Qətərin keçmiş baş nazirinin 90 milyon dollarlıq brilliantını köməkçisi oğurlayıb

12:00 13.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dekabrda Nyu-Yorkdakı “Christies” hərrac evində satışa çıxarılan təxminən 35 milyon dollar dəyərində 13,15 karatlıq çəhrayı almazın Qətərin keçmiş baş naziri Şeyx Həməd bin Casim bin Cabir əl-Taniyə məxsus olduğu üzə çıxıb.

Hafta.az-ın “Vice News”a istinadən yazdığına görə, əs-Saninin cəmi 90 milyon dollar dəyərində zinət əşyası oğurlandığı, bu hadisənin məxfi qalması üçün bəzi insanlara pul ödənildiyi də bəlli olub.

Şeyx Həməd bin Casim əl-Taninin qızıl-zinət əşyalarının oğurlanmasının arxasında onun şəxsi köməkçisinin dayandığı anlaşılıb.

ABŞ-da açılan iddiada Maqdalena adlı köməkçi 2019-cu ildə psixologiya və sevgi mövzusunda “psixi” xidmətlər göstərən “Purple Garden” saytına üzv olub. Qısa müddət ərzində saytda Covanni adlı "mütəxəssis məsləhətçi" ilə tanış olan Maqdalena, bu şəxsdən 4 il ərzində "pis enerjini qovmaq" kimi mövzularda məsləhətlər alıb.

İttiham tərəfinin sadəcə sadəlövh qurban kimi qiymətləndirdiyi Maqdalena, 2022-ci ilin aprelindən sonra üç ay ərzində heç vaxt üz-üzə görüşmədiyi Covanniyə “pis ruhlardan təmizlənmək üçün” əl-Taniyə məxsus 17 ədəd zinət əşyası göndərib.

Bu illər ərzində Maqdalenadan 150 min dollar haqq alan Covanni zinət əşyalarının “təmizlənməsi” üçün də əlavə 50 min dollar almağı bacarıb.

Əvvəlcə daş-qaşları qaytarmaqdan imtina edən Covanni Maqdalena ilə avqustun sonunda Kannda görüşməyə söz versə də, gəlməyib. Aldadıldığını anlayan Maqdalenaya son mesajında ​​Covanni "Xahiş edirəm dayan, nə danışdığını anlamıram. Sənə ekstrasens yox, psixoloq lazımdır. Xahiş edirəm məni narahat etməyi dayandır" deyib.

16 karatlıq orijinalın tanınmaması üçün 13,15 karata endirilən çəhrayı almaz “Christies”də hərraca çıxarılarkən almaz alverçilərindən biri tərəfindən tanınıb.

FTB noyabrın 22-də əsl adı Con Li olan Covanni, eləcə də qalan pul və zinət əşyalarının əhəmiyyətli hissəsini ələ keçirib.