Qazaxıstan Respublikası Prezidentinin mətbuat katibi Nurməhəmməd Bayqarayev səhhətinə görə vəzifəsini tərk edib.
Hafta.az-ın yazdığına görə, cənab Bayqarayev bu barədə özünün facebook səhifəsində məlumat yayıb.
“Dünən səhhətim ağırlaşdıqdan sonra həkimlərin müayinəsindən keçməli oldum. Tam müayinədən sonra xəstəliyin əlaməti qeyd edildi. Həkimlər dərhal uzunmüddətli müalicəyə başlanılmasını, ən əsası isə uçuşların müəyyən müddətə dayandırılmasını tələb ediblər. Məlumdur ki, tibbi tələb mənim hazırkı xidmətimə tamamilə mane olur”, – Nurməhəmməd Bayqarayev öz səhifəsində yazıb.
O, bunu gözləmədiyini və ötən həftə təyin olunduğu vəzifədə işə başlamağa hazır olduğunu etiraf edib.
“Ancaq “sağlamlıq birinci sərvətdir” deyirlər. Ona görə də qərara gəldim ki, hansı iş olursa olsun, etməli olduğum ilk şey tamamilə sağalmaqdır. Bununla bağlı mən indi Prezidentin mətbuat katibinin fəaliyyətini dayandırmalı olacam. Rəhbərlik vəziyyəti qəbul etdi. Anlayışlarına görə hər kəsə təşəkkür edirəm”, - deyə Nurməhəmməd Bayqarayev sözlərini yekunlaşdırıb.