liderlərin formalaşmasına və qadınların biznes ekosistemində dayanıqlı inkişafı üçün real imkanlar yaratmağa dəstək olmaq, bu sahədə indiyədək dövlət-özəl əməkdaşlığı çərçivəsində görülən tədbirlərlə bağlı fikir mübadiləsi aparmaq olub.
Sammitin açılışında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Milli Məclisin deputatı Vüqar Bayramov, Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov və şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova çıxış ediblər. AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva tədbir iştirakçılarına videomüraciət ünvanlayıb.
Tədbir çərçivəsində sahibkarlıqda innovasiya, rəqəmsal transformasiya, insan kapitalının inkişafı, liderlik və qlobal trendlər mövzularında panel müzakirələr, praktik sessiyalar və şəbəkələşmə imkanları təqdim edilib.
İlk panel müzakirədə müxtəlif sektorlardan qadın liderlər öz təcrübələrini bölüşüblər. Müzakirələrdə qadınların rəhbərlikdə rolu, beynəlxalq əməkdaşlıq imkanları və yeni biznes reallıqları diqqət mərkəzində olub.
“İnnovasiya, investisiya və təsir gücü: Qadınlar innovativ iqtisadiyyatın ön cəbhəsində” panelində qadınların innovasiya ekosistemində rolu, startap mühiti, rəqəmsal iqtisadiyyat və data yönümlü qərarvermədə iştirakları müzakirə olunub. Ekspertlər innovativ biznes modellərinin qurulması, ekosistemdə qadın iştirakının artırılması və investisiya imkanları haqqında çıxış ediblər.
Sonuncu panel müzakirədə isə iştirakçılar şirkətlərin dəyər əsaslı idarəetmə modelinə keçidi, korporativ rifah, gender bərabərliyi və HR sahəsində qlobal tendensiyalardan bəhs ediblər.
“WE Impact Awards 2025” çərçivəsində qadın sahibkarlığının inkişafına töhfə verən şəxslər və təşkilatlar mükafatlandırılıb.
“Biz birlikdə daha güclüyük” şüarı altında keçirilən sammit iştirakçılara geniş şəbəkələşmə imkanı təqdim edib, müxtəlif biznes platformaları arasında yeni əməkdaşlıqların qurulmasına şərait yaradıb. /azertag/