“Qarabağda talançılıqla bağlı beynəlxalq hüquq da bizim tərəfimizdədir” - Hüquqşünas

17:01 02.11.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının işğal olunmuş Laçın, Kəlbəcər və digər işğal olunmuş rayonların ərazilərində erməni əsilli xarici dövlətlərin vətəndaşları olan şəxslərin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları üzrə Baş Prokurorluğunun İstintaq idarəsində 21.10.2015 və 30.03.2018-ci il tarixlərdə Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci maddələri ilə (dövlət sərhədini qanunsuz keçmə) cinayət işləri başlanıb.

Baş Prokurorluğunun mətbuat xidmətindən  verilən məlumata görə, həmin cinayət işlərindən biri – işğal olunmuş, lakin Milli Ordumuzun uğurlu əməliyyatları nəticəsində son günlərdə işğaldan azad olunmuş Zəngilan rayonunun Vejnəli kəndi ilə bağlı olub. Belə ki, istintaq zamanı Baş Prokurorluğun İstintaq idarəsinin qərarı əsasında Vergilər Nazirliyi tərəfindən müəyyən edilib ki, Zəngilan rayonu Vejnəli kəndində əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edən İsveçrə Konfederasiyasında rəsmi qeydiyyatdan keçmiş “Vallex Group” şirkətlər qrupunun filialı olan «Base Metals» Qapalı Səhmdar Cəmiyyəti 2009-2017-ci illər ərzində cəmi 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə edib. Qeyd edilən cinayət faktları ilə əlaqədar “Vallex Group” şirkətlər qrupunun maliyyə investoru, İsveçrə Konfederasiyasının vətəndaşı Vartan Sirmakes və rəhbəri Valeriy Mejlumyan, o cümlədən həmin şirkətlər qrupuna daxil olan “Base Metals” QSC-nin icraçı direktoru Artur Mkrtumyan Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində məhkəmənin müvafiq qərarları ilə qiyabi həbs seçilməklə istintaq orqanı tərəfindən beynəlxalq axtarış elan edilib.

Həmin cinayət işi üzrə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş ziyanın məbləğinin dəqiqləşdirilməsi və digər istintaq üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə 30.10.2020-ci il tarixdə işğaldan azad olunmuş Vejnəli kəndində yerləşən uzun illər ərzində istismara məruz qalmış qızıl yataqlarının yerləşdiyi əraziyə hadisə yerinə baxış da daxil olmaqla digər zəruri istintaq hərəkətləri həyata keçirilir.

Həmçinin, cinayət işi üzrə Baş Prokurorluq tərəfindən zəruri istintaq hərəkətlərinin icrası məqsədi ilə İsveçrə Konfederasiyasının səlahiyyətli dövlət orqanlarına beynəlxalq hüquqi yardımın göstərilməsi haqqında vəsatətlə müraciət olunub.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, Ermənistan tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş və artıq işğaldan azad edilmiş ərazilərimizdə qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərin milli və beynəlxalq qanunvericilik əsasında məsuliyyətə cəlb olunmaqla sanksiyaların tətbiq edilməsi məqsədi ilə beynəlxalq hüquq normaları çərçivəsində bütün mümkün olan tədbirlərin görülməsi təmin ediləcək.

Bəs, görəsən, Azərbaycanın təbii sərvətlərini qanunsuz şəkildə istismar edən şəxsləri və şirkətləri hansı cəza gözləyir? Azərbaycan tərəfinə dəymiş ziyanın tam şəkildə ödənilməsini təmin etmək mümkündürmü?

Məsələni hafta.az-a şərh edən hüquqşünas Əlməmməd Nuriyev bildirib ki, Azərbaycan tərəfi talançı şəxs və şirkətləri beynəlxalq məhkəməyə vermək hüququna malikdir:

“Onların cinayət məsuliyyətinə cəlb edilməsi məsələsində beynəlxalq hüquq da bizim tərəfimizdədir. Çünki Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisidir. Dağlıq Qarabağ və işğal olunmuş bütün ərazilərimizdə qanunsuz fəaliyyət göstərən istənilən şirkətin fəaliyyəti qadağandır. Ona görə ki, onlar Azərbaycan hökümətindən icazə almalı və Azərbaycanın müvafiq qurumlarında qeydiyyatdan keçməlidirlər. Yəni, Azərbaycanın qoyduğu qanunlara tabe olub, fəaliyyət göstərməlidirlər. Lakin onların hazırki fəaliyyəti qanunsuz sahibkarlıqdan ibarətdir. Eyni zamanda, dövlətə ödənməli olan külli miqdarda vəsaitdən yayınıblar. Digər tərəfdən, texniki normaların fəaliyyətinə düzgün əməl edilməyib. Azərbaycanın həmin şirkətlərlə bağlı iddia qaldırması mümkündür”.

Ekspert vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən şirkətlərin həm də beynəlxal imici zədələnir: “Bu şirkətlər və onlara rəhbərlik edən şəxslər fakt odur ki, indiyədək oğurluqla məşğul olublar. Halbuki həmin şirkətlər dunyaca məşhur qurumlardır və beynəlxalq qanunvericiliyi yaxşı bilirdilər. Deməli, Azərbaycanın təbii sərvətləri məqsədli şəkildə talan edilib. Ona görə də Azərbaycan tərəfi bu məsələdə bir necə üzrə istintaq araşdırması aparır. Burada çoxsaylı cinayətlərin əlamətləri var. Söhbət həm dəymiş ziyanın ödənilməsindən, həm də həmin şirkətlərin qeyri-qanuni hərəkətlərinə görə cinayət məsuliyyətinə cəlb edilməsindən gedir. Eyni zamanda, həmin şəxs və şirkətlər beynəlxalq aləmdə oğru kimi qara siyahıya düşəcəklər. Çünki beynəlxalq qanunvericilikdə də işğal olunmuş ərazilərdə hər hansı bir tikinti işlərinin aparılmasının, hər hansı istismar işlərinin, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin yolverilməzliyi qeyd olunur. Ümumiyyətlə, müharibənin başa çatması ilə bağlı çoxsaylı hüquqi proseslər baş verəcək və cinayətkarlar cəzasız qalmayacaq”.