Qurban bayramı münasibətilə 979 məhbus amnistiyaya düşdü

14:20 10.07.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mərakeş kralı VI Məhəmməd Qurban bayramı münasibətilə ölkənin müxtəlif məhkəmələrində haqlarında hökm çıxarılmış, eləcə də saxlanılan və ya şərti azadlığa buraxılan ümumilikdə 979 nəfərə amnistiya elan edib.

Hafta.az-ın yazdığına görə, amnistiyaya həmçinin terrorizm və ekstremizm fəaliyyətlərinə qatılan 11 məhbusa da şamil edilib. 

Üç məhbusun azadlıqdan məhrumetmə cəzasının qalan hissəsi, beş məhbusun barəsində olan həbs cəzası və cərimələr qaldırılıb, iki məhbusun cəzası isə yüngülləşdirilib. Bir məhkumun ömürlük həbs cəzası müddətə dəyişdirilib.

Əfv qərarından ictimai hüquqlarla bağlı 834 məhbusun yararlandığı bildirilib. Belə ki, 9 məhbusun qalan cəzası əfv edilib, 818 nəfərin cəzası isə azaldılıb, 7 məhkumun ömürlük cəzası da müddətli həbslə əvəzlənib. Amnistiya qərarından yararlanan və məhkəməsi davam edən 134 nəfərdən 21-i əfv edilsə, daha 7 nəfərin həbs cəzası götürülsə də, onlara təyin olunan cərimələr dəyişdirilməyib. Bu arada, 104 nəfərin cəriməsinə amnistiya tətbiq edilərkən, iki nəfərin həm həbs, həm də cəriməsi amnistiyaya düşüb.

Qeyd edək ki, Mərakeş kralı VI Məhəmməd vəliəhd şahzadə Mövlayi Həsən və şahzadə Mövlay Rəşidlə Rabatda Qurban bayramı namazı qılıb.

Kovid-19 epidemiyasına qarşı görülən tədbirlər nəzərə alınaraq namaza məhdud sayda insan qatılıb. Kral VI Məhəmməd namazdan sonra qurban kəsib. Daha sonra ikinci qurban imam tərəfindən kəsilib.