Kibertəhlükələr və kibercinayətkarlıq qlobal çağırışlardan birinə çevrilib - Deputat

14:06 04.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

XXI əsrdə rəqəmsal texnologiyaların sürətli inkişafı ilə yanaşı, kibertəhlükələr və kibercinayətkarlıq da qlobal çağırışlardan birinə çevrilib. Bu baxımdan Azərbaycanın beynəlxalq və milli səviyyədə atdığı addımlar xüsusi əhəmiyyət daşıyır.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə Komitəsinin sədri Arzu Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən Bakıda keçirilən “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı deyib.

Hüquqi bazanın möhkəmləndirilməsinin qanunvericilik səviyyəsində vacib məsələ olduğunu diqqətə çatdıran Komitə sədri fikirlərinə belə davam edib:

“Beynəlxalq çağırışlara qoşularaq Azərbaycan BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasının hazırlanması və qəbul edilməsi prosesində aktiv iştirak və mühüm beynəlxalq hüquqi təşəbbüsə dəstək nümayiş etdirən, Milli Məclis səviyyəsində ratifikasiya edən ilk dövlətdir. Həmin Beynəlxalq Konvensiya kibercinayətkarlıqla mübarizə sahəsində ilk qlobal və hüquqi cəhətdən məcburedici beynəlxalq çərçivədir. Sənəd dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə, elektron sübutlarla bağlı prosedurların vahid prinsiplər əsasında tənzimlənməsinə və transmilli kibercinayətlərin daha effektiv araşdırılmasına imkan yaradır. Eyni zamanda, BMT Konvensiyası MDB ölkələri üçün ilk dəfə vahid qlobal platforma yaradır və Budapeşt Konvensiyası ilə müqayisədə daha geniş regional təmsilçilik təmin edir. Konvensiya 74 dövlət tərəfindən imzalanıb.

Qeyd etmək istərdim ki, Konvensiyanın hazırlanmasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi başda olmaqla Milli Kibertəhlükəsizlik Mərkəzinin əməkdaşları bilavasitə iştirak ediblər. Konvensiyanın ratifikasiyası ölkəmizin təhlükəsizlik və hüquq-mühafizə orqanlarının imkanlarını daha da gücləndirir. Xüsusilə təxirəsalınmaz beynəlxalq əməkdaşlıq mexanizmlərinin tətbiqi kibercinayətlərə operativ reaksiya verilməsini, cinayətkarların müəyyən edilərək məsuliyyətə cəlb olunmasını və rəqəmsal mühitdə təhlükəsizliyin təmin edilməsini operativləşdirir və asanlaşdırır".

Deputat bildirib ki, Azərbaycan rəqəmsal təhlükəsizlik, kibercinayətkarlıqla mübarizə və süni intellekt sahəsində yaranan yeni risklərin qarşısının alınması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Həmin siyasət həm milli təhlükəsizliyin möhkəmləndirilməsinə, həm də ölkəmizin beynəlxalq rəqəmsal əməkdaşlıq mühitində etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsinə mühüm töhfə verir.