Qərbin sanksiya təhdidi, Bakının enerji kartı - TƏHLİL

10:53 12.10.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, oktyabrın 5-də Avropa Parlamentinin (AP) deputatları Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasına, Bakı ilə əməkdaşlığa yenidən baxılmasına və Azərbaycan qazından asılılığın azaldılmasına çağıran qətnamə qəbul edib. Qətnamənin lehinə 491, əleyhinə 9 deputat səs verib. Daha 36 deputat bitərəf qalıb, 169 deputat səsverməyə qatılmayıb.

Qətnamə Avropa İttifaqı rəhbərliyini Azərbaycanla partnyorluq barədə sazişə dair danışıqları dayandırmağa çağırıb. Qətnamədə qeyd olunur ki, Avropa İttifaqı Azərbaycan qazından asılılığını azaltmalı, Bakı və Yerevan arasında münasibətlər yenidən gərginləşərsə, bu ölkədən neft və qaz idxalını tam dayandırmalıdır.

Oktyabrın 5-də isə "Politico" nəşri yazıb ki, Avropa İttifaqının Bakıya qarşı sanksiyalar tətbiq etməsi ehtimalı azdır. Nəşr səbəb kimi Aİ-nin Azərbaycandan təbii qaz tədarükündən asılı olması göstərilir. 

Macarıstanın Baş naziri Viktor Orban da mətbuata açıqlamasında deyib ki, Azərbaycan enerji asılılığının aradan qaldırılmasında həlledici ölkədir. Baş nazir qeyd edib ki, Azərbaycan olmadan Rusiyadan enerji müstəqilliyinə nail olmaq mümkün deyil: “Macarıstan artıq qaz tədarükü ilə bağlı Bakı ilə müqavilə imzalayıb”.

Viktor Orban qeyd edib ki, cənub enerji dəhlizi (cənub qaz dəhlizi – red.) Macarıstan üçün həlledici əhəmiyyət kəsb edir. Onun təhlükəsizliyinin təmin edilməsi prioritetdir.

Əslində, Macarıstanın hökumət rəhbərinin də dediyi kimi, Azərbaycan hazırda Avropa üçün önəmli tərəfdaşdır. Azərbaycan olmadan bu qitənin enerji müstəqilliyinə nail olması qeyri-mümkündür. Son illər Avropa İttifaqı ilə Azərbaycan arasında reallaşdırılan və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrə nəzər salsaq, bunu daha aydın görmək olar. Bu gün enerji və digər iqtisadi layihələrin reallaşması nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövləti statusunu qazanıb. Nəticədə respublikamız Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilib. Məsələn, cənub qaz dəhlizinin reallaşması, bütövlükdə, Avrasiya regionunun enerji xəritəsində mühüm dəyişikliklərə səbəb olub. Prezident İlham Əliyevin liderliyi ilə həyata vəsiqə alan bu enerji dəhlizi ilə Xəzərdə hasil olunan təbii qaz tarixdə ilk dəfə alternativ marşrutla Avropa bazarlarına çatdırılıb. Hazırda Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya kimi dövlətlər Azərbaycan qazının alıcılarıdır.
Ötən il iyulun 18-də Bakıda imzalanan "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" enerji sahəsində genişlənən əməkdaşlığın göstəricisidir. 
Azərbaycan Avropaya 2021-ci ildə, təxminən, 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr təbii qaz ixrac edib. Bu il isə Avropaya ixrac həcminin 24,5 milyard kubmetr olması gözlənilir. Eyni zamanda, TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi də müzakirə mövzularıdır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da hesab edir ki, son baş verən proseslər neft və qaz sektorunda Azərbaycanın Avropayla münasibətlərinə təsir etməyəcək: "Avropa Parlamentində qəbul edilən 22 bənddən ibarət qətnamə Macarıstan tərəfindən bloklanıb. Hətta Makron belə bu sanksiyaların əleyhinə çıxıb. Azərbaycanla Avropa Birliyinin əlaqələrini genişləndirmək lazımdır ki, beynəlxalq təşkilatların nəticə çıxarmaq üçün doğru analiz edə bilsinlər”.

Mövzu ilə bağlı iqtisadi-ekspert Natiq Cəfərli bildirib ki, bu addım Azərbaycan üçün heç bir təhlükə yaratmır: "Müxtəlif siyasətçilərin, qərarvermə səlahiyyəti olmayan deputatların bu cür absurd bəyanatları ümumi qərarlara təsir edəcək səviyyədə deyil. Azərbaycan elə bir iş görməyib ki, ona qarşı hər hansı bir sanksiyalar olsun. Artıq bu məsələ gedərək Qərbdə də marginallaşmış bir mövqe kimi təqdim olunur. Bu gün Azərbaycana qarşı sərt mövqeyi ilə bilinən Makron belə Azərbaycana qarşı sanksiyaların mənasız olduğunu söyləyib”.

Ekspert vurğulayıb ki, Rusiya qazından və neftindən imtina edən Avropa üçün Azərbaycanın enerji daşıyıcıları indi çox önəmli rol oynayır. Onun sözlərinə görə, əsasən də cənubi Avropa və şərqi Avropa ölkələri üçün Azərbaycan həll edici xarakter daşıyır.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Avropa Parlamenti mütamadi olaraq qərəzli qərarlar qəbul edir: “Avropa Parlamentinin qəbul etdiyi qətnamələr işlək bir mexanizm deyil. Kifayət qədər qərəzlidir. Avropa Parlamentinin bizə qarşı mütamadi qərəzli mövqeyini müşahidə edirik. Azərbaycan torpaqlarının işğal altında olduğu 30 il müddətində 1 milyona yaxın qaçqınımızın olduğu dövrdə Avropa Parlamentinin bir dəfə də olsun, qətnamə qəbul etdiyini və ya Ermənistana çağırış etdiyini görmədik. Amma bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyi bir dövrdə belə qərəzli qətnamələri qəbul etdiyini müşahidə edirik”.

Deputat qeyd edib ki, Avropanın Azərbaycandan qaz alışını dayandırması real görsənmir. Onun sözlərinə görə, Avropanın bir sıra dövlətləri hətta Fransa belə bunu açıq şəkildə bəyan edib: “Çünki nəzərə alsaq ki, Avropanın Azərbaycan enerjisinə ehtiyacı var. Digər tərəfdən çox qərəzli səbəbdən Azərbaycandan idxaldan imtina əslində bu nə beynəlxalq, nə də Avropa prinsiplərinə uyğun deyil. 2027-ci ildən etibarən Azərbaycan Avropaya alternativ mənbələrdən əldə edilən enerji nəql edəcək. Ona görə də düşünürəm ki, birmənalı şəkildə Avropa parlamentinin qəbul etdiyi qətnamə növbəti kağız parçalarından biridir. Bu Azərbaycan Avropa İttifaqı münasibətlərinə hər hansı ciddi xələl gətirmək gücünə malik olamamaqla yanaşı, Azərbaycan Avropa arasında enerji əməkdaşlığına təsir göstərməyəcək”.