Qəzalı evlərin bərpası ilə bağlı xüsusi proqram hazırlanıb. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə çıxışı zamanı bildirib. O qeyd edib ki, ötən həftə Baş nazir Əli Əsədovun sədrliyi ilə bu məsələyə həsr olunmuş müşavirə keçirilib: “Yaxın zamanlarda bu istiqamətdə əməli addımlar atılacaq".
Bəs, görəsən, qəzalı binalarla bağlı məsələ həllini necə tapmalıdır? Bu istiqamətdə hansı təcrübədən istifadə olunmalıdır? Mövcud mənzil balansında qəzalı binaların çəkisi nə qədərdir?
Məsələyə münasibət bildirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, mənzil balansında qəzalı binalarla yanaşı artıq istismar müddətini bitirmiş binalar da kifayət qədərdir:
“Məsələn, Bakı şəhərinin Baş planı sonuncu dəfə 1986-cı ildə hazırlanıb. Ötən vaxt ərzində paytaxt əhalisi üç dəfəyə qədər artıb. Zamanında müəyyən normativlərlə qorunan binalararası məsafələr, yaşıllıqlar, parklar və sair ərazilər bu gün çoxmənzilli yeni yaşayış binaları və müxtəlif obyektlərlə əvəzlənib. Bu zaman tikinti norma və prinsipləri tamamilə pozulub. Fövqaladə Hallar Nazirliyi tərəfindən artıq yüzlərlə bina qəzalı kimi qeydə alınıb. Lakin bütün binalar üzərində yoxlamalar aparılarsa, qəzalı binaların sayı daha çox olacaq. Hazırda Bakı və Abşeron ərazisində minlərlə istismar müddətini bitirmiş köhnə çoxmənzilli yaşayış binası var. Bu binaların yaşını uzatmaq ciddi məbləğdə pul tələb edir. Bununla yanaşı, paytaxtın tam mərkəzində yerləşən 2, 3 və 4 mərtəbəli yaşayış binalarını sökərək yerində çoxmənzilli, hündürmərtəbəli yeni bina inşa etmək qeyri-mümkündür. Həmin ərazilərdə standartlara uyğun olaraq avtoparkinq, istirahət guşəsi, iaşə obyektləri və sair yaratmaq üçün yer yoxdur. Məhz buna görə də həmin binaların alınmasına, sökülməsinə tikinti şirkətləri maraq göstərmirlər. Paytaxt ərazisində sökülən binalar, əsasən, Yasamal, Binəqədi, Nəsimi, Nərimanov rayonlarındakı “Xruşşovka”, almanlayihəli binalardır. Bu binaların ərazisində yeni hündürmərtəbəli binaları yerləşdirmək mümkündür”.
O bildirib ki, hazırda həmin binalar tədricən pilot layihələr üzərindən sökülür və tədricən tikilir: "Bu proses davam edir. Ümumi götürsək, istismar müddətini başa vuran binalar qəzalı deyil, ömrünü başa vurmuş binalardır. Paytaxtda qəzalı binaların da sayı kifayət qədərdir. Belə binalar ən qısa zamanda sökülməli, yaxud söküləcəyi günədək həmin binalarda təmir-bərpa işləri aparılmalıdır. Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə 2016-cı ildən Bakıda istismar müddətini bitirmiş binaların sökülməsi, yeni binalarla əvəzlənməsi prosesinə başlanılıb. Həmin ildən bəri Bakıda çox sayda bina sökülüb və yeniləri tikilərək vətəndaşlara təhvil verilib".
E.Fərzəliyev deyir ki, belə binalar dövlətin hansısa qurumu tərəfindən deyil, əsasən, bina tikən şirkətlər tərəfindən sökülür: "Tikinti şirkətləri də belə yerdə bina tikəndə, əsasən, alıcı qüvvəsinə, həyətyanı sahənin böyüklüyünə və binada sakin sayının azlığını əsas götürürülər. Bəzi hallarda sakinlər tərəfindən də tikinti şirkətlərinə qarşı müəyyən problemlər yaradılır. Çox vaxt biz görürük ki, sakinlər şirkətdən daha böyük mənzil tələb edirlər. Bu da uzunmüddətli qalmaqala və tikintinin gecikməsinə gətirib çıxarır. Belədə də tikintinin sökülməsinin yubanması baş verir. Binanı sökən və həmin binada mənzili olan şəxslərlə bağlı qanun layihəsi hazırlanmalıdır."
Ekspertin sözlərinə görə, qəzalı binaları sökən tikinti şirkətləri üçün də müəyyən güzəştlər tətbiq olunmalıdır ki, işlər yubanmasın: "Belə ki, həmin şirkətlərə müəyyən vergi güzəştləri edilməli, ipoteka kreditləri ayrılmalıdır. Amma bütün hallarda binaların hamısı qısa vaxt ərzində sökülməməli, həmin binalara vaxtında xidmət olunmalıdır. Yəni sökülən yerlər düzəldilməli, tələb olunan xərclər qoyularaq söküləcəyi müddətə qədər ömrü uzadılmalıdır. Bina sökülənə qədər oradakı təhlükələr aradan qaldırılmalıdır. Əgər təhlükə aradan qaldırılacaq kimi deyilsə, bu halda sakinlər köçürülməlidir. Hazırda qəzalı vəziyyətdə olan binalarda təmir işləri vaxtında aparılsaydı, problemin qarşısını almaq daha asan olardı”.
E.Fərzəliyev həmçinin deyib ki, bu gün təkcə paytaxtda 11 min istismar müddətini bitirmiş bina var: “Ümumi götürsək, 2000-ci ildən bu günə Bakıda iki minə qədər də yeni tikili bina inşa edilib. Maksimum 15 min də digər binalar var”.
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə qeyd edib ki, söküntü işlərinə başlamazdan öncə ilk növbədə həmin tikililərin hansının qəzalı olub, hansının istismara yararlı olması müəyyənləşdirilir. Bundan sonra onların sökülməsi, utilizasiyası və digər istiqamətlərlə bağlı qərarlar qəbul olunur:
“Bir müddət əvvəl pilot layihələr var idi. Sonradan həmin layihələr dayandırıldı, pilot layihələri başqa layihələr əvəz etdi. Hökumət yenidən həmin istiqamətə qayıtmaq barədə müəyyən müzakirələr aparır. Bəlkə də adı pilot layihə olmayacaq, amma prioritet ondan ibarətdir ki, Bakı şəhərində qısa müddətdə şəhərsalma tədbirləri sürətləndirilsin və köhnə yaşayış fondu yenilənsin. Bura “xruşşovka” binaları ilə yanaşı, 60-cı illərədək inşa olunmuş “italyan”, “Minsk”, “stalinka” layihələri və s. daxildir. Həmin layihələrin tədricən sökülüb sıradan çıxması, orada yaşayan insanların məskunlaşması məsələsi müzakirə obyektidir. Yəqin ki, müzakirələrin gedişatı və nəticələri barədə məlumat veriləcək. Bildiyim qədər, Türkiyədə baş verən zəlzələlərdən sonra hökumət şəhərsalma tədbirlərində boş ərazilərə, torpaq sahələrinə deyil, qeyd etdiyimiz istiqamətlərə diqqətin artırılması barədə müvafiq icra hakimiyyətlərinə göstəriş verib”.
Ekspert vurğulayır ki, məsələnin tam həllini tapacağı vaxtla bağlı proqnoz vermək çətindir: “Bizim təklifimiz ondan ibarətdir ki, bu istiqamətdə fəaliyyət göstərən tikinti şirkətlərinə, investorlara müəyyən imtiyazlar verilsin. Söhbət yerli investorlardan gedir. Bunlar baş vermədikcə biz bazarda 5-10 şirkətin fəaliyyətini müşahidə edəcəyik ki, bu da həmin ərazilərin 3-5 il ərzində sökülüb yenilənməsi üçün yetərli deyil. İşlərin daha sürətli şəkildə həyata keçirilməsinin təmin olunması məqsədilə hətta lazım olarsa, bu investisiya proqramına qoşulan tikinti şirkətlərinə müəyyən vergi və digər güzəştlər tətbiq etmək olar. Müəyyən zamanlarda xarici investorların bazarda iştirakını müşahidə etmişik. Hesab edirəm, bu, ümumi bazar üçün yetərli deyil. Onların sayı həddindən artıq az olub. Xarici investorların çox olması ölkəyə pul axınını artıra bilər, tikinti sektorunda rəqabətin güclənməsinə, şəhərsalma tədbirlərinin sürətlənməsinə gətirib çıxara bilər, məşğulluğun artmasına töhfə verə bilər. Eyni zamanda bazarda qiymətin optimallaşmasına gətirib çıxara bilər”.